Pensiya amnistiyasının tətbiqinə başlandı

Təqaüdçülərin 85-90 faizi artıq ödəmələrin geri qaytarılmasından azad olunacaq

Azərbaycanda pensiya amnistiyasının tətbiqinə başlanılıb. Bunu “Trend”ə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

O bildirib ki, pensiyaların hesablanmasında əsas səhvlər 2020-ci ilə qədər olub və pensiyaçılara artıq ödəmələr olub. “2020-ci ildən sonra avtomatlaşdırılmış pensiya təminatı genişləndiyinə görə səhv hesablamalar çox azdır. Pensiyaçıların 85-90 faizi artıq ödəmələrin geri qaytarılmasından azad olunacaq və onlara amnistiya tətbiq olunacaq. Ancaq bu amnistiyanın nə qədər pensiyaçını əhatə edəcəyi proses zaman məlum olacaq”, - deyə o əlavə edib.

Qeyd edək ki, Milli Məclis 2022-ci il dekabrın 30-da keçirilən iclasında “Əmək pensiyaları haqqında” Qanuna dəyişikliyi üçüncü oxunuşda qəbul edib.

Dəyişikliyə əsasən, artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulmasında müddətli amnistiyanın tətbiqini nəzərdə tutur. Belə ki, qaydalara əsasən, bu məbləğ əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda isə məhkəmə qaydasında tutulur. Dəyişikliklərə əsasən, yalnız son 3 il üçün ödənilmiş artıq məbləğ geri tutulacaq. Əvvəlki qanunvericiliyə əsasən isə artıq ödənilən bütün məbləğ bütün illər üzrə geri tutulurdu.

WhatsApp Image 2023-04-05 at 13.44.39.jpeg (64 KB)

Eldəniz Əmirov

İqtisadçı ekspert Eldəniz Əmirov “Yeni Müsavat”a şərhində bildirdi ki, amnistiyalar müsbət qiymətləndirilməli prosedur olsa da, mənfi tərəfləri az deyil. Ekspert hesab edir ki, pensiya, kredit və s. məsələlərlə bağlı amnistiya sonrakı mərhələdə qanun pozuntularına, məsuliyyətsizliyə stimul verir: “Hər kəs bilməlidir ki, qanunvericiliyi pozaraq atılmış istənilən addım heç vaxt bağışlanmır. Xüsusilə maliyyə, pul məsələlərində bu məqama diqqət edilir. Pensiya amnistiyası əhalinin müəyyən qismi üçün sevindirici haldır, çünki insanlar uzun illərdir aldığı və xərclədiyi vəsaiti bu gün azalmış pensiyası üzərindən yenidən ödəməlidir. Məsələn, 700 manat təqaüd almış vətəndaş artıq 500 manat alır, illərlə aldığı 200 manatı geri ödəməlidir. İlk baxışda humanist addım kimi görünsə də, sadə vətəndaşların böyük məbləğdə pensiya yazdırmaq kimi şansı olmur. Bəzi şəxslər vəzifə səlahiyyətləri çərçivəsində aldıqları  artıq təqaüdü son qəpiyinə qədər ödəməli idilər. 400 manat almalı olduğu halda, 500 manat alınmasını haradasa başa düşmək olar. Təəssüf ki, bugünkü məlumatlar bazası çərçivəsində dəqiq statistika aparmaq mümkün deyil. Mənfi və müsbət tərəflərini tərəziyə qoysaq, hazırkı qanunvericilik baxımından pensiya amnistiyasını doğru hesab edirəm”.

Ekspert qeyd etdi ki,  pensiya amnistiyasının iqtisadiyyata o qədər də ciddi təsiri olmayacaq: “Sadəcə olaraq, artıq pensiya almış şəxslərin büdcələrinə müsbət təsiri olacaq. Bu da iqtisadi aktivlik, alıcılıq qabiliyyətinin artırılmasında özünü göstərə bilər. Bunu rəqəmlərlə ifadə etmək çox çətindir. Güman edirəm ki, məbləğ çox yüksək olmadığı üçün amnistiya barədə qərar qəbul edilib”.

Yaxşı mütəxəssisləri dərhal “oğurlayıb” aparırlar” - Natiq Cəfərli

Natiq Cəfərli

İqtisadçı Natiq Cəfərli mövzunu “Yeni Müsavat”a şərh edərkən bildirdi ki, Azərbaycanda təqaüdlərin hesablanma qaydası tez-tez dəyişdiyindən sonradan bəlli olurdu ki, təqaüdçülərə artıq ödəmələr olub. O qeyd etdi ki, bir neçə dəfə hesablama qaydaları dəyişdirilmişdi, bu da qarışıqlığa səbəb olmuşdu: “Vətəndaşlara artıq ödəmələrin olduğu təsbit olunurdusa, gələcəkdə ödənəcək məbləğin bir hissəsi dövlət büdcəsinə geri qaytarılırdı. Məlum olur ki, hesablamalarda yanlışlığa yol verilibsə, amnistiya tətbiq olunması pozitiv addımdır, doğru olan da budur. Məsul şəxslər hesablamanı səhv aparıbsa, vətəndaşın günahı yoxdur. Əslində problem daha dərindir. Səhv hesablamaya görə təqaüdçülərə əvvəllər ödənmiş artıq məbləğ geri qaytarılmalıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində bu vətəndaşların və onlara ödənən məbləğin elektron bazası mövcuddur. Əgər amnistiya tətbiq olunursa, keçmişdə bu vəsaitləri geri alınan vətəndaşlara vəsaiti geri qaytarmaq daha yaxşı olar, əks halda, bərabərlik prinsipi pozulur”.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

05.04.2023 08:12
4857