Dünən Ermənistan parlamenti Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi üzrə komissiyanın və Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası üzrə dövlət komissiyasının birgə fəaliyyəti haqqında əsasnaməni ratifikasiya edib.
Bunu BRİKS sammitində Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
N.Paşinyan prosesin nə zaman intensivləşəyinə aydınlıq gətirib:
“Sözügedən sənəd hər iki ölkədə qüvvəyə mindikdən sonra biz 1991-ci il Alma-Ata Bəyannaməsinin əsas prinsipləri əsasında Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası prosesini intensivləşdirə biləcəyik. Xüsusilə vurğulamaq istərdim ki, Ermənistan Konstitusiya Məhkəməsinin bu sənədlə bağlı qərarı nəhayət bütün narahatlıqları aradan qaldırdı və Ermənistan Konstitusiyasında qonşu ölkələrə qarşı iddia edilən ərazi iddialarının olması ilə bağlı bütün arqumentləri aradan qaldırdı. Ötən aylarda həm Ermənistan, həm də Azərbaycan dəfələrlə bəyan edib ki, Ermənistanla Azərbaycan arasında sülh və dövlət münasibətlərinin qurulmasına dair saziş ən azı 80-90 faiz razılaşdırılıb.
Bir-birinin ərazi bütövlüyünün qarşılıqlı tanınması, qarşılıqlı ərazi iddialarının olmaması və gələcəkdə belə iddialarla çıxış etməmək öhdəliyi, gücdən istifadə etməmək və hədələməmək prinsipinə əməl olunması məsələsi ilə bağlı müddəalar artıq tam razılaşdırılıb. O cümlədən, güc, bir-birinin daxili işlərinə qarışmamaq, diplomatik münasibətlərin qurulması və tərəflərin üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi üçün ikitərəfli mexanizmlərin yaradılması da razılaşdırılıb. Razılaşdırılmış məzmunda saziş Ermənistan və Azərbaycan arasında sülh üçün möhkəm zəmin yaradılması və münasibətlərin normallaşdırılması üçün zəruri olan bütün fundamental məsələləri formalaşdırır və həll edir. Biz Azərbaycanı bu sazişi imzalamağa dəvət edirik”.
Nigar HƏSƏNLİ,
Musavat.com