Paşinyana qarşı 3 CƏBHƏ: onları ram eləməsə...

Ermənilərin içində ən konstruktivi, ən praqmatiki yenə elə Nikol Paşinyandır. Hətta öz komandasında da.

Dünən o, öz soydaşlarına növbəti dəfə müraciət edib. Əlində həmişəki xəritə, onları “real Ermənistan” qurmağa, “real Ermənistanın vətəndaşları” olmağa səsləyib. “Real Ermənistan”ın üstünlüklərini sadalayıb.

Bu isə həm də o deməkdir ki, hazırkı konstitusiyanı “real Ermənistan”a uyğunlaşdırmaq lazımdır. Təsadüfi deyil ki, Paşinyan bir daha ölkənin yeni konstitusiyaya ehtiyacı olduğunu bildirib.

“Bizim qeyri-dövlət (uydurma dövlət – Z.S.) xalqından dövlət xalqına çevrilməli olduğumuz məqam konstitusiya referendumudur. Yeganə vasitəmiz xalqla danışmaqdır”, - baş nazir faktiki islahat yolunu da göstərib - referendum.

Məntiqlidir. Real, legitim dövlətin ona uyğun legitim konstitusiyası olmalıdır, nəinki “Ana Yasa” müharibələrə rəvac verən təhlükəli müddəa və miflərlə doldurulmalı...

Əlbəttə, kimi isə hansısa ideyaya inandırmaq üçün öncə özün ona səmimi şəkildə inanmalısan. Eyni zamanda, əmin olmalısan.

Ümid edirik “real Ermənistan” mövzusunda, yəni beynəlxalq birliyin tanıdığı sərhədlər daxilindəki 29.7 min kv km-lik Ermənistan məsələsində Nikol Vovayeviç riyakarlıq eləmir.

Ayrı sözlə, gerçəkdən də o, yaşanan son faciələr fonunda öz xalqını “Çox istəyən azdan da olar” Azərbaycan atalar sözünün məntiqinə inandırmaq niyyətindədir. Qısası, ümid var ki, erməni baş nazir həqiqətən qonşulara qarşıc torpaq iddialarından rəsmən imtinanın zamanı çatdığına əmindir...

Doğru, 2020-ci ilin 44 günlük savaşınadək “Qarabağ Ermənistandır və nöqtə” deyən elə Paşinyan idi. Ancaq insafən “Dəmir yumruq”dan sonra xeyli ağıllandı və bir daha bu absurdu dilə gətirmədi.

Əksinə, özündə cəsarət tapıb “Qarabağ Azərbaycandır” bəyan elədi. Nə olar. Öz qələtini boynuna alıb tövbə eləmək də bir mədəniyyətdir, yaxşı xüsusiyyətdir.

O ayrı məsələ ki, ümumən erməni toplumunda bu etiraf prosesi çox ağır gedir. Nikol Paşinyanın Bakı ilə sülh məsələsində əsas problemi əslində bu.

Daha iki ciddi əngəl var – kilsə və lobbi. Hər ikisi kifayət qədər təhlükə mənbəyidir, güclüdür. Üstəgəl, böyük maliyyə imkanlarına malikdir və erməni ictimai rəyi ilə manipulyasiya eləməkdə təcrübələri var...

Yəni baş nazir və komandası Bakı və Ankara ilə sülh anlaşmasına nail olmaq üçün eyni vaxtda üç cəbhədə vuruşmaq zorunda – daxildəki radikal-revanşist ünsürlər, fitnə-fəsad yuvası erməni katolikosluğu və xaricdəki varlı diaspora. Yerdə qalan amillər (Rusiya və s.) ikinci-üçüncü dərəcəlidir.

Hər üç qüvvəni Türkə aşırı nifrət birləşdirir. Nifrət körüklənən yerdə isə hansı barışıqdan, qonşularla dinc-yanaşı yaşamaqdan söhbət gedə bilər ki.

Hamıdan yaxşı bunun fərqində yenə də Paşinyandır. O üzdən öncə daxildəki yalançı dindarların, keşiş-klounların əl-ayağını yığmağa çalışır. Bundan ötrü konstitusiyada Eçmiədzinə tanınan siyasi imtiyazı referendumda ləğv etmək, dinin siyasətə qarışmasına imkan yaradan hüquqi tutarqanı aradan qaldırmaq istəyir...

Təbii ki, konstitusiyadan Azərbaycan və Türkiyəyə qarşı torpaq iddialarından bəhs edən bəndlər də çıxarılmalıdır.

Şübhəsiz, çətin işlərdir. Haradasa bunu “ülgüc ağzında hərəkət”ə bənzətmək olar. Amma mümkündür.

Hər halda, “ülgüc ağzında hərəkət”i axıra çatdırmaq üçün Nikolun çox mühüm “təhlükəsizlik yastığı”, yaxud bənzərsiz “kozırı” var – legitimlik: xalqın mandatı, erməni cəmiyyətinin əksərinin dəstəyi.

Üstəgəl, ordu və polis ona tam sadiqdir (Daxili işlər naziri Vahe Qazaryan Paşinyanın sinif yoldaşıdır). Deməli, bu il nəsə alına bilər.

Alınmalıdır. Əks təqdirdə “real Ermənistan” layihəsi də “mifik Ermənistan” kimi tarixin zibilliyinə atılacaq. Mifik “artsax” kimi...

Z.SƏFƏROĞLU

25.05.2024 19:18
2033