Paşinyanın sərhəd kəndləri ilə bağlı açıqlamasına Rusiyadan REAKSİYA

“Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanla müharibə təhlükəsi ilə bağlı bəyanatının Rusiyaya aidiyyəti yoxdur”.

Musavat.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova teleqram kanalında yazıb.

“Görün, Avropa İttifaqı, NATO və Vaşinqtondan olan yeni kuratorlar məsələni hara gətirib çıxarıblar? Bu bəyanatın Rusiya ilə heç bir əlaqəsi yoxdur. Bu, İrəvandakı mövcud hakimiyyətin müstəsna səlahiyyəti və onların qərblilərlə məsləhətləşmələrinin nəticəsidir”, - Zaxarova qeyd edib.

Xatırladaq ki, bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan sərhəd kəndlərinin sakinləri ilə söhbəti zamanı bildirib ki, İrəvan Bakının bir sıra sərhəd kəndlərinin Azərbaycana verilməsi ilə bağlı tələblərini yerinə yetirməsə, o zaman müharibə başlayacaq.

Nigar HƏSƏNLİ,
Musavat.com

19.03.2024 12:29
6492