Penitensiar Xidmət Turan Agentliyinin "Abzas Media"nın həbsdəki direktoru Ülvi Həsənlinin saxlandığı 1 saylı Bakı İstintaq Təcridxanasında öldürülməklə hədələndiyi barədə yayılan məlumatlarla bağlı sorğusuna cavab verib.
Penitensiar Xidmət bildirir ki, penitensiar müəssisələrdə saxlanılan məhkum və həbs edilmiş şəxslərin bütün hüquqları, o cümlədən şəxsi təhlükəsizlik hüquqları təmin olunur və qanuni mənafeləri qorunur.
"Bakı İstintaq Təcridxanasından verilən məlumata görə, hal-hazırda Ülvi Həsənli ilə eyni kamerada Səyavuş adlı şəxs saxlanılmır. Ülvi Həsənli və onun hüquqlarını müdafiə edən vəkilləri tərəfindən Penitensiar Xidmətə, eləcə də Bakı İstintaq Təcridxanasına ona qarşı qanunsuzluqlarla bağlı heç bir rəsmi müraciət və məlumat daxil olmayıb", deyə cavabda qeyd edilir.
Ülvi Həsnlıinin həyat yoldaşı Rübabə Quliyeva bildirib ki, avqustun 21-də növbəti telefon danışığında Həsənli bildirib ki, işgəncə faktları barədə yazandan sonra kamerasındakı bir nəfər ona qarşı xüsusilə təxribat xarakterli hərəkətlər edir: "Ülvi dedi ki, narkotik ittihamı ilə həbs edilən təxminən 60 yaşlı Siyavuş adlı bir şəxs bu məsələdən sonra xüsusilə onunla dava salmağa çalışır, ona durduğu yerdə hücum edir. Hətta bir neçə dəfə cibindən kəsici alət çıxararaq Ülvini hədələyib".
Quliyeva qeyd edib ki, Ülvi Həsənli məsələdə təcridxana rəhbərliyinin işirakı olduğunu düşünür: "Həmin adam barəsində yekun məhkəmə hökmü çıxarılsa da, hələ də həbsxanaya köçürülmür, təcridxanada saxlanılır. Ülvi hesab edir ki, Siyavuş adlı bu şəxsi ona qarşı təxribat yaratması üçün orada saxlayırlar".
Jurnalistin həyat yoldaşı bildirib ki, məsələ ilə bağlı həm Ülvi Həsənli, həm vəkili Zibeydə Sadıqova təcridxana rəisinə, rəis müavininə 10 gündən çoxdur şikayətlərini ünvanlasalar da, heç bir tədbir görülməyib: "Ombudsman Aparatının, Penitensiar Xidmətin dərhal bu işi araşdırmasını, Ülvinin təhlükəsizliyini təmin etməsini tələb edirəm".//Turan.az