Son illər bölgələrdən Bakıya güclü axın başlayıb. Bu şəhər hər kəsin ümid yerinə çevrilib. Rayonlarda yaşanan işsizlik problemi paytaxtımızın yükünü artırıb. Bakı indi qarışıq, xaosun yaşandığı bir şəhərə çevrilib. Problemin həlli ilə bağlı müxtəlif versiyalar səsləndirilir. Onlardan biri də paytaxtın dəyişdirilməsidir. Bəzi mütəxəssislər fikirləşirlər ki, Bakı coğrafi mövqeyinə görə paytaxt meyarlarına uyğun gəlmir.
Coğrafiya İnstitutunun şöbə müdiri Ənvər Əliyev deyir ki, Bakı sahəsinə görə dünyanın ən iri şəhərlərindən biridir:
“Paytaxtımızın 2200 kvadrat km. ərazisi var. Bəzi cırtdan ölkələrdən də böyükdür. Bakı təsadüfən paytaxt oldu. Çünki 13 il Şamaxı paytaxt olandan sonra zəlzələ oldu və paytaxtı Bakıya köçürdülər. Xəzərin ətrafında olan ölkələrdən yalnız bizdə paytaxt Xəzərin qırağındadır. Bakı paytaxt olmaq üçün ən uğursuz coğrafi məkandır. Hazırda bu şəhərdə 5-6 milyon əhali məskunlaşıb. Dünyanın az ölkəsi olar ki, onun əhalisinin yarısı paytaxtda cəmləşsin.
Biz kənd təsərrüfatının strukturunu dürüstləşdirə bilsək, onda Bakı bir xeyli boşalacaq. Hazırda ölkəmizin kənd təsərrüfatı strukturu bərbad vəziyyətdədir. Bilinmir, kapitalizmdir, yoxsa sosializm. Azərbaycan vaxtı ilə aqrar sənaye ölkəsi idi. Məhsulların 50 faizi ölkə daxilində istehsal edilirdi. İndi ölkəmizə Hindistandan ət gətirilir. Bu, təhqirdir. Çünki orada inəyi müqəddəs saydıqları üçün kəsmirlər. Yalnız ölmüş heyvanın əti ölkəmizə göndərilir. Ona görə də bölgələrdə kənd təsərrüfatını inkişaf etdirib əhalinin bir hissəsini ora cəlb etmək lazımdır. Bununla da Bakı 30 faiz boşalacaq. Bakıda nəfəs almaq mümkün deyil. ÜST bizdəki hava ilə bağlı həyəcan təbili çalır.
Ümumilikdə isə Bakını mədəni mərkəz kimi saxlamaq şərti ilə coğrafi şəraitə uyğun yeni paytaxt yaratmaq lazımdır”.
Şahanə Rəhimli
Musavat.com