"Paşinyanın Qarabağın təslim olması ilə bağlı bəyanatı bizim üçün sürpriz olmadı".
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlərin müəllifi Ermənistan parlamentinin Daşnaksütyun partiyasının nümayəndəsi İşxan Saqatelyandır.
“Paşinyan faktiki olaraq Qarabağın təslim edilməsi üçün yol xəritəsini və cədvəlini dərc edib. Mənə elə gəlir ki, Moskvada bu ayın 25-də yeni üçtərəfli bəyanat veriləcək, sonra bu Kişinyovda davam etdiriləcək, daha sonra isə Brüsseldə yeni təslim şərtlərini razılaşdırmağa çalışacaqlar. Bu ilin oktyabr ayında keçiriləcək toplantı artıq elan olunub. Onlar təslim müqaviləsini hazırlamağa və sonra ratifikasiya etməyə çalışacaqlar. Yəni faktiki olaraq ermənilərin, bütün siyasi qüvvələrin və vətəndaşların Qarabağın təslim edilməsi prosesini dayandırmaq üçün 5 ay vaxtı var”, - deyə Saqatelyan bildirib.
Saqatelyan müxalifətin bu prosesdə sadəcə bəyanatlarla kifayətlənməyəcəyini bildirib. “ İndi bizim vəzifəmiz Ermənistanda, Qarabağda və diasporda yeni qüvvələrlə ümummilli müqavimət formalaşdırmaq, cəmiyyəti genişmiqyaslı vətəndaş itaətsizliyi aksiyalarına hazırlamaq və döyüşə çıxmaqdır. Müxalifətin əsas vəzifəsi bundan ibarətdir. Bizə görə Paşinyan iqtidarının fəaliyyəti qeyri-legitimdir”, - deyə, revanşist erməni qeyd edib.
Musavat.com