“Danışıqlar masasında baş verənlərlə bağlı çox şey deməyək, çünki onsuz da danışıqlar zalında ab-hava çox müsbət deyil və şərhlər mövcud potensialı azalda bilər”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında bildirib.
“Mən sizə 29 800 kvadratkilometr ərazini əhatə edən bir epizod haqqında danışacağam. Danışıqlar zamanı Azərbaycan Ermənistanın ərazi bütövlüyünü tanıdığını və heç bir ərazi iddiası olmadığını bəyan etdi. Niyə söhbət davam edir? Bir sadə səbəbə görə. Brüsseldəki danışıqlarda belə bir sual yarandı: Azərbaycan Ermənistanın ərazi bütövlüyü dedikdə nəyi nəzərdə tutur? Ermənistan Azərbaycanın ərazi bütövlüyündən danışanda nəyi nəzərdə tutur?”, - deyə Paşinyan bununla bağlı yaranan vəziyyəti bu cümlələrlə təsvir edib.
Onun sözlərinə görə, ərazilərlə bağlı məlumatlar Aİ Şurasının prezidentinə ötürülüb.
“Sonra rəqəmlərin yuvarlaqlaşdırıldığı məlum oldu. Azərbaycan tərəfi Ermənistanın dövlət orqanlarının internet saytlarında Ermənistan ərazisinin 29 800 kvadratkilometrdən az - 29 743-dən az göstərilməsinə diqqəti çəkib. Eyni şey Azərbaycana da aiddir, rəqəm yuvarlaqlaşdırılıb. Məhz bu rəqəmlər ətrafında aparılan müzakirələrə görə müəyyən gərginlik yaranıb”, - deyə Ermənistanın baş naziri bildirib.
Musavat.com