“Nikol Paşinyanın təhlükəsizlik təminatı Azərbaycanla sülh sazişinin imzalanmasından keçir”
Musavat.com xəbər verir ki, bu sözləri millət vəkili, Milli Məclisin sədr müavini Adil Əliyev saytımıza müsahibəsi zamanı deyib.
Müsahibəni təqdim edirik:
- Adil müəllim, Azərbaycan öz ərazi bütövlüyünü və Qarabağın tamamında suverenliyini bərpa etdikdən sonra növbəti hədəflərimiz hansılardır?
- Növbəti hədəfləri cənab Prezident, Ali Baş Komandan İlham Əliyev Xankəndidə tarixi çıxışında bir daha vurğuladı: azad olunmuş ərazilərimizdə quruculuq işlərini sürətləndirəcəyik, yaxın illərdə yüzminlərlə vətəndaşımızın Qarabağa köçünü təşkil edəcəyik, ordunun gücləndirilməsi, büdcənin təhlükəsizlik xərclərinin artırılması da diqqət mərkəzindədir. Bəli, biz işğala və torpaqlarımızda separatizmə son qoyduq, ancaq qonşumuz düşmənçilikdən əl çəkmək istəmir, yeni işğal “xəyallarıyla” yaşayırlar. Ona görə də Azərbaycan ordu quruculuğunu bundan sonra da yüksək templə davam etdirəcək. Cənab İlham Əliyevin prezident seçildiyi 20 ildə böyük nailiyyətlər əldə etmişik, verilən vədlər yerinə yetirilib, ən başlıcası, 100 ilə yaxın davam edən separatizmin kökünü kəsdik, bu, tariximizə qızıl hərflərlə yazılacaq. Bu sadə məsələ deyil, bəzi dövlətlər bizə əngəllər yaradır, torpaqlarımızın işğalından faydalanmağa çalışırdılar, ATƏT-in Minsk qrupu onların əlində alət idi. Ancaq biz həm Minsk qrupunu tarixin arxivinə göndərdik, həm də beynəlxalq aləmə sübut etdik ki, torpaqlarımızın güc yolu ilə azad edilməsinə heç kim və heç nə mane ola bilməz. Cənab Prezident separatizmlə üzləşən digər dövlətlərin bacarmadığını ustalıqla reallaşdırdı.
- Sülh sazişinin imzalanması perspektivini necə dəyərləndirirsiniz?
- Azərbaycan sülh sazişini imzalamağa hazırdır, Ermənistan isə yenə nala-mıxa vurur. Cənab Prezident İlham Əliyev Müstəqil Dövlətlər Birliyinin Bişkəkdə keçirilən son sammitində Ermənistanın baş naziri Nikol Paşinyanla görüşməyə hazır idi. Ancaq Paşinyan gəlmədi, o, Fransanın ətəyindən yapışdığına görə dostu Emmanuel Makron olmadan Azərbaycan Prezidenti ilə görüşdən yayınır. Halbuki, sülh sazişini imzalamaq birinci növbədə Ermənistana lazımdır. Azərbaycan separatizmə son qoyub, əsas budur, Ermənistanla sülh sazişi olmadan da keçinə bilərik. Dövlət başçısının İspaniyanın Qranada şəhərində oktyabrın 5-də keçirilən görüşdən imtinası doğru qərar idi. Masada Fransa və Almaniya var, Azərbaycanın strateji müttəfiqi Türkiyə yox idi. Fransa pozuculuqla məşğuldur. Təəssüf ki, bəzi hallarda Almaniya rəsmiləri də Fransa rəsmilərinin dediklərini təkrarlayırlar. Doğrudur, Almaniya kansleri Olaf Şolts oktyabrın 4-də prezident İlham Əliyevə zəng edərək region ölkələrinin ərazi bütövlüyünə və suverenliyinə Almaniyanın dəstəyini ifadə etdi. Almaniya Cənubi Qafqazda fəal olmaq istəyirsə, Ermənistanla Azərbaycan arasında balansı pozmamalıdır, əks halda, Berlin Paris kimi Azərbaycanı itirmiş olacaq.
- Bu arada, Avropa Parlamentinin oktyabrın 5-də Azərbaycan əleyhinə qəbul etdiyi qətnamə də münasibətlərə kölgə saldı...
- Bu sənədin nə siyasi, nə də hüquqi çəkisi var. Misal üçün, “qətnamədə” deyilir ki, Avropa İttifaqı Azərbaycana qarşı sanksiyalar tətbiq etməlidir. Və ya sənəddə Azərbaycanla əməkdaşlığın yenidən qiymətləndirilməsi və Azərbaycan qazının idxalından asılılığın azaldılması çağırışı yer alıb. Sənədin daha bir absurd bəndi Avropa İttifaqına üzv ölkələrə Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlığı məhdudlaşdırmaq mümkünlüyünü nəzərdən keçirməyi təklif etməsidir. Avropa Parlamenti Avropa İttifaqının diplomatik çərçivələrinə Cənubi Qafqaz bölgəsində təhlükəsizlik çərçivələrinin dərhal yenidən nəzərdən keçirilməsini təklif edib. Bu sənəd sadəcə Ermənistanın və erməni lobbisinin könlünü almaq üçün qəbul edilib, Brüssel bu bəndlərin heç birini reallaşdırmayacaq. Çünki Avropa İttifaqının bölgənin əsas dövləti Azərbaycanla əməkdaşlığa ehtiyacı var, qış ayları yaxınlaşır, bir azdan deyəcəklər ki, nəql etdiyiniz qazın həcmini artırın. Azərbaycanın Avropadakı dostları da Avropa Parlamentinin “qətnaməsinin” yerinə yetirilməsini mümkünsüz hesab edirlər, Macarıstanın baş naziri Viktor Orban açıq dedi ki, Avropa Azərbaycanla əməkdaşlığı genişləndirməlidir. Avropa dövlətlərinin əksəriyyəti Avropa Parlamentinin qətnaməsinə məhəl qoymadan Azərbaycanla tərəfdaşlıqlarını davam etdirəcək, bəzi sahələrdə isə genişləndirməyə çalışacaqlar. Qatı ermənipərəst Fransa prezidenti Emmanuel Makronun özü də etiraf edib ki, Azərbaycana qarşı “sanksiya” effekt verməyəcək.
- Avropa Parlamentinin Azərbaycan əleyhinə qəbul etdiyi qətnamədə Ermənistana aid belə bir bənd var: “Ermənistan mövcud hərbi ittifaqlarına yenidən baxarsa, Avropa İttifaqının təhlükəsizlik dəstəyinə ümid edə bilər”. Bununla Avropa Parlamenti Ermənistana hansı mesajı göndərmək istəyib?
- Avropa Parlamenti bununla İrəvana belə bir mesaj göndərib ki, Ermənistan Rusiya ilə ittifaqdan imtina edərsə və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxarsa, Brüssel Ermənistanın təhlükəsizliyinə cavabdeh ola bilər. Bu da xülyadır. Birincisi, Avropa İttifaqının təhlükəsizlik strukturu yoxdur, iqtisadi birlik Ermənistanın təhlükəsizliyinə necə cavabdeh ola bilər? İkincisi, Ermənistanın NATO üzvü olmaq şansı da yoxdur. NATO özünə daha yaxın Gürcüstana və Ukraynaya yaşıl işıq yandırmazkən, qapılarını Ermənistana açarmı? Əsla. Nəzəri cəhətdən Ermənistanı NATO-ya dəvət etsələr belə təşkilatın əsas üzvlərindən biri Türkiyə buna imkan verməyəcək.
- Buna baxmayaraq, Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrın 17-də Avropa Parlamentində çıxış edərkən Avropanın Ermənistanı Rusiyadan qorumasını xahiş edib...
- Həqiqətən Nikol Paşinyan Avropa Parlamentində çıxışı zamanı Rusiyanın adını çəkmədən bu dövlətin onu devirmək istədiyinə işarə vurub. Bu çıxış Rusiyada böyük narazılıq yaradıb. Ermənistan yeni ağa axtarışındadır. Avropa Nikol Paşinyanı təhlükələrdən qorumağa sözdə vəd etsə də, əməldə bunu reallaşdıra bilməyəcək. Nikol Paşinyanın təhlükəsizlik təminatı Azərbaycanla sülh sazişinin imzalanmasından keçir. Bu olmadıqca Nikol Paşinyan üçün daxildən və xaricdən hər zaman təhlükə olacaq. Nikol Paşinyan Avropa Parlamentində çıxışı zamanı dedi ki, bu ilin sonuna qədər Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması yüksək dərəcədə realdır. Bunu hər dəfə deyir, ancaq masada oturanda yeni şərtlər irəli sürməyə çalışır. Ermənistan sabitliyə qovuşmaq və problemlərinin həllini istəyirsə, iki qonşusu – Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşmalıdır, bunun başqa alternativi yoxdur.
- Gürcüstanın vasitəçilik təşəbbüslərini necə qiymətləndirirsiniz?
- Müsbət. Gürcüstan Cənubi Qafqaz dövləti olaraq bölgədə sülh və əməkdaşlıqda uzaq dövlətlərdən daha çox maraqlıdır. Cənab Prezident İlham Əliyev oktyabrın 8-də Gürcüstana səfəri zamanı qonşu dövlətin vasitəçilik təşəbbüslərini yüksək qiymətləndirdiyini bir daha vurğulayıb. Ancaq Nikol Paşinyan Gürcüstanın vasitəçiliik təklifinə münasibət bildirməkdən yayınır. Halbuki, Azərbaycanın strareji tərəfdaşı olan Gürcüstanın Ermənistanla da münasibətləri yaxşıdır və Nikol Paşinyan da tez-tez Tbilisiyə səfərlər edir. Digər tərəfdən, Ermənistanın əsas ixrac-idxal əməliyyatları Gürcüstan üzərindən reallaşır.
- Sizcə, Paşinyan Gürcüstanın vasitəçiliyini niyə qəbul etmək istəmir?
- Gürcüstanın ərazi bütövlüyü problemi var. Digər tərəfdən, Gürcüstan Azərbaycanın ərazi bütövlüyünü birmənalı dəstəkləyir. Görünür, Paşinyanı qorxudan budur. Ancaq Gürcüstan olmasın, başqa dövlət olsun, dünyada elə bir dövlət yoxdur ki, Azərbaycanın ərazi bütövlüyünü tanımasın. Paşinyanın Fransanın yedəyindən yapışmasının ona xeyri olmayacaq. Azərbaycan Fransanın vasitəçiliyini qəbul etmir və etməyəcək. Fransa bölgəyə dəxli olmayan dövlətdir və məsələlərə ədalətsiz yanaşır. Cənab Prezidentin Tblisidə təkrarladığı “Ümumi Qafqaz evi” ideyası bölgənin, eləcə də Ermənistanın xeyrinədir, sadəcə, qonşu dövlətdə anti-Türk və anti-Azərbaycan ideologiyası elə dərin kök salıb ki, düşmənçiliyi sülhdən və əməkdaşlıqdan üstün tuturlar. Ermənistanın keçmiş prezidenti, separatçı, çinayətkar Serj Sərkisyan bugünlərdə deyib ki, “Artsax məsələsi hələ bitməyib”. Bax, xəstə beyin budur, “Artsax” bitib, özü də əbədi olaraq bitib, əhalisi ildən ilə azalan, hərbi gücünü itirən Ermənistan əhalisi artan və güclü ordusu olan Azərbaycanla ayaqlaşa bilməyəcək, bunu nə qədər tez anlasalar, bir o qədər özləri üçün yaxşı olacaq, əks halda, rəzalətdən qurtula bilməyəcəklər.
Musavat.com