Paşinyan yeni “sülh oyunu” üçün gizli təlimat alıb: Təxribatın ssenaristi Avropa Birliyi daxilindədir

Avropa Birliyinin Azərbaycan və Ermənistanı bu ilin sonuna qədər yekun sülh sazişini imzalamağa çağırması prosesin pozulmasında əsas günahkar olan beynəlxalq gücün gizlədilməsinə hesablanıb… Ermənistanın Fransadan prinsipial razılıq almadan Azərbaycanla yekun sülh sazişini imzalamağa cəsarət edəcəyi o qədər də inandırıcı görünmür…

Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin nə vaxt imzalanacağı ilə bağlı ehtimallar indi əsas müzakirə mövzularından birinə çevrilməyə başlayıb. Çünki mövcud situasiya Cənubi Qafqazda sülh prosesinin uğur qazanması üçün geniş imkanlar açıb. Və həmin imkanlardan maksimum səviyyədə istifadə olunacağı təqdirdə, bütün regionun gələcək taleyini dəyişmək mümkün ola bilər.

Məsələ ondadır ki, Azərbaycan ordusunun lokal antiterror tədbirləri sülh danışıqlarında müzakirə və mübahisə mövzusu olan bəzi önəmli problemləri artıq kökündən həll edib. Belə ki, bu antiterror tədbirləri sayəsində Ermənistan ordusunun tör-töküntüləri Azərbaycan ərazisindən tamamilə çıxarılıb. Erməni separatizmi və terrorizmi məğluniyyətə uğradılıb və məhv edilib. Ermənilərin 30 illik qondarma qurumu ləğv olunub, "boz zona" da artıq mövcud deyil və s.

Bütün bunları nəzərə aldıqda, sülh danışıqları masasında müzakirə predmetlərinin sayının ciddi şəkildə azaldığı, ümumiyyətlə, prosesin maksimum səviyyədə sadələşdirildiyi də qətiyyən şübhə doğurmur. Üstəlik, rəsmi İrəvan da artıq anlayır ki, sülh prosesinin uzadılması məhz Ermənistana ciddi problemlər yaradır, zərbələr vurur. Və Ermənistanın blokada vəziyyətini yalnız yekun sülh sazişi imzalamaqla, dəyişmək mümkün ola bilər.

d96f0400243e38f759e1eb919e9494d4.jpg (232 KB)

Nəhayət, Cənubi Qafqazda sülh prosesini əngəlləyən əsas pozucu mərkəzlərdən biri olan Rusiya da artıq regionda yaranmış mövcud situasiya ilə barışıb. Kreml indi Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanmasının tərəfdarı kimi çıxış etməyə çalışır. Hər halda, bu məsələdə Rusiyanın maraqlarının dəyişmək üzrə olduğu açıq-aşkar müşahidə edilir.

Təbii ki, ABŞ və Qərb də Cənubi Qafqazda sülh prosesinin uğur qazanmasını dəstəklədiyini bəyan edir. Hər halda, ən azından, regional sülhün “siyasi sərmayədarı” kimi görünməyə üstünlük verir. Halbuki, son vaxtlar Qərb siyasi dairələrində sülh prosesinə zərbə vura biləcək davranışlara xüsusi həvəs də müşahidə edilməmiş deyil. Və bu, Qərbdə Cənubi Qafqaza münasibətdə ikibaşlı oyun vərdişlərindən hələ tam uzaqlaşılmadığını təsdiqləyir.

Avropa Birliyi isə hər iki tərəfi – Azərbaycanı və Ermənistanı bu ilin sonuna qədər yekun sülh sazişini imzalamağa çağırır. Bu, ilk baxışdan, olduqca müsbət tendensiya təsiri bağışlayır. Çünki həqiqətən də yaxın aylarda, yəni ilin sonuna qədər Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanması üçün münbit şərait mövcuddur. Halbuki, Avropa Birliyi həm özünün müəyyən qərəzli davranışlarına, eləcə də, bəzi Qərb təmsilçilərinin pozuculuq fəaliyyətinə də diqqət yetirməsi regional sülh üçün faktora çevrilə bilər.

a975d1b6-458e-4a14-80a5-5842f469a7a0.jpg (187 KB)

Məsələ ondadır ki, hazırda regional sülh prosesinə ən güclü müqavimət məhz Avropa Birliyinin aparıcı üzvlərindən olan Fransa tərəfindən törədilməkdədir. Ona görə də, Avropa Birliyinin Azərbaycan və Ermənistana xitab edərkən, mütləq Fransanı da Cənubi Qafqazda sülh prosesinə əngəl törətməməyə çağırması olduqca vacibdir. Əks halda, Avropa Birliyinin sülh sazişi imzalamaq çağırışları qətiyyən səmimi xarakter daşımaz və heç bir fayda verməz.

Çünki hazırda məhz Fransa regional sülh prosesini pozmağa çalışan əsas məkrli beynəlxalq siyasi iradə mərkəzlərindən biri rolunda çıxış edir. Rəsmi Parisin Ermənistan üzərindən reallaşdırmağa çalışdığı hərbi-siyasi manipulyasiyalar, təxribatlar dayandırılmayacağı təqdirdə, Cənubi Qafqazda yaxın gələcəkdə davamlı sülh və əmin-amanlıq dövrünə başlamaq çox çətin olacaq. Və bu, Fransanı pozucu tərəf statusunda ön plana çıxarır.

Bu baxımdan, Avropa Birliyi də etiraf etməlidir ki, Fransa və rəsmi Parislə ortaq maraqlardan çıxış edən bəzi digər Qərb ölkələri hazırda Cənubi Qafqazda sülh prosesinə qarşı ən ciddi əngəl rolunu oynayırlar. Ona görə də, Fransanın təsiri altında olan Ermənistanın rəsmi Parisin razılığı olmadan Azərbaycanla yekun sülh sazişini imzalayacağı o qədər də inandırıcı görünmür. Yəni, Fransanın bu prosesdən tamamilə kənara çəkilməsi olduqca vacibdir. Əks halda, bu ilin sonuna qədər yekun sülh sazişinin imzalanma ehtimalı reallaşmaya da bilər.

235364748556.jpg (78 KB)

Göründüyü kimi, vaxtilə Rusiyanın oynadığı pozucu mərkəz rolunu indi məhz Qərb öz üzərinə götürüb. Halbuki, Fransanın təlimatları ilə hərəkət edən Ermənistanın baş naziri Nikol Paşinyan da bu ilin sonuna qədər yekun sülh sazişinin imzalana biləcəyinə inandığını qabardır. Onun iddiasına görə, Azərbaycanla danışıqlar prosesində üç əsas prinsip üzərində anlaşma əldə olunub. Əgər, hər iki tərəf bu anlaşmaya prinsipial şəkildə sadiq qalarsa, sülh sazişinin önü açıla bilər.

Təbii ki, bu, Avropa Birliyindən də gizli sifariş aldığı istisna olmayan erməni baş nazirin ənənəvi olaraq, “sülhpərvər” obrazı qazanmaq cəhdlərinin növbəti mərhələsi də ola bilər. Hər halda, rəsmi İrəvan indiyə qədər bir çox anlaşmaları kobud şəkildə pozmaqla, sülh prosesinin uzanmasına nail olmuş tərəfdir. Baş nazir Nikol Paşinyan hətta bir neçə dəfə danışıqlar prosesindən ümumiyyətlə, uzaqlaşmağa da cəhd göstərib. Bunun növbəti dəfə təkrarlanmayacağına isə qətiyyən təminat yoxdur.

Digər tərəfdən, rəsmi Bakı hələlik bu barədə hər hansı açıqlama verməyib. Azərbaycanın siyasi dairələri sülh danışıqları prosesinin mövcud nəticələri barədə adətən, təmkinli mövqedən çıxış etməyə üstünlük verirlər. Nəticəyə əmin olmadan, ehtimallar üzərindən rəy bildirməyə ehtiyac duymurlar. Və bu baxımdan, daha çox daxili aiditoriyaya xitab edən Ermənistan baş naziri Nikol Paşinyanın anlaşıldığını iddia etdiyi üç prinsip barədə rəsmi Bakının mövqeyini gözləmək daha doğru yanaşma təsiri bağışlayır.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

30.10.2023 16:41
3339