“Paşinyanın Ruben Vardanyanla bağlı iynəli replikası…”

Xəbər verdiyimiz kimi, Ermənistanın baş naziri Nikol Paşinyan bu gün verdiyi açıqlamalarda Bakı həbsxanasında saxlanılan erməni milyarder Ruben Vardanyan barədə də danışıb. Erməni baş nazirin dedikləri geniş müzakirələr doğurub.

Sitat: “Vardanyan Rusiya vətəndaşlığından imtina etdi. Kim onu Ermənistana və Qarabağa göndərdi? Hansı zəmanətlərlə o göndərilmişdi? Niyə onu göndərən sonda dedi ki, onu çox yaxşı tanımır və onun ölkəsinin vətəndaşı deyil?”

SONA SON.jpg (56 KB)

Keçmiş deputat, siyasi təhlilçi Sona Əliyeva Paşinyanın səsləndirdiyi fikirləri Musavat.com-a bu cür şərh edib:

“Erməni nazirin Ruben Vardanyanla bağlı verdiyi suallar Ermənistanın xarici və daxili siyasətindəki qeyri-müəyyənlikləri, narahatlıqları bir daha üzə çıxarır. Vardanyanın Rusiya vətəndaşlığından imtina etməsi və onun Ermənistana, eləcə də “Dağlıq Qarabağ”a göndərilməsi prosesi, bu hadisələrin arxasında hansı güclərin dayandığı və hansı maraqların müdafiə olunduğu kimi sualların cavablandırılması ölkənin siyasi və ictimai sferasında vacib məsələ kimi gündəmə gəlib. Zamanında Ruben Vardanyanın Rusiya dövlətinin təklif etdiyi imtiyazlardan faydalanaraq qazandığı əhəmiyyətli güc və var-dövlət onu regionda, beynəlxalq arenada mühüm bir aktora çevirmişdi. Prezident Vladimir Putinin siyasi dəstəyi ilə Vardanyan Rusiya daxilindəki iqtisadi və siyasi mövqeyini möhkəmləndirmişdi. Lakin Rusiya ilə Qərb arasında artan gərginlik və sanksiyalar Vardanyanı yeni çıxış yolları axtarmağa vadar etdi. Rusiyaya xəyanət edən Vardanyan Rusiya ilə əlaqələrindən uzaqlaşaraq Qərb ölkələrinə yaxınlaşmağa başladı. Məhz bu səbəbdən Vardanyanın Qarabağ bölgəsinə göndərilməsi Qərb koalisiyasının strateji addımı kimi qiymətləndirilməlidir”.

S.Əliyevanın fikrincə, Qərb koalisiyası Vardanyanı həbsdən çıxarıb himayə edərək, onun maddi resurslarını Ukrayna-Rusiya müharibəsinə yönəltməyi düşünür:

“Bu vəziyyət regionda və beynəlxalq səviyyədə təhlükəli nəticələrə yol aça bilər. Vardanyanın maddi və siyasi gücünün Qərb tərəfindən istifadə edilməsi regional sabitliyin pozulmasına səbəb ola bilər. Bu kontekstdə Azərbaycan tərəfi vəziyyəti diqqətlə izləməli və milli maraqlarını qorumaq üçün lazımi tədbirləri görməlidir. Azərbaycanın diplomatik səylərini artıraraq regional sabitliyin və təhlükəsizliyin qorunmasını təmin etmək üçün beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq etməsi vacibdir”.

Cavanşir ABBASLI
Musavat.com

31.08.2024 16:06
1761