Rusiya Prezidenti Vladimir Putinlə ilk söhbətim oktyabrın 7-də, onu ad günü münasibətilə təbrik edəndə oldu. Daha sonra Putin atəşkəsin mümkün qədər tez əldə olunması üçün vasitəçilik səyləri göstərmək istədiyini bildirdi.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan 44 günlük müharibənin şəraitini araşdıran komissiyanın iclasında deyib.
“Razılaşıb, atəşkəsin şərtlərini soruşdum. Bizim mövqeyimiz ondan ibarət idi ki, ilkin şərt qoyulmadan atəş dayandırılmalı, tərəflər öz mövqelərində qalmalı, bundan sonra tərəflərin hansı kompromislərə hazır olması ilə bağlı məsləhətləşmələr başlamalıdır. Dedim ki, bu variant bizim üçün məqbuldur. Rusiya prezidenti ilə ikinci telefon danışığım elə həmin gün axşam saatlarında oldu. O, Azərbaycan prezidenti ilə danışdığını, lakin Əliyevin atəşkəslə razılaşmağa hazır olmadığını bildirdi. Buna baxmayaraq, Putin ertəsi gün İlham Əliyevlə yenidən danışmağa razılaşdığını dedi.
Ertəsi gün Rusiya prezidenti mənə bildirdi ki, Azərbaycanın atəşkəs üçün ilkin şərtləri var. Əliyev qeyd edib ki, Ermənistan ordusunun Füzulidən və Araz boyu qoşunların Xudafərin su anbarından çıxarılmasını gözləyir. Azərbaycanın suvarma üçün su çəkmək imkanı olmalı idi. Bundan başqa, Azərbaycan Prezidenti Quliyev və Əsgərovun qaytarılmasında tələb edirdi. Bakı buna cavab olaraq məhbusları qaytarmağa hazır idi. Ancaq bütün bunlar yalnız humanitar atəşkəsin təmin edilməsi üçündür, hərbi əməliyyatların dayandırılması deyildi. Mən dedim ki, ilkin şərtlər qəbuledilməzdir, çünki Rusiya Prezidenti və mən ilkin şərt olmadan atəşkəsin yaradılması barədə razılığa gəldik. Mən qoşunların çıxarılmasına razılaşsam belə, o zaman Azərbaycanın hücumu davam etdirməyəcəyinə zəmanət yox idi”, - o bildirib.
Paşinyan qeyd edib ki, Xudafərin su anbarından birgə istifadə, Əsgərov və Quliyevin əsirlərin müqabilində qaytarılmasının danışıqlar predmeti olmasına razılıq verib:
“Lakin Füzulinin qaytarılması və qoşunların çıxarılması qəbuledilməz idi. Növbəti söhbət zamanı Putin bildirdi ki, Azərbaycan oktyabrın 9-dan 10-na keçən gecə humanitar atəşkəs imzalamağa hazırdır. Bunu müzakirə etmək üçün Ermənistan və Azərbaycanın xarici işlər nazirləri - Mnatsakanyan və Bayramov Moskvaya dəvət edildi. Görüş oktyabrın 10-da səhər saatlarında Lavrovun iştirakı ilə baş tutdu. Bundan sonra BQXK-nın vasitəçiliyi ilə əsirlərin və ölənlərin cəsədlərinin dəyişdirilməsi üçün humanitar atəşkəs elan edildi. Tərəflər ATƏT-in Minsk qrupunun prinsipləri əsasında sülh yolu ilə nizamlanmanın tezliklə əldə edilməsi üçün substantiv danışıqlara başlamalı idilər. Lakin qısamüddətli atəşkəsdən sonra Azərbaycan nəinki atəşkəs rejimini dəstəkləmədi, hətta keçmiş DQMV ərazisi də daxil olmaqla, öz hücumlarını bərpa etdi, Xankəndiyə, Ağdərəyə raket zərbələri endirdi və Hadrut şəhərinə hücum etdi. İrəvan diplomatik sahədə səylərini davam etdirirdi.
Təmas xəttinin hər iki tərəfində rusiyalı müşahidəçilərin yerləşdirilməsi variantı nəzərdən keçirildi. Azərbaycan isə hərbi əməliyyatların intensivliyini artırmaqla bunun qarşısını aldı. Vəziyyət nikbinlik yaratmadı, buna görə də hərbi əməliyyatların dayandırılması üçün başqa bir variant - güzəştlər variantı oldu. 13 oktyabr 2020-ci ildə mən ilk dəfə Rusiya Prezidentinə müharibəni dayandırmaq üçün nə etməli olduğumu soruşdum. Eyni mövzuda daha uzun söhbət oktyabrın 16-da oldu. O, belə bir fikir bildirdi ki, 5 rayonun qaytarılması müqabilində, əlbəttə ki, heç bir status dəqiqliyi olmadan müharibənin dayandırılmasından danışmaq olar. Həmin gün qərara alındı ki, tərəflər bu ideyanın həyata keçirilməsi üzərində işə başlasınlar. Oktyabrın 17-də Fransa Prezidenti Emmanuel Makron təşəbbüslə çıxış edərək Azərbaycan Prezidentinin oktyabrın 18-i saat 00:00-dan etibarən heç bir şərt irəli sürmədən atəşkəs rejiminin yaradılmasına razılıq verdiyini bəyan etdi. Oktyabrın 17-də axşam saatlarında bu barədə məlumat yayıldı. Lakin Azərbaycan hərbi əməliyyatları dayandırmadı.
Bunu nəzərə alıb əvvəlki proqrama qayıtdım və oktyabrın 19-da günortadan sonra Putinlə danışdım. Rusiya Prezidenti qeyd etdi ki, Moskvanın uzun illər əvvəl işləyib hazırladığı plan əsasında müharibəni dayandırmaq mümkündür. Şərt isə belədir – 5+2 formatında 7 rayon qaytarılır, Laçın yolu ilə Ermənistanla Qarabağ arasında əlaqə məsələsi həll edilir, Rusiya sülhməramlıları Qarabağa yerləşdirilir, lakin status qeyri-müəyyən olaraq qalır. Söhbətdən sonra parlament qüvvələri və parlamentdənkənar qüvvələrin nümayəndələri, daha sonra isə prezidentin, bütün ermənilərin katolikosunun iştirakı ilə Təhlükəsizlik Şurasının iclasını keçirtdik. Orada dedim ki, mən Rusiya Prezidentinə zəng vurub təklif olunan variantı qəbul etdiyimi söyləməyə hazırlaşıram. Dəvət olunanlardan kiminsə bu qərarın məsuliyyətini mənimlə bölüşəcəyini gözləmirdim, yalnız baş verənləri xəbər verdim”.
Paşinyan axşam Putinə zəng edərək bu şərtlərlə müharibəni dayandırmağa hazır olduğunu bildirib:
“O zaman Füzuli və Cəbrayıl faktiki olaraq tamamilə Bakının nəzarətində idi. Oktyabrın 20-də Putinlə Əliyevin söhbətindən sonra Azərbaycan müharibəni dayandırmağa hazır idi. Lakin qalan bütün rayonları almağı tələb edirdi. Bundan başqa, azərbaycanlı qaçqınların Şuşaya qayıtmasına təminat verilməli, Azərbaycanın Naxçıvana dəhlizinin açılması üçün Meğridə rus sülhməramlıların yerləşdirilməsi təmin edilməli idi. Bununla razılaşmadım. Oktyabrın 26-dan etibarən atəşkəs üçün Amerika vasitəçiliyi də nəticə vermədi. Azərbaycan hücumu davam etdirdi, hədəfi Şuşa idi. Nəticədə 2020-ci il noyabrın 6-da Ermənistan, Rusiya və Azərbaycan liderlərinin üçtərəfli bəyanatı üzrə danışıqlar başladı”.
Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində eks xarici işlər naziri Tofiq Zülfüqarovla müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.