Xəbər verildiyi kimi, Azərbaycan Ermənistanı COP29 iqlim sammitinə dəvət edib. Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev II Qlobal Media Forumunda xarici jurnalistlərə bildirib ki, Bakı İrəvana rəsmi dəvət göndərib.
“Muxtar Babayev (COP29-un prezidenti) Ermənistanın xarici işlər nazirinə dəvət məktubu göndərib”, - köməkçi vurğulayıb.
H.Hacıyev qeyd edib ki, hər iki ölkənin rəsmi diplomatik münasibətləri olmadığı halda bu məktubun göndərilməsi Azərbaycanın xoşməramlı və inklüziv yanaşmasının nümunəsidir. O əlavə edib ki, COP29 qlobal səydir və həlledici danışıqlar “Ermənistan və Azərbaycanın hüdudlarından kənara çıxır”.
“İndi Ermənistan hökumətinin qərar vermə vaxtıdır”, - H.Hacıyev vurğulayıb.
Yada salaq ki, az öncə erməni mediası Nikol Paşinyanın payızda Bakıya gələ biləcəyini mümkün saymışdı. İddialara görə, o bunu sülh sənədi imzalanandan sonra edə və geri dönərkən “erməni əsirləri” gətirə bilər.
“Azərbaycan Ermənistanı noyabrda keçiriləcək COP29 İqlim sammitinə dəvət edib. Burada İrəvana sənəd imzalanması təklif oluna bilər”.
Bunu erməni politoloq Suren Surenyantsa deyib.
O, Bakının COP29 təklifinin çox vacib addım olduğunu bildirib: “Baş nazir Nikol Paşinyan Bakıya səfər edəcəyi halda ona müvəqqəti sənədin imzalanması təklif oluna bilər. Bu, imic baxımdan Bakı üçün çox mühüm addım olsa da, İrəvan üçün belə deyil”.
O, baş nazirin Bakıya səfər qarşılığında şərt irəli sürməli olduğunu deyib. Bildirib ki, Paşinyan yalnız keçmiş qondarma rejimin həbsxanada olan cani-terrorçuları ilə geri qayıtmaq şərti qarşılığında Bakıya getməyə razılıq verməlidir.
Bəs Paşinyanın seçimi nə olacaq? Onun sülh sənədi imzalanmadan Azərbaycana gəlişi mümkünmü? Yoxsa öz yerinə başqa adamı göndərəcək? Kimi?
İstənilən halda Bakıya gəlsə də, gəlməsə də uduşda Bakı olacaq! Çünki zaman Ermənistana işləmir...
Elçin Mirzəbəyli
Politoloq Elçin Mirzəbəyli “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanın Ermənistana COP29-da iştirak üçün dəvət göndərməsi xoş və sülhməramlı niyyətin təzahürüdür: “Nəzərə alsaq ki, Azərbaycanla Ermənistan arasında bugünə kimi sülh müqaviləsi imzalanmadan bir sıra razılaşmalar əldə olunub, həmçinin İrəvan COP29-un Azərbaycanda keçirilməsinin əleyhinə çıxış etməyib, o zaman Paşinyanın ölkəmizə keçirilən qlobal miqyaslı tədbirdə iştirak etməsində heç bir problem olmamalıdır. Amma söhbətin Ermənistandan getdiyini, həmçinin bu ölkənin Azərbaycan əleyhinə sistemli və davamlı qarayaxma kampaniyası aparan dairələrlə işbirliyində olduğunu, müstəqil xarici siyasət yürütmək iqtidarında olmadığını nəzərə alsaq, Ermənistan rəsmiləri COP29-da iştirak üçün ölkəmizə gəlməyə də bilərlər. Bunun üçün müxtəlif bəhanələr də gətirilə bilər. Yaxud məsələnin üzərindən sükutla keçməyə çalışa bilərlər. Düşünürəm ki, Nikol Paşinyanın Böyük Britaniyada, sözügedən ölkənin baş nazirinin təşəbbüsü ilə keçirilməsi nəzərdə tutulan görüşdən son anda imtina etməsi və bu imtinada rəsmi Parisin təlimatlarının rol oynadığı barədə yayılan məlumatlar Ermənistanın COP29-a qatılmayacağı ehtimalını da yaradır.
Ola bilsin ki, rəsmi İrəvan, hər zaman olduğu kimi, yayındırıcı manevrlərdən istifadə etsin və Azərbaycana, məsələn, ətraf mühitin mühafizəsi naziri Akop Simidyanı, yaxud nazirliyin hər hansı bir rəsmisini göndərsin. Lakin qeyd edim ki, baş nazir Paşinyanın COP29 çərçivəsində Azərbaycana gəlişi sülh müqaviləsinin imzalanmasını tezləşdirə və bütövlükdə Cənubi Qafqazda əməkdaşlığa töhfə verə bilər".
Elçin Mirzəbəyli əlavə etdi ki, əslində bu, Ermənistan üçün böyük bir şansdır: ""Çünki Azərbaycana və azərbaycanlılara qarşı uzun illər boyu işğal, etnik təmizləmə və digər ağır müharibə cinayətləri həyata keçirən Ermənistan əgər sülh istəyirsə, etimad mühiti yaratmaq üçün konstruktiv davranmalı və bu istiqamətdə real addımlar atmalıdır".
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”