Paşinyanın qəfil Avropa səfəri – Azərbaycanın düşməni ilə görüşə niyə gedib?

44 günlük savaşdakı kapitulyasiya ilə hələ də barışmaq istəməyən erməni radikal-revanşistlərin, o sırada xaricdəki lobbiyə bağlı daşnakların və terror yuvası erməni kilsəsinin Paşinyan hökumətini zor gücünə yıxmaq cəhdləri davam edir. Təbii ki, hakimiyyət də baş verənlərə seyrçi-zad deyil. Əlindən gələni edir ki, “müharibə partiyası”nın faktiki axırıncı “çırpıntıları” minimum fəsadla yekunlaşsın.

Musavat.com xəbər verir ki, yəqin ki, belə də olacaq. Hər halda terror variantını istisna etsək, güc strukturlarının sədaqəti fonunda iqtidarın siyasi-ictimai dayaqları yetərincə güclü görünür. Nikol Vovayeviç hətta özünə əmin təəssüratı yaradır. Yoxsa bu “basabas”da – mayın 14-də Ermənistanı tərk edib Avropaya iki günlük (!) səfərə getməzdi.

Məlumata görə, o, sabah - mayın 15-də keçiriləcək “Kopenhagen Demokratiya Sammiti”nə qatılacaq. Sammit çərçivəsində baş nazirin Danimarkanın ali rəhbərliyi, həmçinin tədbirin və beynəlxalq siyasi konsaltinq təşkilatı olan “Rasmussen Global”ın təsisçisi, NATO-nun sabiq baş katibi Anders Foq Rasmussenlə görüşləri nəzərdə tutulub...

RASMUSSEN.jpeg (299 KB)

Əlbəttə, hamı bilir ki, Nikol Paşinyan “sorosçu” olaraq özünü Avropa meydançalarında “balıq suda hiss edən” kimi hiss edir. “Demokratiya sammiti” isə bəhanədir. Kopenhagendə demokratiya gündəmin əsas mövzusu olmayacaq. Bu ad altında Avropa Birliyi (AB) sadəcə, öz maraqlarını Ermənistanda irəli aparmaq üçün növbəti dəfə “saat əqrəblərini” tutuşdumağa və İrəvanın sırf Avropa vaxtı ilə hərəkət etməsinə çalışacaq.

Artıq iki ildir Azərbaycan-Ermənistan sərhədində “müşahidə” aparan AB-nin yarım-hərbi, casus missiyasının hədəfi də aşağı-yuxarı eyni. Bu xüsusda “Ermənistanın dostları şəbəkəsi” yaratmış danimarkalı türkofob Anders Foq Rasmussen adı özlüyündə çox şey deyir.

Erməni revanşizmi və separatizminin aşkar təbliğatçısına çevrilmiş bu zatın çirkli pullar qarşısında Azərbaycan əleyhinə pozucu fəaliyyəti bəllidir. Məsələn, ötən ilin yazında Ermənistana səfər edən Rasmussen oradan sərhədə gələrək Ermənistan bayrağı fonunda fotolar çəkmiş, sosial şəbəkədə¬ki hesablarında yerləşdirmişdi. Səfər təəssüratlarını əks etdirən ya¬zıda isə Azərbaycanın ünvanına cürbəcür hədyanlar səsləndirmişdi.

Bunu da yada salaq ki, 2023-cü il sentyabrında Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev NATO-nun sabiq baş katibinin Ermənistan hökumətindən pul almasını faktlarla ifşa edərək, “Pullar danışır” yazmış, alyansın keçmiş rəhbərinin hansı mənbələrdən vəsait əldə etdiyinə dair bəyannaməni də paylaşımına əlavə etmişdi...

İndi belə bir avantürist siyasətbaz, erməni lobbisindən maaş alan dolar-avro hərisi sülhlə bağlı Paşinyana hansı “qiymətli” məsləhəti və ya tövsiyəni verə bilər ki? İllah da Bakı və İrəvan arasında ikitərəfli formatda sülh sənədinin (artıq adı da məlum: “Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfli Saziş”) müzakirəsinin həlledici fazaya girdiyi dönəmdə. Yeri gəlmişkən, Ermənistan XİN başçısı Ararat Mirzəyan da son Almatı görüşünü “konstruktiv” adlandırıb.

Sözsüz ki, Ermənistan belə “dostlardan” nə qədər uzaq dursa, erməni xalqı qapıbir qonşuları ilə barışıq və əməkdaşlığa, sülhə anlaşmasına bir o qədər yaxın olar, əmin-amanlıq içində olar. Elə isə görəsən Nikol Almatı danışıqlarından dərhal sonra Avropadan Bakıya nəyin mesajını verməyə hazırlaşır? Bu növbəti sabotaj olmasın? Bəlkə siyasi sığınacaq üçün gedib?

Tezliklə biləcəyik...

Z.SƏFƏROĞLU
Musavat.com

14.05.2024 13:59
2567