Nizami rayonu Rüstəm Rüstəmov 66 ünvanında yaşayan sakinlər Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi ilə bağlı Musavat.com-a şikayət ünvanlayıblar.
Sakinlər bildirirlər ki, qurumun əməkdaşları yaşıl, illərlə yaşı olan ağacları budadıqları, kəsdikləri halda qurumuş ağaclara baxmırlar. Sakinlər iddia edirlər ki, qurumun əməkdaşları yaşıllığa zərər vururlar: “O ağacın böyüməsi üçün illərdir ki, çalışırıq. Özümüz dibini belləyir, suvarırıq. İndi-indi bəhrəsini görürük, həyətimizi yaşıllaşdırır, kölgəsində otururuq. Yayda nəvə-nəticələrimiz həmin palıd ağaclarının altında oynayır, hava alırlar. Bütün həyət o yaşıllığın kölgəsində istirahət edir. Ancaq qurumun əməkdaşları gəlib, bu ağacların 42 sm diametrində olan budaqlarını kəsirlər. 42 sm diametrində budağı kəsmək budamaqdır? Özü də normal ağaclardır. Halbuki həyətimizdə neçə vaxtdır ki, çürümüş, qurumuş akasiya ağacları var ki, onlar hər an təhlükə mənbəyidir. Güclü külək əsən kimi qorxuruq ki, kiminsə başına düşəcək. Bu ağaclara əl vurmurlar, amma sağlam ağacların qol-qanadını kəsirlər. Bir də baxacağıq ki, kökündən kəsib aparıblar. Yaşıllaşdırma idarəsi nə üçün quru ağacları qoyub, neçə ilə əmələ gəlmiş palıd ağacını doğrayır? Bu, məqsədyönlü şəkildə edilib. Fikir verin, əsasən də kəsilən sağlam budaqların diametri 40-45 sm-dir. Görünür, kiməsə material kimi lazım imiş. Ya da ağacları məhv edib, əraziyə yiyələnmək istəyirlər. Çox xahiş edirəm, bu məsələni araşdırın. Bütün qonşular narazıdırlar, daha yuxarı instansiyalara da müraciət etməyi düşünürük”.
Musavat.com məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini öyrənməyə çalışıb. Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən saytımıza bildirildi ki, ərazi nümayəndəliyinin müraciəti əsasında ağacların budama işləri görülür: “Ağacların kəsilib götürülüməsi ilə bağlı yekun rəy olmadığına görə ancaq budama aparılır. Heç bir ağac kəsilmir. O ki qaldı qurumuş ağacların götürülməsi məsələsinə, bununla bağlı rəy olmadığına görə heç bir ağac kəsilməyəcək”.
Ərazidən görüntüləri təqdim edirik:
Afaq MİRAYİQ,
Musavat.com