Paşinyan sülh istəmir – Yeni hərbi qarşıdurmanın ANONSU

Fevralın 17-də Münxendə Almaniya Kansleri Olaf Şoltsun təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş olub. Liderlər perspektivdə Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin nümayəndə heyətlərinin görüşünün keçirilməsi barədə razılığa gəliblər. Həmin razılığa uyğun olaraq, bu gün və sabah Berlində XİN başçılarının iştirakı ilə görüş baş tutacaq, sülh sazişi müzakirə ediləcək.

Belə bir mühüm hadisə ərəfəsində baş nazir N.Paşinyan Ermənistan parlamentində deputatlarla qapalı görüş keçirib. Mediadan gizli saxlanılan və üç saatdan çox davam edən qapalı müzakirədə erməni hökumət başçısı Azərbaycan Prezidenti İlham Əliyevlə keçirilən görüş də daxil olmaqla, Münhen danışıqlarının nəticələrini təqdim edib. O, danışıqlar prosesində xüsusi irəliləyişin olmadığını diqqətə çatdıraraq, xarici işlər nazirlərinin Berlində sülh sazişi üzrə irəliləyişə nail olacaqlarına ümidvar olduğunu vurğulayıb.

Berlin görüşü ərəfəsində erməni rəsmilərinin sərgilədiyi mövqeyi, Paris-İrəvan yaxınlaşmasını, Fransa müdafiə nazirinin Ermənistana səfərini, bu ölkəyə silah-sursat hədiyyəsini nəzərə alsaq, Almaniya paytaxtında nazirlərin sülh sazişi üzrə irəliləyiş əldə etməsi nə dərəcədə realdır? Ümumiyyətlə, N.Paşinyan sülh istəyirmi?

Mövzu ilə bağlı Medianews.az-a danışan politoloq Ərəstun Oruclu bildirib ki, Münxen Təhlükəsizlik Konfransına ev sahibliyi edən Almaniya Kansleri Olaf Şoltsun Azərbaycan və Ermənistan liderlərinin görüşünü təşkil etməsi tamamilə fərqli prosesdir.

Onun sözlərinə görə, bu görüşün ardınca baş verən siyasi hadisələr vəziyyəti bir qədər dəyişib: “Baş nazir Nikol Paşinyanın Parisə səfəri, burada hərtərəfli dəstək qazanması, Fransa müdafiə naziri Sebastian Lekornunun İrəvana getməsi, onu hərbi-sənaye kompleksinin aparıcı şirkət rəhbərlərinin müşayiət etməsi Ermənistanın uzun müddətdir gözlədiyi, həmçinin arzuladığı məqsədə çatdığını nümayiş etdirdi. Ermənistan öz xarici siyasət kursu səbəbindən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) dəstək ala bilmədiyindən ona başqa dövlətlərlə hərbi-siyasi münasibətlər qurmaq lazım idi. Bu münasibətləri qurmaq üçün zaman tələb olunurdu. Amma KTMT üzvü ola-ola əks qütblə hərbi əməkdaşlıq qurmaq qeyri-mümkün görünürdü. Lakin Paşinyan bəyan etdi ki, Ermənistan KTMT-də üzvülüyünü dondurub. Bu bəyanatın ardınca da istədiyinə nail oldu. Hazırda Ermənistan sadəcə Fransadan, Hindistandan, Qərb ölkələrindən deyil, Rusiyanın özündən də yardım alır. Kreml görəndə ki, Ermənistan əlindən çıxır və Cənubi Qafqaza nəzarəti itirəcək, dərhal Ermənistana yarım milyard dollar həcmində silah yardımı etdi. Hansı ki, bu yardım üçün üç ildir müqavilə bağlansa da, Ermənistan pul ödəsə də, yardımı ala bilmirdi. Beləliklə də, Rusiya külli miqdarda silahı Ermənistana verdi. Paşinyan burada çox hiyləgər gediş etdi. O, Qərblə yaxınlaşdığını ortaya qoyaraq, Moskvanı məcbur etdi ki, Ukraynada apardığı müharibəyə görə, özü İrandan, Şimali Koreyadan silah-sursat istəyən Rusiya Ermənistana hərbi yardım göstərsin. Qeyd etməliyik ki, Ermənistana gətirilən  silahlar təkcə müdafiə deyil, həm də hücum xarakterlidir”.

Politoloqun qənaətincə, indiki şəraitdə N.Paşinyanın rahatlığı Ermənistan uğrunda Rusiya və Fransanın rəqabətindən qaynaqlanır: “Hazırda Fransa Ermənistanın hava məkanını qapamaqla və hərbi hava müdafiə sistemini gücləndirməklə məşğuldur. Azərbaycan hərbi hava qüvvələrini gücləndirməyə üstünlük verdiyi üçün Ermənistan da Fransanın dəstəyi ilə bu istiqamətdə addımlar atır. Amm Fransanın yardımı təkcə hava hücumundan müdafiə sistemi ilə kifayətlənmir. Ermənistana göstərilən hərbi dəstək sırasında hücum raketləri var. Ermənistana göstəriləcək növbəti yardımda bütün növ silahların verilməsi də nəzərdə tutulur. Söhbət qısa, orta və uzun mənzilli raketlərin verilməsindən gedir. Bu, çox ciddi bir məsələdir. Fransanın hərbi-texnoloji baxımdan inkişafı hər kəsə məlumdur. Burada söhbət sadəcə Fransa və Hindistandan hərbi dəstək almaqdan getmir. Bununla Paşinyan həm də əks tərəflər arasında Ermənistan uğrunda rəqabət yaradır. Belə bir şəraitdə Ermənistan özünü daha ürəkli hiss edir, güclənir, imkanları genişlənir, hətta erməni baş nazir hərbi ritorika ilə danışır”.

Ə.Oruclu deyib ki, indiki reallıq şəraitində sülhdən danışmaq tezdir. Onun fikrincə, bundan sonra da Ermənistanla qarşıdurmalar gözlənilir: “Əvvəllər Paşinyan Azərbaycan tərəfindən irəli sürülən bütün tələblərə müsbət cavab verirdi. Əslində, bu, sadəcə görüntü idi və Paşinyan vaxt qazanmağa çalışırdı. Ermənistanın baş naziri bu vaxtı qazanmaqla, faktiki olaraq ölkəsinin yeni hərbi-strategiyasını qura bildi. Bu, çox ciddi məsələdir. Ötən vaxt ərzində Fransa, Hindistan və Rusiyadan hərbi yardım almağı bacaran Paşinyan hazırda siyasi masada davranışlarını dəyişməyə cəhd edir. Sülh məsələsinə gəlincə, əslində hamı sülh istəyir. Lakin, Ermənistanın təklif etdiyi “sülh şərtləri” bizim siyasi görüşümüzə, milli maraqlarımıza xidmət etmir. Hesab edirəm ki, əgər Ermənistan hərbi-siyasi baxımdan güclənə bilsə, Azərbaycana və dünyaya tamamilə başqa bir üzünü göstərəcək. Çünki, Ermənistan indiyədək hansısa güclərin əlində vasitə olub və bu yolla öz mövcudluğunu qoruyub saxlayıb. İrəvan bu “siyasi kursu” yenə davam etdirəcək. Paşinyan əvvəllər görüntü yaradırdı ki, guya Ermənistan bu strategiyadan imtina edib. Amma son vaxtlar baş verənlər göstərir ki, İrəvan əvvəlki “strategiyasına” qayıdıb. Hələlik Ermənistan bu istiqamətdə uğurla irəliləyir. Belə reallıqda da Paşinyan sülh istəyənə oxşamır. Əgər sülh istəyirsə, bu sülhü öz maraqlarına xidmət edəcək şərtlərlə istəyir. Buna da Azərbaycan razı olmaz. O baxımdan sülhdən danışmaq hələ çox tezdir. Təəssüf ki, perspektivdə Ermənistanla Azərbaycan arasında hansısa hərbi qarşıdurmanın olması da gözləniləndir”.

28.02.2024 12:20
685