Ukraynanın Rusiyanın aviabazalarına uğurlu “Hörümçək toru” əməliyyatı müharibə meydanında vəziyyəti dəyişdirə bilməsə də, diplomatik müstəvidə hadisələrin inkişafına təsiri istisna deyil.
Musavat.com xəbər verir ki, siyasi şərhçi Asif Nərimanlı bu fikirdədir.
Onun sözlərinə görə, hücumun hədəfləri də daha çox siyasi görünür:
“Ukrayna “təslimçi sülhə” razı olmayacağını nümayiş etdirdi; Müharibənin başlanmasından üç il sonra ABŞ-ın əvvəlki dəstəyi olmasa belə, Rusiyaya qarşı döyüşə biləcəyini göstərdi; Trampa Putini geri çəkilməyə məcbur edə biləcəyi pasını ötürdü”.
A.Nərimanlıya görə, əməliyyatın İstanbul görüşündən öncə həyata keçirilməsi rəsmi Kiyevin masaya güclü şəkildə gəlməsini təmin edir:
“Hücumun masadakı danışıqlara effekti iki ssenaridə mümkündür:
1. Rusiya tələblərinə korrektlər edir və ortaq mövqenin tapılmasına yanaşır, hərçənd Kiyev də bunun zəif ehtimal olduğunu anlayır;
2. “Təslimçi sülhə” razı olmayacağını praktiki müstəvidə sərgiləyən Ukraynanın müqavimətinə görə danışıqlar nəticəsiz qalır: bu, mövcud şərtlərdə Kiyevə sərf edir, lakin açıq qalan sual var: - “dönüş nöqtəsi” – ya sülh, ya müharibəyə davam – hesab olunan İstanbul danışıqlarında nəticə əldə olunmayacağı təqdirdə, ABŞ-ın “seçimi” kim olacaq - Putin, yoxsa Zelenski?
Ukraynanın “Hörümçək toru” əməliyyatının əsas hədəflərindən birinin məhz ABŞ-ın mövqeyinə təsir etmək, Tampı Putinə qarşı təzyiqə sövq etmək olduğu görünür. “Hörümçək toru” əməliyyatının kölgəsi altında baş tutan İstanbul görüşündə nəticənin əldə edilməsi isə daha da çətinləşir”.
Siyasi şərhçi bildirir ki, hücumda bir neçə məqam xüsusilə diqqət çəkir:
“Birincisi, İsrailin İrana qarşı taktikasından yararlanan Ukranyanın PUA-ları Rusiyanın dərinliklərinə daşıması və zərbələri daxildən endirməsidir: bu, Rusiyanın zəifliyini ortaya çıxardı və ciddi itkilərə məruz qoydu; İkincisi, Rusiyanın bu hücumdan məlumatlı olma ehtimalı nə qədər real görünür?
Rusiyanın “Pörl Harbor”u adlanan hücuma potensial cavabı diqqəti bu məqama yönəldir, çünki hücum Putinin ötən il yenilədiyi “nüvə doktrinasını” aktualaşdırır və Ukraynaya dəstək verdiyi ehtimal olunan Avropa ölkələrinə zərbələrin endirilməsi riskini önə çıxarır.
Zəif ehtimaldır, lakin belə bir hücum Rusiyanın şərtlərini Avropada qəbul etdirmək istəyən Tramp Administrasiyasının da marağında ola bilər. Böyük Britaniyanın “müharibə hazırlığı rejiminə” keçməsi – Avropada müdafiə hazırlıqlarının sürətlənməsi mümkün təhlükənin proqnozlaşdırıldığına diqqət çəkir”.
Musavat.com