“Kreml Ermənistanda çevriliş istəmir” iddiası
Ermənistanda Nikol Paşinyan hökumətinə qarşı etirazların bu həftə də davam edəcəyi gözlənilir. Ən azı o səbəbə ki, Bakı və İrəvan arasında sülh sənədinin imzalanması ilə bağlı proses artıq həlledici mərhələyə girib. Bunu təzəcə başa çatan Almatı danışıqları da təsdiqlədi. Qarabağ klanı, radikal-revanşistlər isə iki xalqın barışığından od sudan qorxan kimi qorxurlar.
Bəs Nikol Paşinyan iqtidarına təhlükə nə dərəcədə real olaraq qalır? Qarşıdurmada və Paşinyanın hakimiyyətdən getməsində ən çox hansı xarici güc maraqlı görünür, yenə Rusiyamı?
“Nikol Paşinyanın hipotetik istefası Rusiya-Ermənistan münasibətlərinə ilk baxışdan göründüyü qədər müsbət təsir göstərməyə bilər”.
Bu fikri rusiyalı tanınmış politoloq Sergey Markov irəli sürüb (Axar.az).
Onun sözlərinə görə, Ermənistanda revanşist qrupun hakimiyyətə gəlməsi Rusiyaya sərf etmir: “Paşinyan istefa verərsə, bu, bir tərəfdən Rusiya üçün müsbət haldır. Çünki Paşinyan Ermənistanı Rusiyadan qoparmağa çalışan anti-Rusiya siyasətçisidir. Amma eyni zamanda hakimiyyəti Azərbaycanla müharibəni bərpa etmək istəyən revanşist qrup ələ keçirə bilər. Belə olan halda, yəqin ki, bu qrup Rusiyanı müharibəyə cəlb etmək istəyəcək. İndiki reallıqlarda təbii ki, Moskva bundan imtina edəcək və nəticədə daha güclü Azərbaycan Ordusu ilə üz-üzə gələn Ermənistan fəlakətli məğlubiyyətlə üzləşəcək”.
Politoloqa görə, çox güman ki, heç nə baş verməyəcək, çünki Ermənistan əhalisinin böyük əksəriyyəti dörd kəndin Azərbaycana verilməsi ilə barışıb - etirazlar da məhz bununla bağlıdır: “Üstəlik, ermənilər bu qaçılmaz addıma görə Paşinyanı yox, onu devirmək istəyənlərin məsuliyyət daşımalı olduğunu düşünür”.
Markov haqlımı? Gerçəkdənmi Paşinyanın devrilməsi indiki mərhələdə Moskvaya sərf edirmi? Bəs sonrakı mərhələdə?
Fikrət Yusifov
Sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov Ermənistanda etirazçıların bir nəticə qazanmadığını qeyd etdi: “Ermənistanda nə baş verir? Paşinyan hakimiyyətinə müxalif olan toplum ermənilərin Qazağın 4 kəndini boşaltmasına qarşı etiraz aksiyalarına start verib. Məkirli erməni xisləti bu dəfə də Paşinyan hakimiyyətini din xadiminin əli ilə devirmək yolu seçib. Buna qədər Köçəryan-Sərkisyan cütlüyünün Paşinyanı devirmək üçün erməni xalqını meydanlara yığmaq cəhdləri istənilən effekti vermədi. Yəni onlar meydana ən yaxşı halda bir neçə min etirazçı toplaya bildilər. İndi bir keşişin əli ilə meydana bir qədər çox etirazçı yığa biliblər. May ayının 9-da meydanda Paşinyana istefa üçün bir saat vaxt verən keşiş, heç şübhəsiz, hansı oyunu oynadığının fərqindədir. O oynamır, onu, sadəcə, oynadırlar. Onu oynadanlar bugünkü Ermənistan cəmiyyətində qüvvələr nisbətinin kimin xeyrinə olduğunu yaxşı bilirlər. Bu gün Ermənistan cəmiyyətində revanşist erməni xisləti ilə nəfəs alanların sayı əhalinin 1/4-dən çox deyil. Bunun belə olduğunu 44 günlük müharibədə ağır məğlubiyyətə düçar olmuş Ermənistanda keçirilən parlament seçkiləri göstərdi. Dünya tarixində bu qədər ağır məğlubiyyətə düçar olmuş bir ölkənin rəhbərinin məğlubiyyətdən dərhal sonra seçkilərdə böyük üstünlüklə qalib gəlməsi halına rast gəlinməyib. Bəs Ermənistanda Paşinyan həmin seçkilərdə necə qalib gəldi? Qalib gəldisə, deməli, əhalinin böyük əksəriyyəti onu dəstəkləyir. Paşinyan necə olursa-olsun ölkəsinin Rusiyadan asılılığını aradan qaldırıb, Ermənistanı bölgədə bu ölkənin forpostu olmaqdan xilas etmək istəyir. Paşinyan buna nail olacaq, ya da olmayacaq, bu, ikinci məsələdir. Əsas məsələ və gerçək reallıq isə bundan ibarətdir ki, Ermənistan əhalisinin böyük əksəriyyəti Paşinyanın kursunu dəstəkləyir. Paşinyanın ətrafında sağlam düşünən ermənilər (bu söz şərtidir - sağlam düşünən erməni olmur) gerçəkləri olduğu kimi dəyərləndirmək məcburiyyətindədirlər və əks yolun nə demək olduğunun fərqindədilər. Yəni onlar da bu yolu sevgi ilə tutmayıblar, sadəcə, buna məcburdular. Paşinyanı baş verən bu hadisələrdə dəstəkləyən qüvvələr yaxşı başa düşürlər ki, işğal altında saxlanılan Azərbaycan torpaqlarını tərk etməmək nə deməkdir. Qarabağın aqibəti hər bir erməninin gözləri önündədir. Ermənistan hakimiyyəti Azərbaycanla növbəti hərbi münaqişə istəmir, çünkü bunun nə demək olacağını çox yaxşı anlayırlar. Başa düşürlər ki, Azərbaycanla növbəti müharibə Ermənistanın bir dövlət kimi varlığını təhlükə altına atmaq demək olacaq.
Keşişin əli ilə başladılmış etiraz aksiyaları bir neçə gündən sonra sönüb bitəcək. Ermənilər də Qazağın 4 kəndini sakitcə təhvil verib, zamanla yağmaladıqları Azərbaycan torpaqlarını geri qaytarmağın növbəti mərhələsinə hazırlaşacaqlar. Bu aqibəti onlara kirli xislətləri yaşadır. "Özgə atına minən tez düşər"".
Kamran Bayramov
Deputat Kamran Bayramov Ermənistanın vəziyyətinin durmadan gərginləşdiyini bildirdi: “Rusiyanın çoxdan gözlədiyi və son zamanlar aktuallığını qabartdığı Putin-Paşinyan görüşü nəhayət mayın 8-də Moskvada baş tutdu. Sonuncu dəfə Putinlə Paşinyan ötən ilin dekabrında üz-üzə danışıblar və o vaxtdan bəri Moskva ilə İrəvan arasında münasibətlər gərginləşməyə başlayıb, paralel olaraq Ermənistanla Qərb arasında əməkdaşlıq yüksək sürətlə inkişaf edib və bu iki proses arasında əlaqə qabarıq şəkildə özünü göstərməkdədir.
Rusiyada Paşinyanın mümkün qədər aydın cavab verməli olduğu çoxlu sayda suallar yığılmışdı. İlk növbədə, İrəvan təhlükəsizlik sahəsində gələcək əməkdaşlıqla bağlı niyyətlərinə aydınlıq gətirməli idi. Maraqlıdır ki, məhz Moskva görüşü ərəfəsində Ermənistanın KTMT-nin fəaliyyətinin maliyyələşdirilməsində iştirakdan imtina etməsi barədə rəsmi məlumatlar dolaşmağa başladı. Yəni Ermənistan istifadə etmədiyini maliyyələşdirmək fikrində olmadığını açıqcasına bildirdi və eyni zamanda təşkilatda üzvlüyünün tam dayandırılması kursuna sadiqliyini bir daha nümayiş etdirdi. Ermənistanın mövqeyi ondan ibarətdir ki, onun KTMT-də üzvlüyü ona əməli faydadan daha çox problemlər yaradır və bu vəziyyət konkret qərarların qəbulunu tələb edir. Son zamanlar Ermənistan rəhbərliyi bu cür qərarlara hazır olduğunu dəfələrlə bəyan edib.
Qeyd etmək lazımdır ki, təhlükəsizlik sahəsində ikitərəfli əməkdaşlığın perspektivləri heç də ürəkaçan görünmür. Ermənistan gizlətmir ki, Rusiyanın bu ölkədəki hərbi mövcudluğu artıq onun üçün əvvəlki əhəmiyyətə malik deyil və İrəvanın hava limanında Rusiya sərhədçilərinin xidmətlərindən imtina etməsi bunun əyani təsdiqidir. Moskva isə Paşinyanın bu məsələdə dayanmayacağı ehtimalını etiraf edir. Bu arada Rusiya sərhədçilərinin Ermənistan-İran və Ermənistan-Türkiyə sərhədindən çıxarılacağı ilə bağlı Ermənistanda söz-söhbətlərin yayılması da səbəbsiz deyil. Bu söz-söhbətlərə görə, Rusiyanın Gümrüdəki hərbi bazasını da eyni aqibət gözləyir. Ermənistanın Qərblə fırtınalı münasibətləri bütün bunların boş dedi-qodu deyil, müəyyən mərhələdə çox real ssenari olduğunu deməyə əsas verir.
Putin-Paşinyan görüşündən əvvəl Kreml yığılmış problemlərin həlli baxımından nikbin bəyanatlar verirdi və hərtərəfli və səmimi dialoqun olacağına ümid edirdi. Görüşün mətbuat üçün açıq hissəsində Rusiya prezidenti Ermənistanın baş naziri ilə regionda təhlükəsizlik məsələsini müzakirə etmək niyyətində olduğunu bəyan etdi. Öz növbəsində, Paşinyan da etiraf etdi ki, həlli tələb edilən çoxlu suallar vardır. Söhbətin mətbuata qapalı hissəsində isə Ermənistan liderinin nə dərəcədə səmimi olduğu təbii ki, məlum deyil.
İndiki mərhələdə İrəvan Moskva ilə birbaşa münaqişədən ehtiyat edir və imkan daxilində ehtiyatlı davranmağa üstünlük verir. Bu, Ermənistan iqtisadiyyatının Rusiyadan açıq-aşkar asılılığı ilə izah olunur və çox güman ki, Putin Paşinyanla görüşdə son dərəcədə “səmimi” olub. Təsadüfi deyildi ki, Rusiya lideri erməni həmkarına həm ikitərəfli formatda, həm də Avrasiya İqtisadi İttifaqı çərçivəsində ticarət-iqtisadi əməkdaşlığın Ermənistan üçün böyük üstünlüklərini xatırladıb. Görünür, Paşinyana aydın şəkildə izah etdilər ki, əgər Ermənistan öz xarici siyasət oyunlarını davam etdirsə, bu üstünlüklər bir anda ləğv edilə bilər. Güman ki, Putin Paşinyana belə xarici siyasətin davam edə bilməyəcəyi barədə sərt xəbərdarlıq etmək fürsətini də əldən verməyib - Ermənistan kollektiv Qərbə üz tutması ilə hədləri aşıb, rəsmi Moskva artıq kənar müşahidəçi rolunda çıxış etmək niyyətində deyil və əgər İrəvan Qərbə tam sığınsa, əks-tədbirlərin görülməsi reallaşacaq. Heç bir şübhə yoxdur ki, Ermənistan hazırkı vəziyyətin nə dərəcədə təhlükəli olduğunun fərqindədir və bu məsələdə Paşinyanın “ənənəvi” manevr imkanları o qədər də geniş deyil. Hətta istəyi olsa belə, İrəvanın Qərblə əlaqələri zəiflətmək istiqamətində real imkanları yoxdur. Rusiya ilə ciddi qarşıdurma şəraitində Qərb, sadəcə olaraq, Ermənistanın geri dönməsinə imkan verməyəcək. Belə bir cəhd istər-istəməz Paşinyanın vəzifəsini itirməsinə yol açan şəraitin yaranmasına səbəb olacaq ki, bu da Ermənistanın baş nazirinin bu gün ən böyük qorxusudur".
Deputat erməni baş nazirin Kremldən xəbərdarlıq aldığını da xüsusi vurğuladı: “Paşinyanın vəziyyəti gərginləşib və görünür, geriyə dönüş yoxdur. Paşinyan Rusiyadan xəbərdarlıq alıb, amma onunla nə edəcəyini bilmir. Moskva başa düşür ki, Paşinyanın seçimi məhduddur, lakin bunu Ermənistanı bağışlamaq üçün üzrlü səbəb kimi qəbul etmir, çünki Rusiyanın vaxtilə özünü çox rahat və sərbəst hərəkət etdiyi regiondakı mövqeləri bu gün ciddi təhlükə altındadır. Əgər İrəvan tamamilə nəzarətdən çıxsa, o zaman Rusiya ölkədəki hərbi mövcudluğunu azaltmalı və ya ləğv etməli olacaq, Ermənistan NATO bazasına çevriləcək və bu, Moskva üçün ən pis ssenaridir. Ona görə də Rusiya Ermənistana qarşı bütün mümkün olan təzyiq rıçaqlarından istifadə etməyə məcburdur.
Çox güman ki, Putinlə keçirilmiş görüşdən sonra Paşinyan Moskvanın sərt və güzəştsiz hərəkət etməyə hazır olduğuna şübhə etməyib. Tavuş bölgəsində və İrəvanda baş verən etirazları, revanşistlərin son zamanlar fəallığını və ümumi ölkədaxili vəziyyəti da nəzərə alsaq, əminliklə deyə bilərik ki, bu gün Ermənistan ən çətin sınaqlarla üz-üzədir".
Cavanşir ABBASLI,
“Yeni Müsavat”