“Paşinyan son zamanlar ciddi qorxu içərisindədir” - ilginc açıqlamalar

Ermənistanın baş naziri Nikol Paşinyan Brüssel səfərindən qayıtdıqdan sonra fərqli ritorikaya üstünlük verməyə başlayıb. Hazırda erməniləri konstruktivliyə səsləyən, realist olmağın xilas yolu olduğunu anlatmağa çalışan şəxs statusunda çıxış edən erməni baş nazirin dəyişməsinə səbəb nədir? Ermənistan hökuməti Qərbdən istədiklərini ala bilmədiyinə, yoxsa Azərbaycandan qorxduğu üçün belə davranır?

Bu kimi digər suallarla ermənişünas alim, Türkiyənin Erciyes Universitetinin professoru Qafar Çaxmaqlıya müraciət etdik.

qafar.png (544 KB)

- Qafar bəy, Paşinyanın parlamentdəki çıxışından hansı qənaətə gəlmək olar: Ermənistan sülhə hazırlaşır, yoxsa müharibəyə?

- Paşinyanın parlamentdəki çıxışına yenə ziddiyyətli siyasətin növbəti cəhdi kimi baxılmalıdır. O, cəmiyyətin müharibəyə hazırlıq kimi tələblərinə “yox” deyə bilmir. Eyni zamanda sülhlə bağlı elan elədiyi yolundan da dönmək istəmir. Demək istəyir ki, müharibə olacağı təqdirdə ölkənin müdafiəsini təşkil etməkdə höküməti qərarlıdır. Hər iki variantda iqtidarını qoruyub saxlamaq üçün cəhdlər edəcək.

- Görünən budur ki, sülh mesajları verilsə də, konstruktiv görünməyə cəhdlər olsa da, rəsmi İrəvan işğal altındakı kəndləri qaytarmağa tələsmir, 4 kənd ətrafında manipulyasiya etməkdədir, əvəzində qoşunların güzgü prinsipi ilə geri çəkilməsinə nail olmaq istəyir. Sizcə, bu proses hara aparacaq?

- Bəli, Ermənistan rəhbərliyi kəndlərimizin qaytarılması ilə bağlı da eyni ziddiyyətli bəyanlarda bulunur və bunu manipulyasiya alətinə çevirməklə vaxt qazanmaq istəyir. Brüssel görüşündə yetərli dəstək almadığından növbəti addımların Ermənistana beynəlxalq himayəçiliyə yol açacağına ümid edir. Həmin himayədarların vasitəsilə Azərbaycan ordusunun əlverişli yüksəkliklərdən çıxarılmasına nail olmaq istəyir. Amma bu proses nəticə verməyəcək. Azərbaycan Ermənistanla olan sərhəd xəttini şərti hesab edir və yalnız demarkasiya işi tamamlanandan sonra qərarını verəcək. Paşinyan bunu bilir, daxili publikaya özünü Ermənistanın maraqları üçün çalışan rəhbər kimi göstərməyə çalışır.

- Necə bilirsiniz, Nikol Paşinyan terrordan qorxduğu üçün sülhü ləngidir, yoxsa Brüsseldən aldığı təlimatlara uyğun davranır?

- Paşinyan son zamanlar ciddi qorxu içərisindədir. Onu devirmək yolu tutmuş müxalifləri zərərsizləşdirə bilmir və onları bu fikirdən geri durmağa çağırışları da qəbul olunmur.

- Qafar bəy, sizcə, Avropa İttifaqı və ABŞ Ermənistana istədiyini verdimi? Pərdə arxasında, qapalı danışıqlarda hələlik ictimailəşdirilməyən hansısa anlaşmalar olubmu?

- Məncə, Avropa İttifaqı Ermənistana arzu etdiyini vermədi. Azərbaycanı narazı salmamaq üçün daha ciddi qərarlar qəbul edə bilmədilər. Gizli anlaşmaların olması ehtimalı da yoxdur. Olsaydı, geçən bu günlərdə Ermənistanın davranışlarından hiss edilərdi.

- Zəngəzur dəhlizinin açılması yubanır, şərti sərhədlərdə təxribatlar artır. Belə bir situasiyada Azərbaycan nə etməlidir?

- Zəngəzur dəhlizinin açılması ilə bağlı təkliflərin olduğu ehtimalı var. Bununla bağlı Paşinyanın “sülh qovşağı” dediyi variantın üstündən xətt çəkildi. İndi kommunikasiya xətlərinin açılması ilə bağlı variantlar işə düşəcək. Müzakirələrdə müəyyən yumşama elementləri hiss olunur. Ermənistan bu işi uzatdıqca həm bölgədə, həm də ölkə içində gərginliyin artması istisna deyil ki, rəsmi İrəvan da bunu istəmir.

Elşad Paşasoy,
Musavat.com

13.04.2024 10:16
1119