Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri vəzifəsindən istefa verən Edmon Marukyan bu addımını “xarici məsələlərdə fikir ayrılığı” ilə izah etsə də, söhbətin konkret hansı məsələlərdən getdiyini açıqlamayıb. Ermənistan mediası Marukyanın gedişinin Azərbaycanla bağlı olduğunu yazır.
“Joxovurd” qəzeti Marukyanın istefasının detallarını əldə edib.
Qəzet yazır ki, Marukyan Paşinyanın sülh gündəminin tamamilə iflasa uğradığını düşünür: “O, bu məsələni birbaşa Paşinyanın özü qarşısında qaldırıb. Bildirib ki, Ermənistan Azərbaycanın bütün tələblərini yerinə yetirir. Marukyan ətrafına deyib ki, onun istefasının səbəblərindən biri də Ermənistanın Azərbaycanın növbəti tələbini yerinə yetirməsi olub.
Söhbət Ermənistanın beynəlxalq məhkəmələrdə Azərbaycana qarşı qaldırdığı bütün iddiaları geri götürməsindən gedir. Razılaşmaya görə, iddiaların geri çəkilməsi qarşılqlı şəkildə olmalı idi, lakin Azərbaycan heç bir addım atmayıb, Ermənistan isə bunu yerinə yetirir”.
Qəzet qeyd edir ki, Marukyanın gedişinin səbəblərindən biri də Xocalı soyqırımı ilə bağlı yazdığı tvitlərindən biri olub.
“Ararat Mirzoyan buna görə Edmon Marukayana töhmət verib və belə fikirlər paylaşmağı qadağan edib”, - nəşr yazır. (Publika.az)