Paşinyanın yeni U dönüşü - Ovuc içi kimi görünən Xankəndidə gerçəkliyi qəbul edənlər və etməyənlər

20 il əvvəl qeyri-hökumət təşkilatının rəhbəri və jurnalist olarkən Ermənistan və Azərbaycan arasında sülhün zəruriliyindən danışan, hətta 20 Yanvar faciəsi barədə məqalə yazan, sonradan 180 dərəcəlik dönüş edərək, militarist-millətçiyə çevrilən, öz maksimalistliyi, yolagəlməzliyi ilə müharibəyə səbəb olan Nikol Paşinyan yenidən U dönüşü edərək “sülhpərvər” olub.

İndi o, adi jurnalist və ya QHT rəhbəri deyil, Ermənistan dövlətinin baş naziri, rəhbəridir.
Söz yox, düşünmək olar ki, Paşinyan heç 20 il əvvəl də əsl sülhpərvər olmayıb, bu cür çıxışları sırf xarici donorlardan qrant almaq üçün edib.

Ancaq ortada olan odur ki, bu gün ölkəsinin baş naziri olaraq əlində real güc cəmləşdirən Paşinyan artıq yetərli iradə sahibidir, indi onun sülhdən danışması, sülh sazişi imzalamaq üçün canfəşanlıq etməsi daha realdır. İndi o, buna məcburdur. Onu buna situasiya vadar edir.

Əgər köhnə vaxt olsaydı, Paşinyan və digər erməni liderlər güclü himayədarın yağış, qar, dolu (xüsusilə də dolu) keçirməyən qanadları altına sığına bilsəydilər, qarşılarında zəif opponent dursaydı, onlar yenə də göylə gedər, necə deyərlər, Allaha bəndəlik etməzdilər.

2020-ci ilin payızında isə Qarabağda və onun ətrafında hərbi-siyasi durum elə dəyişdi ki, ermənilərin öz gücü özlərinə də bəlli oldu, havadarlarına da. Belə bir acı gerçəklik (onlar üçün) ortaya çıxdı ki, erməni ordusu regionda heç bir ölkə ilə təkbətək mübarizəyə girişə bilməz, mütləq məğlub olar.

paşa.jpg (1.07 MB)

İndi o, “Qarabağ Azərbaycandır” deyir. 3 il əvvəl bu vaxtlar isə “Qarabağ Ermənistandır, nöqtə” deyirdi. İndi o, Brüssel və Moskva arasında oynayır, 3 il əvvəl isə Şuşada oynayırdı, yallı gedirdi.

Kim düşünürsə ki, 44 günlük müharibə digər ermənilərə tutarlı ibrət dərsi olub, yanılır. Belə şey yoxdur. Digər ermənilərdən, xüsusilə də bulanıq suda balıq tutmaq istəyən müxalifətçilərdən fərqli olaraq, Paşinyanın əlində özünün və Azərbaycanın hərbi, iqtisadi gücü barədə real rəqəmlərə əsaslanan göstəricilər var. Adam informasiyalardan çıxış edir və “qəhrəman erməni zinvorları” nağıllarına inanmır, bilir ki, yeni bir hərbi toqquşma labüd darmadağınla nəticələnəcək.

İndi 3 il əvvəlki vaxt deyil ki, Şuşa qalasında oturub üstdən aşağıya baxan, yerləşdikləri mövqeləri alınmaz qala hesab edən ermənilər “bura quş da uça bilməz” deyə xəyallara qapılsınlar. İndi onlar Şuşadan ovuc içi kimi görünən Xankəndinin bir artilleriya hazırlığı qədər ömrü olduğunu yaxşı anlayırlar, bilirlər ki, əgər yeni savaşa başlasalar, heç bir bunker köməklərinə gəlməyəcək.

Bunu bilə-bilə təmas nöqtələrində, Ermənistan-Azərbaycan sərhəd xəttində vaxtaşırı silahlı təxribatlar törətmək cəhdləri qisasçı ermənilərin kin-küdurətindən doğur. Onlar dalbadal yıxılan, amma revanş arzusu ilə alışıb-yanan güləşçi kimi növbəti dəfə yıxılmaqdan, əzilməkdən bezmirlər.

Bir məsələ yaxşıdır ki, yavaş-yavaş emosional ovqatdan sıyrılanlar, gerçəkliyi dərk edənlər çoxalır. Azərbaycan dövlətinin, xüsusilə də Prezident İlham Əliyevin məqsədyönlü və ardıcıl siyasəti Paşinyanın da, digər erməni liderlərin də yeni geosiyasi reallığı qəbul etmələrinə gətirib çıxarıb.

Fəqət erməni cəmiyyətinin bir hissəsində sülhə qarşı müqavimət hələ də güclüdür. Görünür, 28 il davam edən “qələbə eyforiyası”nı, “qəhrəman əsgərlərin qanla yazdığı zəfər səlnaməsi”ni bu tezliklə unutmaq psixoloji baxımdan mümkün deyil.

armen.jpg (42 KB)

Yəqin ki, Paşinyan öz xalqının bu ovqatını, onun məğlubiyyətlə barışmazlığını, güzəştsiz mövqedə olmalarını yaxşı bildiyi üçün dəfələrlə dünən dediyi sözü, ertəsi günü danıb, əksini deyib, sonra da yenidən başqa söz dilə gətirib. O, bu cür manevrlər edə-edə irəliləyir, öz xalqını sülhə yavaş-yavaş hazırlayır. Bu zaman Paşinyan ağzından qarmağa keçmiş balığı sudan yavaş-yavaş, üzdürə-üzdürə, yora-yora çıxaran balıqçılara oxşayır.

Amma bu siyasətin bir sonu olmalıdır. “Balıq” sudan çıxmalı və çabalayıb sakitləşməlidir. Azərbaycanın da səbri bir yerə qədərdir. Bu da 28 il davam edən sülh danışıqları deyil ki, sonu görünməsin. Münaqişənin hərbi həlli aşağı-yuxarı baş tutub, indi real danışıqlar, razılaşmalar mərhələsidir.

44 günlük müharibədən dərhal sonra, üçtərəfli atəşkəs sazişinin yeni imzalandığı günlərdə söz-söhbətlər çox idi. Ölkəmizdə bir çoxları münaqişənin həllinin yarımçıq saxlanıldığı qənaətindəydi. Ermənilər isə can hövlü ilə razılaşdıqları atəşkəsi hələ kapitulyasiya saymır, atəşkəsi yenidən toparlanmaq üçün nəfəsdərmə fasiləsi hesab edir, ümidlənirdilər ki, tezliklə özlərinə gələ biləcəklər. Ancaq elə olmadı. Müharibənin itkilərinə dair rəqəmlər ortaya çıxdıqca, “döyüşkən xalqın” “qorxaq azərbaycanlılar”ın qabağından dovşan kimi qaçdığı, fərarilərin sayının 10 min keçdiyi bilinəndən sonra hamı gerçəkliyi anladı ki, fürsəti qaçırılıb.

beden.jpg (114 KB)

O zaman Prezident İlham Əliyevin qəbul etdiyi qərarlara da dodaq büzənlər vardı. Sonra onun ardıcıl, prinsipial, düşünülmüş və məntiqli siyasət yürütdüyünü gördülər, etiraf etməsələr də, bu qənaətə gəldilər ki, bu məsələ yarımçıq qalmayacaq. aydın göstərir. Zaman göstərdi ki, İlham Əliyev nəyi, necə və nə zaman etməyi yaxşı bilir və əlində aydın bir “yol xəritəsi” var.

Əvvəl-axır hakimiyyətdə təmsil olunan erməni siyasilər kimi, o biriləri də reallığı anlayacaqlar, müharibənin çıxış yolu olmadığını başa düşəcəklər. Ancaq xaricdə yaşayan ermənilər və onların havadarları hələ bir müddət də “qan-qan” deyəcək, sülhə qarşı çıxacaqlar. Ta o vaxta qədər ki, erməni xalqı onlara sərt üzünü göstərəcək, “imkan verin öz evimizdə rahat yaşayaq” deyəcəklər.

Musavat.com

 

 

23.05.2023 16:00
2176