Cənubi Qafqazın sülhə və sabitliyə ciddi şəkildə ehtiyacı var. Bu region son 30 ildə davamlı savaş vəziyyətindən hələ də xilas ola bilməyib. Üstəlik, Cənubi Qafqazda iki böyük müharibə baş versə də, üçüncü regional savaş təhlükəsi də son vaxtlar kifayət qədər inandırıcı görüntülər almağa başlayıb. Və bu, hazırda region dövlətlərinin həll etməyə borclu olduğu əsas problemlərin sırasına daxildir.
Onu da qeyd etmək lazımdır ki, Cənubi Qafqazın mövcud problemlərini indi yalnız region ölkələri və bu coğrafiyaya qonşu dövlətlərin ortaq fəaliyyəti ilə nizamlamaq mümkündür. Xüsusilə də, regiondan kənar beynəlxalq güclərin - ABŞ, Avropa Birliyi və Fransanın Cənubi Qafqaza kobud müdaxiləsi yolverilməz xarakter daşıyır. Və bu, Cənubi Qafqazda yalnız hərbi-siyasi gərginliyin yüksəlməsinə səbəb olur.
Təbii ki, bu situasiyadan optimal çıxış yolu mövcuddur. Azərbaycan Prezidenti İlham Əliyev II Qarabağ savaşının sona çatmasından sonra Cənubi Qafqazın inkişaf perspektivlərinin ön plana çıxarılmasını təklif etmişdi. Azərbaycan lideri Cənubi Qafqaz üçün "3+3" formatında əməkdaşlıq və tərəfdaşlıq platformasının yaradılmasının vacib olduğunu vurğulamışdı. Və Azərbaycanın strateji müttəfiqi olan Türkiyə də bu formatın işə salınmasını dəstəkləmişdi.
Maraqlıdır ki, indiyə qədər "3+3" formatında Rusiya və İranda görüşlər keçirilib. Həmin toplantılarda Gürcüstan iştirak etməmişdi. Rəsmi Tiflis həmin dövrdə Avropa Birliyinə inteqrasiya ümidlərini hələ qoruyub, saxlamaqdaydı. Ona görə də, rəsmi Tiflis Rusiyanın Gürcüstan ərazilərini işğal etdiyini səbəb göstərməklə, "3+3" formatından məsafə saxlamağa üstünlük vermişdi. Və indi Gürcüstan mövqeyinin necə olacağı maraq doğurmaya bilməz.
Məsələ ondadır ki, ötən müddət ərzində Gürcüstan üçün bəzi şeylər dəyişib, hətta yeni situasiya yaranıb. Belə ki, ABŞ və Avropa Birliyi "xarici agentlər" barədə qanunun qəbulunu bəhanə edərək, Gürcüstana qarşı sanksiyalar tətbiq etməyə başlayıb. Avropa Birliyi Gürcüstanın bu quruma üzvlük prosesini dayandırmaq barədə qərar qəbul edib. Yəni, rəsmi Tiflis üçün hazırda "3+3" formatına qatılmaq Gürcüstanın geopolitik maraqları baxımından, daha sərfəli manevr xarakteri daşıyır. Və Gürcüstan necə mövqe tutacağı yəqin ki, yaxın vaxtlarda aydınlaşmağa başlayacaq.
Digər maraqlı məqam Ermənistanın xarici siyasət vektoru ilə bağlıdır. Rəsmi İrəvan bundan əvvəlki "3+3" formatında görüşlərə istəməsə belə, qatılmışdı. Ancaq sonrakı mərhələdə Ermənistan üçün də bir çox geopolitik şərtlər ciddi şəkildə dəyişib. Hər halda, rəsmi İrəvan Ermənistanın Rusiyadan uzaqlaşıb, Qərbə yaxınlaşma cəhdlərini böhranlı həddə qədər inkişaf etdirib. Xüsusilə də, son vaxtlar rəsmi İrəvan açıq-aşkar Kremllə müttəfiqlik münasibətlərinin pozulmasına yönəlmiş provokativ addımlar atmağa başlayıb. Və Rusiya ilə münasibətlərdə tarixi böhran yaşanmaqdadır.
Digər tərəfdən, rəsmi İrəvan Ermənistanın siyasi idarəçilik sistemini tamamilə ABŞ, Avropa Birliyi və Fransanın ixtiyarına verib. İndi Paşinyan hakimiyyəti Ermənistanın Qərbdəki sahiblərinin icazəsi olmadan heç bir addım atmır və hər hansı qərar da qəbul etmir. Yəni, rəsmi İrəvan Ermənistanı sözün əsl mənasında Qərbin regional müstəmləkəsinə çevirib. Və bu baxımdan, Ermənistanın "3+3" formatında növbəti toplantıya qatılıb-qatılmayacağı rəsmi İrəvandan çox Qərbdə veriləcək qərara bağlıdır.
Bütün bunları nəzərə aldıqda, rəsmi İrəvanın Türkiyədə keçiriləcək “3+3” formatında növbəti görüşdə iştirakla bağlı hələ qərar verə bilməməsi qətiyyən təəccüblü deyil. Rəsmi İrəvan əgər, “3+3” regional platformasının üçüncü iclasında Ermənistanın mümkün iştirakı ilə bağlı konkret razılaşmalar olarsa, ictimaiyyətə məlumat veriləcəyini bəyan etməklə, kifayətlənib. Və Ermənistan Xarici işlər Nazirliyi həmin razılaşmaların hansı ünvanlarla əldə edilməli olduğuna isə aydınlıq gətirməyib.
Halbuki, buna elə bir ciddi ehtiyac da yoxdur. Çünki rəsmi İrəvanın ABŞ, Avropa Birliyi və Fransadan razılıq almalı olduğunu indi hamı bilir. Sadəcə, Paşinyan hakimiyyətinə belə bir icazənin və ya razılığın verilmə ehtimalı hələlik o qədər də inandırıcı görünmür. Çünki "3+3" formatı ABŞ və Qərbin maraqlarına qətiyyən cavab vermir. Və bu səbəbdən də, rəsmi İrəvana Türkiyə görüşündə iştirakın qəti şəkildə qadağan olunacağı daha inandırıcı görünür.
Məsələ ondadır ki, ABŞ və Qərb Ermənistanın Rusiyadan qoparılmasına cəhd göstərir. Hətta Paşinyan hakimiyyəti KTMT da daxil olmaqla, Rusiyanın iştirak etdiyi əksər platformalardan məsafə saxlayır, onlara qatılmaqdan imtina edir. Üstəlik, bunu birmənalı şəkildə Qərbdən gələn təlimatlar çərçivəsində edir. Və indi belə bir vəziyyətdə Ermənistanın "3+3" formatında Türkiyə görüşünə qatılacağına inanmaq hələlik çox çətindir.
Onu da nəzərə almaq lazımdır ki, "3+3" formatı ABŞ, Avropa Birliyi və Fransanın Cənubi Qafqaza kobud geopolitik müdaxilə imkanlarını bloklaya biləcək önəmli bir regional platformadır. Əgər, bu platforma həqiqətən işlək regional əməkdaşlıq mexanizminə çevrilirsə, onda ABŞ, Avropa Birliyi və Fransanın üzünə Cənubi Qafqazın qapıları böyük ölçüdə bağlana bilər. Və Qərbdə bu təhlükəni tam dəqiqliyi ilə anlayırlar.
Ona görə də, Qərbdən Paşinyan hakimiyyətinə "3+3" formatında iştiraka qadağa mesajı veriləcəyi daha inandırıcı görünür. Xatırladaq ki, bir müddət öncə baş nazir Nikol Paşinyan Fransanın təlimatı ilə Azərbaycan və Ermənistan arasında yüksək səviyyəli London görüşündə iştirakdan imtina etmişdi. "3+3" formatında keçiriləcək Türkiyə görüşünə münasibətdə də Qərbdən Paşinyan hakimiyyətinə analoji təlimatın verilə biləcəyi qətiyyən istisna deyil. Və bu baxımdan, Qərbin Cənubi Qafqaza faydalı ola biləcək bütün əməkdaşlıq platformalarını bloklamağa çalışdığı açıq-aşkar nəzərə çarpır.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu