Son günlərdə paytaxtda bəzi yerlərdə ət qıtlığı ilə bağlı narahatlıq yaranıb. Nizami rayonunda yaşayan sakinlər qeyd edir ki, bir gündə bir neçə ət dükanın boş görüblər: “Metronun Qara Qarayev stansiyasının yanında da bir neçə qəssabdan soruşduq, dedilər ət qalmayıb. Həmişə günorta saatlarında ət bol olardı, indi qəhətə çıxıb”, - deyə paytaxt sakini əlavə edib.
Qəssablar isə qıtlığın səbəbini qiymət artımı ilə əlaqələndirirlər. Onlar qeyd edirlər ki, qiymət artımı satışa təsir göstərib. Bu səbəbdən də indi daha az ət kəsilir. Ümumiyyətlə, son günlər ətin qiymətində də bahalaşma müşahidə edilir. Belə ki, əvvəllər ətin qiyməti bir il əvvəl 15-16 manat idisə, indi 20 manat olub. Quzu ətinin qiymətinin isə 19-21 manat arasında dəyişdiyi bildirilir.
Yeri gəlmişkən, 2024-cü ilin yanvar-iyul aylarında Azərbaycana 30 min 722 ton ət idxal edilib. Dövlət Gömrük Komitəsinin statistikasına görə, bu həcmdə ətin dəyəri 68 milyon 543 min ABŞ dollar təşkil edib. Bunlar ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 6 min 490 ton (26,7 faiz), dəyər baxımından isə 21 milyon 602 min ABŞ dolları (46 faiz) çoxdur. 2023-cü ildə Azərbaycana 86 milyon 739 min dollar dəyərində (148 milyon manat) 41 708 ton ət idxal olunub. Ət idxalı dəyər ifadəsilə 2.9% artıb, miqdar ifadəsilə 6.4% azalıb. 2022-ci ildə Azərbaycana 84 milyon 264 min dollar dəyərində 44 573 ton ət idxal olunub. 1 ton ətin gömrük rəsmiləşdirilməsi qiyməti 1890 dollardan 2080 dollara çatıb (190 dollar artım). Hesabat dövründə ət idxalı Azərbaycanın ümumi idxalının 0.50%-ni təşkil edib.
Hazırda ət idxal etdiyimiz əsas ölkələr Rusiya, Gürcüstan və Qazaxıstandır.
Azərbaycan ət və ət məhsullarının istehsalı getdikcə azalır. Belə ki, 2023-cü ildə quş əti də daxil olmaqla diri çəkidə 647,7 min ton ət, 2284,0 min ton süd, 2188,2 milyon ədəd yumurta, 15,1 min ton yun, 357,0 ton barama istehsal olunub. Dövlət Statistika Komitəsinin xəbərinə görə, 2022-ci illə müqayisədə ət istehsalı 3,1 faiz, süd istehsalı 0,9 faiz, yumurta istehsalı 8,4 faiz, barama istehsalı 4,6 faiz artıb, yun istehsalı isə 3,9 faiz azalıb. 2023-cü ildə hər inək və camışdan orta hesabla 1746 kiloqram (2022-ci ildə 1731 kq) süd sağılıb. Bundan əlavə, DSK-nın məlumatında qeyd olunur ki, ilkin məlumatlara əsasən 2024-cü il yanvarın 1-dək ölkə üzrə 7081,6 min baş qoyun və keçi, 2502,4 min baş iribuynuzlu mal-qara, o cümlədən 1235,5 min baş inək və camış mövcud olub. İribuynuzlu mal-qaranın 49,4 faizini inək və camışlar təşkil edir.
Eyyub Kərimli
İqtisadçı-ekspert Eyyub Kərimli mövzu ilə bağlı “Yeni Müsavat”a deyib ki, ət qıtlığı mağazaların, ya da ət satışı məntəqələrinin təchizatını düzgün qurmaması ilə bağlıdır: “Tələbatın düzgün qiymətləndirməməsindədir. Ətə tələbat artdığından təchizatda da problemlər yaranıb. Toylar mövsümü başlayıb, ətə tələbatı artırıb. Digər tərəfdən, iribuynuzlu mal ətinin istehsalı da, sayı da azalıb. Bu da sözsüz ki, qiymət artımına təsir edir. Həmçinin ölkəyə mal ətinin idxalı artıb. Bu da qiymət artımına kəskin təsir edir. Bununla bağlı iribuynuzlu heyvanlarla məşğul olan şəxslərə ciddi ehtiyac var. Örüş yerlərinin artırılması və yemin ucuzlaşması üçün müvafiq qurumlar güzəştlər həyata keçirməlidirlər. Yemin əlavə dəyər vergisindən azad olunması müsbət təsir edərdi. Bu gün fərdi təsərrüfatlarda da heyvanların sayı azalır. Hamısı daha çox şəhərə üz tutur. Bu da iribuynuzlu və xırdabuynuzlu heyvanların istehsalına mənfi təsir göstərir. Bütün bunlar üçün kompleks tədbirlər həyata keçirilməlidir. Müxtəlif güzəştlər və stimullaşdırıcı tədbirlər həyata keçirilməlidir ki, insanların marağı artsın. Həm fermerlər üçün, həm də kənd yerlərində müəyyən stimullar tətbiq etmək lazımdır. Bu ətin qiymətinin aşağı düşməsinə səbəb ola bilər. Ümumiyyətlə, dünyada ətin qiymətində müəyyən bahalaşma müşahidə olunur. Bu amil ölkəmizə də təsir edir, çünki bu sahədə idxaldan asılıyıq”.
Akif Nəsirli
İqtisadçı ekspert Akif Nəsirli isə qeyd edir ki, 2023-cü ildə ölkədə 7,2 milyon baş qoyun və keçi, 2,5 milyon baş iribuynuzlu mal-qara olub: “2022-ci ilin müvafiq dövrü ilə müqayisədə iribuynuzlu heyvanların sayı 113,4 min baş, xırdabuynuzlu heyvanların sayı isə 705,1 min baş azalıb. Bu göstərici son 10 ilin ən aşağı həddidir. Artıq statistik məlumatlar da sübut edir ki, xeyli vaxtdır iribuynuzlu və xırdabuynuzlu heyvanların sayı azalıb. Təqribən 2014-2015-ci illərdən başlayaraq iribuynuzlu və xırdabuynuzlu heyvanların baş sayı aşağı düşür. Həmin dövrdə pambıq strateji məhsul kimi önə çıxarıldı və bir sıra heyvandarlıq təsərrüfatlarına aid torpaqlarda, örüş sahələrində pambıq əkildi. Ona görə də ölkədə iribuynuzlu və xırdabuynuzlu heyvanların sayı azalır. İldən-ilə torpaqların böyük hissəsi şoranlaşaraq əkin dövriyyəsindən çıxır. Həmçinin ölkədə toxumçuluq, seleksiya işi dövrün tələblərinə uyğun olaraq qurulmayıb. Ona görə də fermerlər hər il müəyyən qədər əkin sahələrini dövriyyədən çıxarmaq məcburiyyətində qalırlar. Ötən il də xeyli əkin sahəsi dövriyyədən çıxarılıb”.
Afaq MİRAYİQ,
“Yeni Müsavat”