Xəbər verildiyi kimi, Avropa Parlamenti dünən “Aİ ilə Ermənistan arasında daha sıx əlaqələr və Azərbaycanla Ermənistan arasında sülh sazişinin bağlanmasının zəruriliyi haqqında” qətnamə qəbul edib.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında danışıb.
“Bütün fraksiyaların dəstəklədiyi bu sənəd 504 lehinə, 4 əleyhinə və 32 bitərəf olmaqla qəbul edilib. Qətnamədə 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanan Ermənistanın ərazi bütövlüyü və müstəqilliyinə dəstək, həmçinin Ermənistan və Azərbaycan arasında sülh səylərinə dəstək ifadə edilir”,-deyə Paşinyan söyləyib.
Avropa Parlamentinin qətnaməsini alqışlayan Paşinyan onun Ermənistanda müzakirə obyektinə çevrilməli olduğunu deyib. “Bu, Ermənistanın gələcəyə baxışını müzakirə etmək üçün daha bir səbəbdir və ümid edirəm ki, siyasi qüvvələr, ictimai təşkilatlar, cəmiyyətin müxtəlif təbəqələri, Ermənistan vətəndaşları Avropa Parlamentindən səslənən bu mesaja öz münasibətini bildirəcəklər, çünki bu cür mesajlara ehtiyac var. Eyni zamanda mən Ermənistan hökumətinin Ermənistan-Avropa İttifaqı münasibətlərinin daha da dərinləşdirilməsi və inkişafı istiqamətində işi davam etdirmək iradəsini ifadə etməliyəm”, - deyə Paşinyan bildirib.
Musavat.com