Ermənistanın baş naziri konstitusiyanı dəyişmək üçün İlham Əliyevdən vaxt istəyib; sülh sazişi ilə bağlı prosesin uzadılması İrəvanın özünə başağrısı yaradacaq; ekspertlərdən ilginc açıqlamalar
Amerikalı diplomatların bölgəyə intensiv səfərlərinin ardınca Ağ Evdən növbəti dəfə sülh mesajları eşidilməyə başladı. ABŞ Dövlət Departamenti Azərbaycan və Ermənistanın sülh danışıqlarında irəliləyiş əldə etdiyini açıqlayıb. Bu barədə xarici siyasət idarəsinin mətbuat katibi Metyu Miller brifinqdə söyləyib.
Onun sözlərinə görə, Vaşinqton tərəfləri sülh razılaşması əldə etməyə təşviq etməkdə davam edir. “Sülh razılaşması region, regionda sülh və təhlükəsizlik üçün çox vacib olardı. Razılaşmanın mümkün olduğunu düşünürük, bunun üçün hər iki tərəfdən mürəkkəb seçimlər və çətin kompromislər tələb olunacaq”, - sözçü bildirib. Bundan əvvəl, NATO-nun yubiley sammiti çərçivəsində Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşündən sonra da sülh mesajları verilmişdi. Amma sülhün imzalanması üçün görüşlər, yaxud xoşməramlı bəyanatlar kifayət etmir. Azərbaycan Prezidenti sülhün formulunu açıq şəkildə və qətiyyətlə dilə gətirib. İlham Əliyev bəyan edib ki, Ermənistanla sülh sazişinin əsas şərti ölkəsinə qarşı ərazi iddialarını özündə əks etdirən Ermənistan konstitusiyasının dəyişdirilməsidir.
Sitat: “Sülh sazişinin əsas şərti Ermənistan konstitusiyasına dəyişiklik edilməsidir. Çünki orada Azərbaycana qarşı ərazi iddiaları var və sülh sazişi konstitusiya dəyişikliyi olmadan imzalana bilməz. Əsas prinsiplər üzərində isə indidən razılaşmaq və saziş mətni üzərində işləmək mümkündür”.
Ermənistan rəhbərliyi isə konstitusiya düzəlişlərini 2026-cı ilədək uzatmaqla “taym-aut” götürmək, “nə hərb, nə sülh” mövqeyini - status-kvonu qoruyub-saxlamaqla vaxt qazanmağı hədəfləyib. Və paralel şəkildə sülh bəyanatları səsləndirən Paşinyan hakimiyyəti silahlanmanı sürətləndirir, Hindistandan SEZAR özüyeriyən artilleriya qurğuları, snayperlər alır... Bu, Ermənistanın sülhə nə qədər “sadiq” olduğunu göstərir.
Elə bu qeydləri yazarkən erməni mediası təsdiqləyici xəbər yaydı. Bildirilir ki, Ermənistanın baş naziri Nikol Paşinyan ölkə konstitusiyasında dəyişikliklərə başlamaqla bağlı Azərbaycan Prezidenti İlham Əliyevdən vaxt istəyib. Musavat.com xəbər verir ki, bu barədə “Hraparak” qəzeti Ermənistanın hakim “Vətəndaş müqaviləsi” partiyasındakı mənbəyə istinadən xəbər yayıb. Qəzet yazır ki, Paşinyan konstitusiyada dəyişikliklərə 2026-cı ildə keçirilən parlament seçkilərindən sonra başlamaq niyyətindədir.
Artıq çox məsələlər bəllidir və Ermənistan hökumətinin Azərbaycanla sülh sənədi ətrafında manipulyasiya resursu tükənməkdədir. Siyasi müşahidəçilərə görə, son vaxtlar “Bakı ilə sülh sənədi bir araya, uzağı COP29-dək imzalana bilər” bəyanatlarını səsləndirməyi sevən İrəvan rəsmilərinin səmimiyyət dərəcəsini artıq əməldə isbatlamaq məqamı çatıb. Çünki Azərbaycandan asılı heç nə qalmayıb. Yazılı sülh anlaşmasına ən böyük əngəl isə məlum: Ermənistan konstitusiyası. Yəni “top” çoxdan İrəvanın meydanında. Hərçənd bunu danır, hətta Bakını sülhə əlavə əngəllər yaratmaqda ittiham edirlər.
Sözsüz ki, danışıqlarda Ermənistan tərəfdən əsas söz sahibi baş nazir Nikol Paşinyandır. O da “nöqtə”ni qoymalıdır. Bu halda haqlı olaraq ortaya suallar çıxır: bacaracaqmı, buna siyasi iradəsi çatacaqmı? Onun hansı sözünə inanmaq olar, hansına yox? Ümumiyyətlə, inanmaq olarmı?
Bu arada “Hraparak” qəzeti onu da iddia edib ki, Paşinyan Bakıda noyabrda keçiriləcək COP29 konfransında iştirak edə bilər. Bildirilir ki, sülh və ya sülhlə bağlı çərçivə sazişinin COP29-a qədər imzalanmasının mümkünlüyü haqda məlumatlar yayılandan sonra “hökumətyönlü təbliğat aparatı” Paşinyanın Bakıya səfər edə biləcəyinə eyhamlar vurur. “Açıq sənədlər və bəyanatlar əsasında öz təhlillərini aparan Areq Koçinyan Nikol Paşinyanın noyabrda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının iştirakçılarının konfransında iştirak etmək üçün Bakıya gedə biləcəyini istisna etməyib. "Mən istisna etmirəm ki, sazişin imzalanması COP29 çərçivəsində baş verəcək. Bir şərtlə ki, Ermənistanın baş naziri geri qayıdanda Bakıda saxlanılan hərbi əsirləri özü ilə gətirsin", - hökumətin rəsmi təbliğatçısı "AzadlıqRadiosu"nun erməni xidmətinə bildirib. Bu açıqlama Paşinyanın Bakıya mümkün səfəri ilə bağlı pərdəarxası danışıqların aparıla biləcəyini istisna etməməyə əsas verir", - məqalədə iddia olunur.
Hadisələrin bu yöndə inkişafı nə dərəcədə realdır? Söhbət hansı “hərbi əsirlər”dən gedir? Belə bir variant mümkünmü? Nəhayət, imzalanacaq sənədin, Paşinyanı Bakıya gətirəcək sənədin adı nə olacaq - çərçivə sazişi, yoxsa...
Qafar Çaxmaqlı
Politoloq Qafar Çaxmaqlı yaranmış situasiyanı “Yeni Müsavat”a şərh edərkən maraqlı fikirlər söylədi: “Ermənistanda belə hesab edirlər ki, Paşinyan COP29 tədbirlərində iştirak etmək üçün cidd-cəhdlə çalışır. COP29-a o, artıq sülh müqaviləsinə imza atmış lider kimi qatılacaq. Bu, Azərbaycan üçün də müsbət bir hadisə kimi tarixə düşəcək, yəni dünənə qədər problemli ölkələr bir arada olacaq. Amma Ermənistanda bunu da anlayırlar ki, ölkə konstitusiyasının preablua hissəsində Azərbaycana qarşı ərazi iddialarının yer aldığı ifadələr qalarsa, bağlanacaq müqavilənin heç bir keçərliliyi olmayacaq. Bu, çərçivə sazişi olsa belə. Ermənistan isə bu il referenduma getməyə hazır deyil, Paşinyanın guya 2026-cı il seçkilərində bunu həll edəcəyini söz verməsi Azərbaycanı razı sala bilməz. Həm iki il sonra başqa bir atmosfer, başqa bir situasiya ola bilər”.
Q.Çaxmaqlı əlavə etdi ki, Azərbaycan konkretlik istəyir və hələ COP29-a çox var: “Ermənistanın konstitusiya dəyişikliyi etməyə kifayət qədər vaxtı var. Bunu müəyyən prosedurları dəyişdirməklə parlamentdə də edə bilərlər. Erməni hüquqşünaslardan biri Artur Çilingəryan iddia edib. Paşinyan istəsə bu problemi həll edər, amma belə görünür ki, Ermənistan sülh danışıqları ilə bağlı siyasi manipulyasiyaları davam etdirmək istəyir, ona nail olmaq onun üçün önəmli deyil. Amma bəzi politoloqlar Paşinyanın Bakıdakı beynəlxalq tədbirdə müqavilə imzalansa da, imzalanmasa da getməli olduğunu deyirlər. Buna Ermənistanın Qərbə yönəlik siyasətinin tərkib hissəsi kimi baxırlar”.
Ermənişünas alim ilginc açıqlamalar verdi: “Politoloq Suren Surenyantsa görə, Paşinyanın Bakıya gəlməsi Ermənistanın beynəlxalq imicinə müsbət təsir göstərərdi. COP29 Ermənistan rəhbərliyi üçün yaxşı fürsətdir, həm də o mənada ki, Paşinyan Bakıda olan "hərbi əsirlər"i azad edə bilər və bu onun gələcəkdə reytinqini artırardı. Hərbi əsirləri Azərbaycan Ermənistana verib, burada olanlar cinayət törətmiş şəxslərdir və cinayətlər də Azərbaycan torpaqlarında törədilib. Qanunlarımızla onlar mühakimə olunurlar, hələ Ermənistanda olan və cinayətlərə bulaşmış xeyli adam var ki, Azərbaycan onların da tutulub təhvil verilməsini Ermənistandan tələb edib. Bloger Natali Aleksanyan Köçəryan, Sərkisyan və Ohanyanın da tutulub Azərbaycana verilməsini təklif edir. Bakıda imzalanması ehtimal olunan sənəd yalnız çərçivə sənədi ola bilər, çünki Ermənistan sülh anlaşması kriteriyalarına cavab verəcək addımları atmır və yaxud buna hazır deyil".
Məhəmməd Əsədullazadə
Politoloq Məhəmməd Əsədullazadə bildirdi ki, Ermənistanla Azərbaycan arasında danışıqlar çərçivə sazişi üzərində gedir: “Tərəflər konkret qərarlaşıb ki, bir-birilərinə hərbi təhdid olmayacaq. Azərbaycan tələb edir ki, konstitusiya dəyişsin. Əlbəttə, sülh müqaviləsi ölkənin konstitusiyasina zidd olmamalıdır. Ermənistanın Azərbaycandan vaxt istəməsi mümkündür. Amma çərçivə sazişi imzalanmalıdır. Ermənistan isə buna tələsmir, əlavə şərtlər irəli sürür. Üstəlik, Azərbaycanda saxlanılan terrorçuları tələb edir. Azərbaycan buna gedə bilməz. Xüsusilə separatçı liderlərin azadlığı müzakirə predmeti olmayacaq”.
Bütün bunların fonunda ekspert güman edir ki, Paşinyan Azərbaycana gələ bilər: “Bunu Vaşinqton da Paşinyandan tələb edir. Azərbaycana getsin və çərçivə sazişi imzalansın. Bu, mümkündür. Amma Ermənistan əlavə şərtlər irəli sürə bilməz. Kompromis ola bilməz. Anklav kəndlərlə bağlı fikir ayrılıqları var. Bir də Kəlbəcər istiqamətində sərhədlə bağlı Ermənistan tərəfinin şərtləri var. Hesab edirəm ki, bu, çərçivə sazişi ilə tənzimlənə bilər. COP29-a kimi sənədin imzalanması mümkündür. Ancaq rəsmi Bakı tələsmir”.
Politoloq hesab edir ki, sülh daha çox Ermənistana lazımdır, əgər reallığı dərk edərlərsə...
Yazı hazırlanarkən məlum oldu ki, bir aya sülh imzalanmasını mümkün sayan Paşinyan... bir aylıq məzuniyyətə çıxıb. Musavat.com erməni mediasına istinadən bildirir ki, bu barədə "Sputnik Ermənistan"a onun mətbuat katibi Nazeli Baqdasaryan məlumat verib. “Paşinyan iyulun 15-dən məzuniyyətdədir. Baş nazir bunun böyük hissəsini Ermənistanda keçirəcək”, - o qeyd edib. Bildirilir ki, Paşinyan avqustun 12-dək məzuniyyətdədir. O da bildirilir ki, Nikol Paşinyan bu həftə Londonda keçiriləcək Avropa Siyasi Birliyinin dördüncü sammitində iştirak edəcəyi üçün məzuniyyətini yarımçıq qoyacaq.
Çox güman ki, ailəliklə Berlinə, Avropa Çempionatının finalına baxmağa gedən Paşinyan istirahətini davam etdirməyə qərar verib. Deməli, onun sülhlə bağlı dedikləri də uydurma imiş, sadəcə, vaxtı uzadır, əvvəlcədən ehtimal etdiyimiz kimi. Amma sülh sazişi ilə bağlı prosesin uzadılması Ermənistanın özünə başağrısı yarada bilər, Paşinyan növbəti səhvə yol versə, günahı başqasında axtarmasın.
Düzdür, o da zaman-zaman reallığı erməni xalqına açıqlayır, hətta “məndən deməkdir”, məzmununda çıxışlar edir, həmçinin konstitusiya ilə bağlı. Lakin Baqrat Qalstanyanın dəstəsinin yenidən baş qaldırması revanşistləri həvəsləndirir. Həmçinin xarici havadarların davranışları, Ermənistanı silahlandırması. İstənilən halda baş verəcəklərə görə məsuliyyəti Paşinyan daşıyacaq. Türkiyə də ən yüksək səviyyədə sülh, həmçinin Zəngəzur dəhlizi ilə bağlı mövqeyini ifadə edib, bu anlaşmaların Ermənistanın özü üçün faydalı olduğunu bəyanlayıb. Qapıların açılması da İrəvanın Azərbaycanla anlaşmasından asılı olacaq, bu qədər sadə həll yolu varkən, Nikol niyə “dağa-daşa” düşüb?
E.PAŞASOY,
“Yeni Müsavat”