Paşinyan Qərbin qəzəbinə gələ bilər - mayın 7-dən sonra...

Deputat: “İrəvanın hansı addımlar atacağı barədə proqnoz yürütmək çətindir”

Vladimir Putin mayın 7-də növbəti dəfə Rusiya prezidenti kimi and içəcək. Mərasimə yəqin ki, xaricdən bəzi ali qonaqlar da gələcək. Söhbət Moskva ilə əlaqələri Ukraynaya görə korlanmayan ölkələrin yüksək çinli rəsmilərindən gedir. “Hraparak” qəzetinin hökumətdəki mənbəyə istinadən yazdığına görə, Ermənistanın baş naziri Nikol Paşinyan da andiçmə mərasiminə qatılacaq. 

“Paşinyan həm Putinin mayın 7-də inauqurasiyasında, həm də mayın 8-də Avrasiya İqtisadi Birliyinin yubiley sammitində iştirak edəcək. Amma ola bilsin, baş nazir Qələbə günü paradına qalmayacaq, lakin bu, hələ dəqiq deyil”, - nəşr qeyd edib. 

Nikol Paşinyan isə ötən həftəsonu verdiyi açıqlamasında Putinlə görüşünü istisna etməyib. 

“Görüş olacaq, çünki bizim görüşməmək kimi planımız yoxdur. Ancaq necə, nə vaxt, bunu indi deyə bilmərəm”, - baş nazir əlavə edib. 

Ancaq iş ondadır ki, Nikol neçə vaxtdır özünü “sadiq qərbçi”, antirusiyaçı, “demokrat” kimi göstərib, Vaşinqton və Brüsselin qılığına girməklə kollektiv Qərbdən maliyyə-hərbi dəstək, siyasi-diplomatik himayə qazanmağa can atır. Bu məqsədlə ötən ilin oktyabrında Avropa Parlamentində o, çıxış da edib, Avropa paytaxtlarını revanşist planlar naminə faktiki “su yolu”na döndərib. Qərbin isə “qızıl” şərti var: Ermənistan Rusiya orbitindən davamlı şəkildə uzaqlaşmalıdır. Bu isə praktik olaraq görünmür. Kapitulyant ölkədə hələ də 5 minlik rus hərbi kontingenti qalır. Onun Türkiyə və İranla sərhədlərini bu gün də rus İvan qoruyur, Ermənistan iqtisadiyyatı Rusiyanın total nəzarətindədir, ölkənin rus mavi yanacağından asılılığı davam edir, Metsamor AES-i ruslar istismar edir və s. Bəs Paşinyan inauqurasiyaya gedərsə, üstəlik, parada da qatılarsa, bu, kollektiv Qərbin ona ənənəvi münasibətini və İrəvana ünvanlı dəstək planlarını dəyişə, Vaşinqton və Brüsseldə qəzəb yarada bilərmi? Əcaib “iki stul” siyasəti daha nə qədər davam edəcək?

Bəhruz Məhərrəmov: Prezident yeni dövr üzrə prioritetlərimizi müəyyən etdi

Bəhruz Məhərrəmov

Deputat Bəhruz Məhərrəmov hesab edir ki, Qərb Cənubi Qafqazda Rusiyaya qarşı cəbhə açmaq israrını durmadan artır: “Rusiya və Ermənistan arasında münasibətlər kifayət qədər mürəkkəb xarakter daşıyır və Moskva-İrəvan əlaqələrinin hazırkı durumunu birmənalı xarakterizə etmək mümkün deyil. Bəli, reallıqdır ki, Ermənistanı Rusiyaya ciddi iqtisadi amillər bağlayır, Ermənistan iqtisadiyyatı, o cümlədən enerji-nəqliyyat infrastrukturu üzərində Rusiya rəsmən əsas pay sahibidir. Habelə İrəvan hələ də Rusiyanın iqtisadi blokuna daxildir. Eləcə də Ermənistan və Rusiya arasında ciddi hərbi bağlar mövcuddur, hay ordusu üzərində Moskvanın ciddi təsir imkanları qalmaqdadır, hərbi elita Rusiyaya bağlıdır. Habelə erməni siyasi müxalifəti faktiki Rusiyadan idarə olunur. Amma digər tərəfdən, Paşinyan iqtidarının açıq qərbyönümlü mövqe tutması, erməni xalqının isə hətta hərbi-siyasi məğlubiyyətlərin ardınca seçkilərdə Paşinyanın kursunu dəstəkləməsi ortaya ciddi ziddiyyət çıxarır. Üstəlik, bu ziddiyyət getdikcə dərinləşir, Ermənistanda antirus dalğasının ciddi hərəkata çevrilməsi ilə nəticələnir. Bütün bunların fonunda, münasibətlərin Paşinyanın bir səfəri, yaxud Putinlə bir görüşü ilə heç nə olmamış kimi təkrar 6-7 il öncəki durumuna qayıtması barədə fikir yürütmək sadəlövhlük olar. Sirr deyil ki, Paşinyan və komandası Rusiyaya da, Putinə də nifrət edir, lakin reallıqları da dərk edirlər. Bu mənada Paşinyan cənab Putinin inauqurasiya mərasimində həm iqtisadi tərəfdaş, həm də hərbi blokun həmtərəfi olaraq iştirakı zəruri sayır. Lakin bu səfər çərçivəsində birbaşa təmasların münasibətləri yoluna qoyacağı, ümumiyyətlə, ağlabatan deyil, əksinə, Moskvada inauqurasiya mərasimindən sonra liderlərin görüşü ölkələr arasında fikir ayrılığını daha da dərinləşdirə bilər. Unutmamalıyıq ki, Paşinyanı hakimiyyətə gətirən Qərb hazırda Ermənistan üçün siyasi direktivləri də müəyyən edir. Qərbin siyasi direktivləri arasında isə Rusiya ilə münasibətlərin normallaşması dayanmır. Əksinə, kollektiv Qərb Moskva ilə konfliktin dərinləşməsində maraqlıdır və Rusiya ətrafında mümkün qədər çox gərginlik ocağının yaranması üçün səylər göstərilir. Cənubi Qafqaz da bu mənada Qərbin hədəfindədir. Əlbəttə, Azərbaycan Prezidentinin hərbi-siyasi qələbələri regionun qütblərarası münaqişə platformasına çevrilməsinə imkan vermədi. Lakin görünən odur ki, kollektiv Qərb Cənubi Qafqazda Rusiyaya qarşı yeni cəbhə açılması istiqamətində israrlıdır və Ermənistan da bu prosesdə alət olmağa hazırdır. Ermənistan və Azərbaycan arasında son dövrlər - ötən il dekabrın 7-si və bu il aprelin 19-dakı müəyyən ilkin anlaşmalar fonunda Qərbin bu prosesdə niyyətinin daşa dəydiyini görsək də, istənilən halda ipi öz əlində olmayan İrəvanın hansı addımlar atacağı barədə proqnoz yürütmək çətindir”.

Azərbaycan Milli İstiqlal Partiyası sədrinin Beynəlxalq Məsələlər üzrə  müavini - Azərbaycan Milli İstiqlal Partiyası

 Elşən Mustafayev

AMİP sədrinin beynəlxalq əlaqələr üzrə müavini Elşən Mustafayev Paşinyanın Qələbə paradında iştirakının heç bir əhəmiyyət daşımadığını söylədi: “Avrasiya İttifaqının toplantısına isə qatılacağı ilə bağlı qəti qərara düşünürəm ki, Brüssel səfərindən sonra gəlib. Bağlı qapılar arxasında ictimaiyyət üçün açıqlanmayan hansı məsələlərin müzakirəsinin getdiyi dəqiq bilinməsə də, həm görüşdən öncə, həm də görüşdən sonra tərəflərin ritorikası hərbi və iqtisadi yönümdə danışıqların getdiyi ehtimallarını artırdı. Yəni hərbi cəhətdən Rusiyanın ərazidən çıxarılması ilə bağlı çox güman ki, yol xəritəsi də hazırlanıb. Eyni zamanda bu görüşün nəticələrindən belə bəlli oldu ki, Qərb hələlik Ermənistanın Rusiyadankənar iqtisadi müstəqilliyinə təminat vermək imkanında deyil. O səbəbdən hələ Avrasiya İttifaqında qalmağı və bu ittifaqın imkanlarından yararlanmağı ona həm daxildən, həm də xaricdən məsləhət veriblər. Bütün bu planlardan Rusiyanın detallarına qədər məlumatı var və rəsmi strukturlar vasitəsilə xəbərdarlıqlarını edib. Paşinyan bu səbəbdən Avrasiya İttifaqının toplantısına qatılacaq. Həmin ərəfədə Putinin inauqurasiya mərasimi keçirildiyindən qeyri-adi hadisə baş verməsə, həmin tədbirə də qatılmağa məcbur qalacaq. Əks halda, Rusiya bu addımı ona başqa istiqamətlərdən xatırlada bilər ki, hazırda Paşinyan bunu heç cür istəmir. Bu tədbirlərin gedişatında Putinlə ikitərəfli görüşün olacağı ortada olan problemlərin müzakirə olunmasına tərəflərin nə qədər hazır olub-olmaması ilə bağlı olacaq. Hesab edirəm ki, bu görüşün baştutma ehtimalı yalnız Putinin bunu istəməsindən asılı olacaq. Çünki hazırda top Kreml tərəfdədir və Brüssel görüşündən sonra yaxın gələcək üçün oyun qaydalarını rəsmi İrəvan müəyyənləşdirə bilmir. Sonradan vəziyyətin dəyişmə ehtimalları yaranacaqsa, belə ən azından hələ bir müddət belə olacağı gözlənilir. May ayının 9-da Qələbə paradında Paşinyanın iştirak edib-etməyəcəyi hazırda heç kim üçün prinsipal əhəmiyyət kəsb etmir”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

23.04.2024 09:15
2832