Paşinyana şans vermək olarmı?..

Bəli, nəinki Zəngəzur, Göyçə və onun ətrafı, İrəvan şəhəri, ümumiyyətlə, indiki bütün Ermənistan ərazisi bizim torpaqlarımızdır - bununla heç kim mübahisə etmir, edə də bilməz! Amma nə etmək olar ki, bu məsələ də artıq keçmişdir və biz bununla barışmalıyıq. Bəli, ata-babalarımız vaxtında bu haqda ciddi düşünməli idilər. 

Mənim bizim ilk İSTİQLALÇI - RESPUBLİKAÇI ATALARIMIZA, ümid edirəm ki, sayğıma, diqqətimə və sevgimə şübhə etməzlər - kimsə  kökünə təpik atarmı? 

Amma heç vaxt anlaya bilməmişəm ki, niyə görə o vaxt bizim Milli Şura İrəvanı ermənilərə güzəşt etdi? 

Bununla heç nəsə dəyişdimi? Ermənilər yeni yaranmış Azərbaycana qarşı ərazi iddialarına son verib bizimlə dost oldularmı, “gəlin əl-ələ verib dost olaq, bir-birimizin müstəqilliyini qoruyaq!” dedilərmi, bizim istiqlalçı atalarımızın Qafqaz Evi kimi çox mütərəqqi ideyasına-təklifinə dəstək verdilərmi, onların azərbaycanlılara - türklərə münasibəti dəyişdimi, nəhayət, heç olmasa, bundan sonra Bakını boşaltdılarmı?.. 

Axı hamıya məlumdur ki, o vaxt Bakı rəhmətlik Nuru Paşanın komandanlığı ilə alındı! Deyilənə görə, ermənilər hətta özləri də İrəvana  iddialı deyilmişlər, paytaxt kimi də, yanılmıramsa, tamam başqa şəhəri (səhv edirəmsə, tarixçilər korrektə edər!) elan etmək istəyirlərmiş!..

Sonrakı illərdə elə keçmiş kommunist atalarımız da (nə etmək olar, onlar da bizim tariximizdir!) böyük səhvlərə yol verdilər, onlar da torpaq vermək məsələsində böyük səxavət göstərdilər! Bundan sonra, sovetin sonrakı illərində isə Ermənistan addım-addım azərbaycanlı türklərdən təmizləndi, M.Qorbaçov dövründən başlayaraq isə ermənilər daha böyük iştaha düşdülər və hətta bütün Qarabağı bizdən almaq istədilər, amma onların növbəti avantürası nə ilə bitdi, bunu artıq hamınız bilirsiniz!..

Fəqət, bütün bunlar artıq tarixdir. Qarabağ tamam azad edilib və indi rəsmi Bakı da, qardaş Ankara da Ermənistana münasibətdə yeni siyasi kurs götürüb - bəli, bugün-sabah Ermənistanla sülh sazişi imzalana bilər və hamımız buna çox ümidliyik! 

Bu sülh sazişi ondan ötrü lazımdır ki, Rusiya imperiyasının (elə başqalarının da!) qarmağı buralardan tamamilə yağışdırılsın, Kremlin geosiyasi ilgəyi boğazımızdan çıxsın, çünki buna zəmin qalsa, ermənilər yenə də Kremlin və ya bir qeyrisinin işarəsi ilə bizə qarşı çıxa bilərlər, ona görə ki, onlar təbiətən XƏYANƏTKARDILAR...

İndi tam sülh əldə etmək üçün xeyli zəmin yaranıb - baxmayaraq ki, Paşinyan da, komandası gah nala vurur, gah da mıxa! Bəli, hətta COP29 tədbirlərinə də gəlmədilər - ya cəsarətləri çatmadı, ya da XİSLƏTLƏRİ imkan vermədi!..

Amma yenə də insafən demək lazımdır ki, Nikol Paşinyan çalışır, NƏSƏ etmək istəyir - hətta deyilənə görə, erməniləri demək olar ki, konstitusiyaya və “istiqlaliyyət bəyannaməsi”nə (ona görə kiçik hərflərlə, dırnaqda yazıram ki, Ermənistan hələ indi-indi müstəqil olur!) düzəlişlər etmək üçün razı salıbdır! 

Bu adam sərsəm ermənilərin psixologiyasını, az da olsa, dəyişmək üçün cəhdlər edir. 

Onlara deyir ki, Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları Ermənistanın təhlükəsizliyi üçün təhdid yaradır, onlara daim təlqin edir ki, Azərbaycan və Türkiyədən real olaraq bizim üçün təhlükə yoxdur, əlbəttə, əgər İrəvan onlarla normal münasibətlər qursa...  

Bəli, keçmiş jurnalist, indiki baş nazir Nikol Paşinyan nəinki şərqşünas-ermənişünas alim, elmlər doktoru, eks-prezident Levon Ter-Petrosyanın səhvlərini düzəltməyə, hətta ondan daha çox etməyə çalışır! 

Yadınızdadırmı, Ter-Petrosyan prezident olanda cəmi bir məqalə yazdı və erməniləri Azərbaycanla sülhə çağırdı, amma o vaxt kriminal siyasi elementlərin əli ilə Kreml onu prezidentlikdən qovdu, Matenadarana “erməni əlyazmaları”, “qədim erməni - Assuriya ədəbi əlaqələri” ilə məşğul olmağa göndərdi!..

Odur ki, indi tam sülh üçün real imkan yaranıb və biz də Paşinyana münasibətimizi dəyişməliyik. Deyim ki, rəsmi Bakı da bunu etməyə cəhd göstərir. Düzdür, çox çətin gedir bu proses, Paşinyan heç də həmişə, yumşaq şəkildə desək, ardıcıl deyil, üstəlik, gündə biri gəlir Ermənistana və hamısı da durbinini tuşlayır Azərbaycana tərəfə... 

Amma yenə də düşünürtük ki, bir az səbrli və müdrik olmalıyıq. Məsələn, Qərbi Azərbaycan məsələsinə gəldikdə, bu bölgədən olan həmvətənlərimizin hisslərini tam başa düşürük - bir daha deyirik ki, o torpaqların hamısı bizimdir, bununla heç kim mübahisə etmir, edə də bilməz! Amma gəlin bu söhbətləri müvəqqəti də olsa, məhdudlaşdıraq, çünki bu məsələ Ermənistanda qıcıq yaradır, ermənilər də Paşinyana deyir ki, bax, azərbaycanlılar da bizə qarşı ərazi iddiası irəli sürür, sən də “Qərbi Ermənistan”, nə bilim, “Şərqi Ermənistan” məsələsini at ortaya! 

Beləcə, “Qərbi Ermənsitan”, daha nə bilim, “Şərqi Ermənistan” kimi  gicbəsər nağıllar, siyasi əfsanələr yaranır, hətta siyasi “çağırışlar” peyda olur bugünkü İrəvanda... 

Ona görə də gəlin bir azca səbrli olaq. Cənab Prezident İlham Əliyev də dəfələrlə deyibdir ki, biz Zəngəzura tanklarla, toplarla yox, avtomobillə qayıtmaq niyyətindəyik, yəni bizim Ermənistana qarşı ərazi iddialarımız yoxdur...

Həm də biz qərbi azərbaycanlılarımızın Ermənistana qayıtmaq məsələsini qaldıranda, onlar da ermənilərin Azərbaycana qayıtması məsələsini atırlar ortaya! Bu isə bizə lazımdırmı? Onların bizim torpaqlarımızda olması həmişə potensial təhlükədir, bizim ölkəmizi idarə etmək, çalxalamaq, hətta dağıtmaq üçün real “geosiyasi rıçaqdır” kimlər üçünsə - bəli, ən azı son yüz ilin tarixi göstərir bunu...





03.12.2024 09:10
315