Cənubi Qafqaz uğrunda mübarizədə amansız geopolitik qarşıdurmanın şərtləri dəyişmək üzrədir. Belə ki, cəmisi bir neçə həftə əvvələ qədər ön planda aktual qalan geopolitik şərtlər indi yeni yaranmaqda olan regional situasiyanın tələblərinə qətiyyən cavab vermir. Çünki son həftələrdə bir çox şey çox sürətlə dəyişmiş oldu. Və bu geopolitik dəyişikliklər istər-istəməz yeni situasiyanın formalaşmasını təmin etdi, Cənubi Qafqazda maraqları olan dünya nəhənglərinin əsas planlarını pozdu.
Məsələ ondadır ki, Gürcüstanda keçirilmiş növbəti parlament seçkiləri ABŞ, Avropa Birliyi və Fransanın geopolitik məğlubiyyəti ilə yekunlaşdı. Belə ki, bu "üçlük" Fransanın agenti hesab olunan prezident Salome Zurabişvili liderliyi ilə Gürcüstanda dövlət çevrilişi planlaşdırmışdı. Ancaq səlahiyyət müddəti bitmək üzrə olan prezident Salome Zurabişvili ABÇ və Qərbin Gürcüstandakı "agentura şəbəkəsi"ni öz ətrafında birləşdirsə də, hakimiyyəti ələ keçirməyə imkan yaradacaq kütləvi etiraz dalğasını təmin edə bilməkdi. Və bununla da, Qərb siyasi dairələrinin Cənubi Qafqazda nəzarət məkanını genişləndirmək, təsir mexanizmlərini Ermənistan ərazisindən daha böyük areala yaymaq planları baş tutmadı.
Ona görə də, böyük ehtimalla indi ABŞ, Avropa Birliyi və Fransa Cənubi Qafqaz hədəflərini hələlik yalnız Ermənistan ərazisinə sıxışdırmaq məcburiyyəti ilə barışmalı olacaq. Çünki Qərb siyasi dairələri hətta rəsmi Tiflisə təzyiqləri gücləndirsələr belə, yaxın vaxtlarda Gürcüstana hərbi-siyasi nəzarət mexanizmləri qazana bilməyəcəklər. Üstəlik, rəsmi Tiflis də hər ehtimala qarşı Qərbin təzyiqlərinə dərhal hazırlaşmağa başlayıb. Və bu, hakimiyyətdə olan "Gürcü arzusu" Partiyasının Qərbə inteqrasiya adı altında Gürcüstanı xarici güclərin geopolitik müstəmləkəsinə çevirmək niyyətindən çox-çox uzaq olduğunu göstərir.
Maraqlıdır ki, ABŞ və Qərblə münasibətləri gərginləşən rəsmi Tiflis alternativ strateji tərəfdaşlıq mərkəzi kimi Azərbaycanı seçdiyini açıq-aşkar biruzə verməyə başlayıb. Belə ki, Gürcüstan hakimiyyətinin yüksək rütbəli təmsilçiləri Azərbaycan ilə strateji tərəfdaşlıq münasibətlərini inkişaf etdirməyə hazır olduqlarını hər imkanda bəyan edirlər. Və bu, yaxın gələcəkdə Qərb siyasi dairələrinin Cənubi Qafqazda cərəyan edən geopolitik proseslərə kobud müdaxilə cəhdlərinə qarşı Azərbaycan-Gürcüstan ortaq müqavimətinin ola biləcəyini göstərir.
Digər tərəfdən, ABŞ, Avropa Birliyi və Fransanın Cənubi Qafqaz planlarına qarşı daha bir problemin yaranma ehtimalı da artıq qətiyyən istisna deyil. Belə ki, rəsmi İrəvan Ermənistanın gələcək taleyinə yönəlik planlarında Gürcüstan və ABŞ-da keçirilmiş seçkilərini əsas müəyyənləşdirici faktor kimi qəbul edirdi. Ona görə də, Paşinyan hakimiyyəti Ermənistanın KTMT-dan və Avrasiya İqtisadi İttifaqından çıxması, Rusiya ilə hərbi müttəfiqlik müqaviləsindən imtina olunması barədə qərar qəbul etmək öhdəliyini mümkün qədər gecikdirməyə cəhd göstərirdi.
Ancaq artıq rəsmi İrəvan üçün bəzi önəmli məqamların aydınlaşmağa başladığını da düşünmək olar. Çünki həm Gürcüstanda, həm də ABŞ-da seçkilər Ermənistanın maraqlarına zidd nəticələrə yol açıb. Rəsmi İrəvan Gürcüstanın timsalında Qərbə inteqrasiya müttəfiqi qazanmaq şansını itirib. ABŞ-da isə erməni faktoruna o qədər də ciddi əhəmiyyət verməyəcəyi ehtimal olunan Donald Tramp yenidən Ağ Evə sahiblənib. Və bu baxımdan, yaxın gələcəkdə cərəyan edəcək geopolitik proseslərin Ermənistanın maraqlarına zidd məzmun daşıya biləcəyi qətiyyən şübhə doğurmur.
Təbii ki, Paşinyan hakimiyyəti Ermənistanın gələcək taleyinə böyük təhlükələr vəd edən yeni situasiyanın fərqli şərtlərini nəzərə almaq məcburiyyətində qalıb. Rəsmi İrəvan nə qədər istəməsə də, bundan sonra Qərbə inteqrasiya siyasi kursundan ya tamamilə imtina etməlidir, ya da ona tədricən müəyyən ciddi dəyişikliklərin olunmasına cəhd göstərməlidir. Və hazırda Paşinyan hakimiyyətinin bu istiqamətdə ilkin manevrlərə başladığı da müşahidə olunur.
Məsələ ondadır ki, son vaxtlar Ermənistan siyasi dairələri Rusiyanın ünvanına radikal ittihamlar səsləndirməyə həvəs göstərmirlər. Halbuki, vaxtilə Paşinyan hakimiyyətinin təmsilçiləri Rusiyanı Ermənistanın bütün uğursuzluqlarında suçlayırdılar. İndisə bunun əksinə olaraq, rəsmi İrəvan Rusiya ilə daha sıx əməkdaşlıq mesajları verməyə başlayıb. Həmin mesajlarda Ermənistanın Rusiya ilə hərbi müttəfiqlik münasibətlərinin əvvəlki məzmun və keyfiyyətdə bərpasının vacib olduğuna açıq eyhamlar vurulur. Və bu, o deməkdir ki, rəsmi İrəvan Qərbə olan ümidlərin tamamilə boşa çıxacağı təqdirdə, Rusiyanın orbitinə geri dönüş dəhlizi açmağa elə indidən ehtiyac duymağa başlayıb.
Ancaq Paşinyan hakimiyyəti ABŞ və Qərbi vaxtından əvvəl qıcıqlandırmaqdan da açıq-aşkar çəkinir. Ona görə də, Rusiya ilə hərbi müttəfiqliyin bərpasına yönəlik mesajlarda Ermənistanın KTMT-dakı üzvlüyü ətrafında yaranmış böhranın tədricən həllini tapacağı vurğulanır. Yəni, bir tərəfdən ABŞ və Qərbə Ermənistanın KTMT üzvlüyü ilə bağlı məsələnin qərar ərəfəsində olduğu barədə mesaj göndərilir. Əslində, bununla ABŞ və Qərb şantaj edilmiş olur. Və Qərbdən verilən vədlərin icrasını olan ümidlər qabardılır.
Digər tərəfdən isə Kremlə də eyham vurulur ki, əgər, Rusiya Ermənistanın təhlükəsizlik maraqları ilə bağlı həlledici addımlar atarsa, rəsmi İrəvan KTMT-da fəaliyyətini yenidən bərpa etməyə üstünlük verə bilər. Yəni, rəsmi İrəvan hələ də hər iki tərəfdən faydalanmaq niyyətindən tam uzaqlaşmayıb. Halbuki, Paşinyan hakimiyyətinin davranışları Rusiyaya yenidən yaxınlaşmağa meyil göstərdiyi artıq inkaredilməz reallıqdır. Və bu, o deməkdir ki, yaxın vaxtlarda Ermənistan Rusiyaya xəyanət təcrübəsini Qərbə münasibətdə də eynilə təkrarlaya bilər.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu