Cənubi Qafqazda sülh prosesi dalana dirənmiş kimi görünür. Hazırda bu istiqamətdə demək olar ki, hər hansı ciddi irəliləyiş müşahidə olunmur. Əksinə, sülh prosesi müəyyən mənada, müzakirələrin ümumiyyətlə, dayandırılması istiqamətində inkişaf edir. Ona görə də, indi sülh prosesinin perspektivlərindən deyil, məhz Cənubi Qafqazda yeni savaşın başlanma təhlükəsinin ön plana keçməkdə olmasından danışmaq daha məntiqli görünür. Və bu, ümumiyyətlə, bütün regionu xaosa sürükləyib, böyük risklərlə məruz qoya biləcək situasiyadır.
Onu da qeyd etmək lazımdır ki, cəmisi iki ay əvvəl Cənubi Qafqazda tamamilə fərqli situasiya hökm sürürdü. Belə ki, rəsmi İrəvan sülh sazişinin ən qısa zamanda imzalanmasının vacibliyini və buna hazır olduğunu birmənalə çəkildə bəyan edirdi. Hətta Ermənistan baş naziri Nikol Paşinyan yaxın aylarda, ən uzağı bu ilin sonuna qədər Azərbaycanla sülh sazişinin imzalana biləcəyini vurğulayırdı. Və bu, Cənubi Qafqazda sülhün, sabirliyin hökm sürəcəyi dövrün o qədər də uzaq olmadığına inamı artırırdı.
Ancaq indi situasiya tam əksinə dəyişib. Avropa Birliyi Ermənistana hərbi məqsədlər üçün “Sülh Fondu”ndan maliyyə vəsaiti ayırıb. Fransa Ermənistanın sürətlə silahlandırılması üçün davamlı olaraq, hərbi texnika göndərir. Üstəlik, bu prosesə ABŞ da qoşulub. Pentaqon Ermənistan ordusunun döyüş qabiliyyətini artırmaq üçün ortaq hərbi təlimlər keçirir. ABŞ ordusunun yüksək rütbəli təmsilçisi Ermənistan Müdafiə Nazirliyində fəaliyyətə başlayıb. Və bütün bunlar Ermənistanı sülh prosesindən uzaqlaşmaq üçün daha da cəsarətləndirir.
Digər tərəfdən, ABŞ və Qərb də Ermənistanı sülh prosesindən kənarlaşdırmaqda birbaşa maraqlı tərəf kimi çıxış edir. Belə ki, ABŞ Ermənistan ərazisində qeyri-leqal hərbi bazanın yaradılması prosesini artıq yekunlaşdırıb. İndi ABŞ Ermənistan ordusunun müasir hücum silahları ilə təchiz edilməsi ilə məşğul olmağa başlayıb. Yəni, ABŞ və Qərb sülh prosesinə dəstək verdiyini bəyan etsə də, əslində, Cənubi Qafqazda yeni savaşın törədilməsinə nail olmaq istiqamətində fəaliyyət göstərir. Və Qərbin qeyri-rəsmi təlimatlarına uyan Ermənistan artıq sülh danışıqlarını tədricən savaş hazırlığı ilə əvəzləməyə üstünlük verir.
Məsələ ondadır ki, rəsmi İrəvan yaxın vaxtlarda Azərbaycanla yekun sülh sazişini imzalamaq niyyətində olmadığını dolayısı ilə bəyan edib. Belə ki, həm Azərbaycan, həm də Ermənistan siyasi dairələri yekun sülh sazişi üzərində hazırlığın böyük ölçüdə sona çatdığını rəsmən bildirmişdilər. Hətta rəsmi Bakı yekun sülh sazişinin imzalanması qarşısında hazırda əsas əngəlin məhz Ermənistan konstitusiyası olduğunu da qabartmışdı.
Çünki Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını ifadə edən müddəalar yer alır. Ona görə də, rəsmi Bakı yekun sülh sazişinin imzalanmasından əvvəl Ermənistanın öz konstitusiyasındakı ərazi iddiaları ilə bağlı müddəaların oradan çıxarılmasında israrlı mövqe tutur. Və Azərbaycanın əsas arqumenti ondan ibarətdir ki, Ermənistan konstitusiyasında ərazi iddiaları qaldıqca Cənubi Qafqazda davamlı sülhün bərqərar olmasından danışmaq mümkün deyil.
Maraqlıdır ki, rəsmi İrəvan Azərbaycanın bu şərtini əslində, qəbul etmişdi. Hətta baş nazir Nikol Paşinyan Ermənistan konstitusiyasını vaxtaşırı tənqid edərək, qonşular ölkələrlə - Azərbaycan və Türkiyə ilə normal münasibətlərin qurulması üçün onun mütləq dəyişməli olduğunu vurğulayırdı. Və addımın mümkün qədər tez bir zamanda atılmasının vacibliyini qeyd edərək, Ermənistanın blokadadan çıxaraq, inkişaf mərhələsinə keçməsinin məhz bundan birbaşa asılı olduğunu da hər imkanda qabardırdı.
Ancaq ABŞ və Qərbin hərbi dəstəyi gücləndikcə, rəsmi İrəvan bu mövqeyindən tədricən geri çəkilməyə üstünlük verir. Düzdür, Paşinyan hakimiyyəti Ermənistan konstitusiyasının dəyişdirilməsindən tamamilə imtina etməyib. Bununla belə, Paşinyan hakimiyyətinin rəsmi təmsilçiləri bu addımın yaxın vaxtlarda atılmayacağını da qətiyyən gizlətmirlər. Onların son bəyanatlarına görə, bu, Ermənistanın daxili işidir və 2027-ci ildən əvvəl Ermənistan konstituisiyasının dəyişdirilməsinə yönəlik referendumun keçirilməsi nəzərdə tutlmayıb.
Göründüyü kimi, rəsmi İrəvan ABŞ və Qərbin hərbi dəstəyindən cəsarətlənərək, əlavə zaman qazanmaq niyyətinə düşüb. Qazanılmış bu zaman Paşinyan hakimiyyətinə bir tərəfdən 2026-cı ildə keçiriləcək növbəti parlament seçkilərində əlavə daxili siyasi problemlərdən yayınmaq imkanları aça bilər. Digər tərəfdənsə, rəsmi İrəvan ABŞ və Qərbin hərbi dəstəyi sayəsində Azərbaycandan revanş almaq şansının yarana biləcyinə inanmağa da başlayıb. Və bu, olduqca təhlükəli yanaşma tərzidir.
Belə anlaşılır ki, Paşinyan hakimiyyəti yaxın 3 il ərzində Azərbaycanla yekun sülh sazişini imzalamaqdan imtina edir. Hətta rəsmi İrəvan buna ehtiyacın qalmaya biləcəyi qənaətinə də kifayət qədər yaxın olduğunu biruzə verir. Bu isə o deməkdir ki, Ermənistan yaxın vaxtlarda Azərbaycanla növbəti savaşa başlayaraq, öz hərbi şanslarını sınaqdan çıxartmaq niyyətinə düşüb. Yəni, əgər, Ermənistan yeni savaşda da məğlub olarsa, rəsmi İrəvan 2027-ci ildə konstitusiyanın dəyişdirilməsi məsələsinə qayıda bilər. Və bu baxımdan, hesab etmək olar ki, yaxın 3 il ərzində savaş təhlükəsini nəzərə almadan, yekun sülh sazişinin imzalanma ehtimalından danışmaq tamamilə sadəlövhlük anlamı daşıyır.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu