Paşinyanın partiyasından Tramp AÇIQLAMASI

“Donald Trampın ABŞ prezidenti seçilməsi İrəvanla Vaşinqton arasında isti münasibətlərə təsir etməyəcək”.

Musavat.com xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyanın “Mülki müqavilə” partiyasının sədr müavini, iqtisadiyyat naziri Gevorq Papoyan keçirdiyi brifinqdə deyib.

“Heç nə dəyişməyəcək, biz strateji əlaqələr qurmağa hazırlaşırıq, bu istiqamətdə sənəd imzalanıb, Ermənistan-Amerika münasibətləri isti olub və qalır”, - deyə o, jurnalistin sualını cavablandırıb.

Ermənistan hakimiyyətini dəstəkləyən qərbyönlü politoloqlar və analitiklər ictimai çıxışlarında Kamala Harrisin ABŞ prezidenti seçilməsinə ümidlərini ifadə edərək, bunun hakimiyyətin seçdiyi qərbyönlü kursa töhfə verəcəyini bildiriblər.

Şahanə Rəhimli
Musavat.com

06.11.2024 14:02
946