“Pavarotti oxuyanda yaxşıdır, Mənsum oxuyanda pisdir?” – Xalq artistindən sərt SÖZLƏR

Son günlər sosial şəbəkələrdə Xalq artisti Mənsum İbrahimovun “Leyli və Məcnun” operasında ifasına dair müzakirələr, xüsusən yaş məsələsi ətrafında yaranan tənqidlər gündəmə gəlib.

Bəzi istifadəçilər 65 yaşlı sənətkarın hələ də Məcnun rolunu ifa etməsini ironiya ilə qarşılayıblar. Bu isə sənət camiəsində və opera ictimaiyyətində müxtəlif reaksiyalar doğurub. Eyni zamanda “teatrda gənclərə yer verilmir” kimi fikirlər də səsləndirilib.

Məsələ ilə bağlı Musavat.com-a danışan Mənsum İbrahimov tənqidlərə cavab verib və illərdir gənclərə yol açdığını vurğulayıb:

“Bu söhbətlər mənə çox gülməli gəlir. Qərəzli və sifarişlə yazılan statuslar var. Operadan məlumatı olmayan, xəbəri olmayan insanlar danışır, bəzi dırnaqarası jurnalistlər də onlara qoşulur. Birinci növbədə məlumatı dəqiqləşdirmək lazımdır. Mən artıq 7 ildir ki, fəal səhnədə deyiləm. Bunu hər kəs bilir. Bu müddət ərzində artıq meydanı gənclərə vermişik.

Məndən sonra hardasa 7-8 Leyli və Məcnun operaya gəlib. Onların hamısı da hər ay səhnəyə çıxırlar. Mən isə ildə cəmi bir dəfə – ya mövsümün açılışında, ya da bağlanışında önəmli bir tamaşada ifa edirəm. Bu da gənclər üçün bir növ master-klassdır. Gənclərin bir çoxunun irəli çıxmasında mənim dəstəyim olub. Onların bütün premyeralarına gedirəm, onları ruhlandırıram, dəstək verirəm. Çünki onlar bizim davamçılarımızdır”.

Mənsum İbrahimov əlavə edib ki, bu sənətdə onun kimi gənclərə dəstək verən ikinci xanəndə yoxdur:

“Həm muğam ifaçısı, həm də opera səhnəsinin sənətkarı kimi saysız-hesabsız gənc yetişdirmişəm. İndi kimsə həyatda uğursuzluq yaşayıb, kompleks içindədirsə, belə fikirlər yaza bilər. Mən isə çoxsaylı tamaşaçıların istəyi ilə ifa edirəm. Əvvəllər bu operanı Opera Studiyasında oxuyurduq. Teatr təmirə bağlanıb. O qədər tamaşaçı istəyi oldu ki, artıq ora sığmırdı. Opera rəhbərliyi təklif etdi ki, bu dəfə tamaşa Heydər Əliyev Sarayında təqdim olunsun. Mən də razılaşdım.

Əgər tamaşaçı istəməsə, gəlməsə, mən onu kimə ifa edərəm? Yenə təkrar edirəm, mən artıq 7 ildir səhnəni gənclərə təhvil vermişəm. Təbii ki, hər şeyin öz vaxtı, yaşı var. Amma opera sənəti başqa sahədir. Bu kino deyil ki, aktyorun yaşı 15-ə uyğun olsun. Operada əsas səsdir, ifadır. Pavarotti 64 yaşında “Aida” oxuyurdu, ölümünə qədər məhəbbət operaları ifa edirdi. Domenqo hələ də oxuyur.

“Leyli və Məcnun” operası ilk dəfədir ki, Heydər Əliyev Sarayında təqdim olunacaq. Tamaşa Üzeyir Hacıbəyovun 140 illiyinə həsr olunub və mövsümün son tamaşasıdır. Artıq biletlərin 80 faizindən çoxu satılıb. Ola bilər, kiminsə mənim ifam xoşuna gəlməsin, bu təbiidir. Amma minlərlə tamaşaçı var ki, məni eşitmək istəyir. Biz heç kimin qarşısını da kəsməmişik”.

Afaq MİRAYİQ,
Musavat.com

27.05.2025 17:52
1308