Ermənistanda ölkədaxili vəziyyət qarışmağa başlayıb. Paşinyan hakiniyyəti Ermənistan cəmiyyətində mövqelərini böyük ölçüdə artıq əldən verib. Erməni radikal-revanşizminin yenidən güclənməkdə olduğu müşahidə edilir. İndi erməni toplumu vərdişli olduğu terrorizm əhval-ruhiyyəsi ilə yüklənib. Və bu səbəbdən də Paşinyan hakimiyyəti öz siyasi mövqeyində ideoloji məzmun etibarilə erməni radikal-revanşizminə təslim olmaq üzrədir.
Təbii ki, Ermənistan cəmiyyətində reytinqin sürətlə aşağı düşməsi, sosial dayaqların zəifləməsi Paşinyan hakimiyyətinin bütün təmsilçilərini ciddi şəkildə narahat edir. Bəzi məlumatlara görə, Ermənistanın hakim siyasi dairələrində ənənəvi xəyanət prosesi də artıq başlayıb. Belə ki, baş nazir Nikol Paşinyanın yaxın ətrafında xaotik mərkəzdənqaçma meyillərinin gücləndiyi bildirilir.
Məsələ ondadır ki, erməni baş nazirin siyasi komandasının bəzi üzvləri radikal-revanşist qüvvələrlə separat danışıqlara başlayıblar. Ermənistan mətbuatının iddiasına görə, hakimiyyət dairələrində dövlət çevrilişinin qaçılmaz olduğuna inananların sırası genişlənib. Buna əmin olanlar özlərini xilas etmək üçün artıq hərəkətə keçiblər. Və baş nazir Nikol Paşinyandan sonrakı dövrə hazırlaşmaq niyyətinə düşüblər.
Hakimiyyət komandasında çatların yaranması, siyasi xəyanət meyillərinin güclənməsi baş nazir Nikol Paşinyanı böyük təhlükə qarşısında buraxmış kimi görünür. Çünki erməni baş nazir hakimiyyətə gəldikdən sonra ölkədaxili siyasi qərarları ilə radikal-revanşist qüvvələrlə “körpüləri” demək olar ki, yandırıb. Hər halda, Qarabağ klanın əsas təmsilçilərinin, xüsusilə də, keçmiş prezidentlər və hərbi cinayətkarların – Robert Köçəryanın və Serj Sarkisyanın üzərində qurulan məhkəmə prosesləri yalnız düşmənçiliyə yol açıb. Və ilk imkandaca, Qarabağ klanının baş nazir Nikol Paşinyandan intiqam alacağı qətiyyən şübhə doğurmur.
Baş nazir Nikol Paşinyanın gələcək taleyi ilə bağlı əsas qənaətlər ondan ibarətdir ki, əgər, o, hakimiyyəti itirərsə, ya fiziki cəhərdən aradan götürüləcək, ya da ən yaxşı halda, geri qalan həyatının əhəmiyyətli hissəsini məhz həbsxanada keçirtməli olacaq. Deyəsən, erməni baş nazir də bu təhlükəli perspektivin ciddiliyini artıq anlayır. Və hazırda bütün imkanları üzərindən dövlət çevrilişinə göstərilən cəhdlərə müqavimət göstərməyə çalışır.
Nə qədər qəribə də olsa, baş nazir Nikol Paşinyan öz gələcək taleyini xilas etmək üçün əsasən iki istiqamət üzrə hərəkət etməyə çalışır. Birinci istiqamət Azərbaycanla hərbi gərginliyi son həddə çatdırıb, yeni müharibənin törədilməsinə göstərilən məqsədyönlü cəhdlərdir. Böyük ehtimalla erməni baş nazir yeni savaş sayəsində Ermənistan cəmiyyətini xarici düşmən təhdidi ilə qorxuda biləcəyinə ümid bəsləyir. Və bu halda, Ermənistan cəmiyyətinin onun hakimiyyətini müdafiə etmək məcburiyyətində qalacağını düşünür.
İkinci istiqamətə gəldikdəsə, baş nazir Nikol Paşinyan deyəsən, hələ də ABŞ və Qərbin onu xilas edə biləcəyinə ümidlərini tam itirməyib. Erməni baş nazir onu hakimiyyətə gətirən Qərb siyasi dairələrindən Rusiyaya qarşı mübarizədə dəstək umur. Çünki hazırda fəallaşmış Qarabağ klanının Kremldən idarə olunduğunu tam dəqiqliyi ilə bilir. Və Ermənistanda dövlət çevrilişinə hazırlığın məhz Rusiya tərəfindən ssenariləşdirildiyini anlayır.
Ona görə də, rəsmi İrəvanın Rusiyaya qarşı daha da aqressiv və sərt ittihamlar irəli sürməsi o qədər də təəccüblü deyil. Belə ki, Ermənistan Xarici İşlər Nazirliyinin rəsmi bəyanatla Rusiyanı siyasi riyakarlıqda suçlaması isterik özünü qoruma instinktinin təzahürü kimi görünür. Hər halda, rəsmi İrəvan Kremli əvvəlcə Erməstana təhlükəsizlik təminatı verib, sonrasa, Azərbaycan qarşısında tamamilə təkbaşına buraxmaqda ittiham edir. Və bu, dolayısı ilə Rusiyanın Ermənistana xəyanət etdiyinə eyham vurulması anlamına gəlir.
Digər tərəfdən, baş nazir Nikol Paşinyan da Qərb mətbuatına açıqlamalarında Rusiyanı açıq mətnlə hədəfə alır. O, hesab edir ki, Rusiya Ermənistanın hərbi təhlükəsizliyini təmin etməyə qətiyyən qadir deyil. Ona görə də, Ermənistanın təhlükəsizliyini yalnız Rusiyanın üzərindən qurmaq taktikası böyük səhvdir. Və bu, həm Ermənistan cəmiyyətinə, həm də Qərb siyasi dairələrinə mesaj xarakteri daşıyır.
Erməni baş nazir Ermənistan cəmiyyətinə demək istəyir ki, Rusiyadan dəstək gözləmək, Kremlə güvənmək tamamilə mənasızdır. Yəni, Rusiya Ermənistanı bundan sonra Azərbaycan qarşısında heç vaxt müdafiə etməyəcək. Ona görə də, Kremlə ümid bəsləyib, Rusiyanın dəstəklədiyi Qarabağ klanının hakimiyyətə qaytarılması planlarına yardım etmək Ermənistana heç nə qazandırmayacaq.
Eyni zamanda, baş nazir Nikol Paşinyan ABŞ və Qərbə də mesaj verir ki, Rusiyaya qarşı açıq savaş açmaqdan çəkinmir. Ancaq onun bu savaşa duruş gətirə bilməsi üçün ABŞ və Qərbin rəsmi İrəvana daha israrlı dəstək verməsi lazımdır. Əks halda, Ermənistanda Rusiyanın “5-ci kolonu” hakimiyyətə gəlsə, ABŞ və Qərb yenidən kənarda qalacaq. Və bu, Qərbin dolayısı ilə şantaj edilməsi anlamı da daşıyır.
Onu da qeyd etmək lazımdır ki, Paşinyan hakimiyyəti Rusiyaya qarşı ən radikal addımlar atmağa hazır olduğunu qətiyyən gizlətmir. Böyük ehtimalla məhz belə addımlarla ABŞ və Qərbin dəstəyinin gücləndirilməsinə nail olunmasının Ermənistanda dövlət çevrilişindən yayınmağın yeganə yolu olduğu barədə qənaət mövcuddur. Və bu baxımdan, Rusiya ilə kəskin ziddiyyətlərin mövcud olduğu indiki situasiyada Paşinyan hakimiyyətinin Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) qoşulmaq barədə Roma statutunu Ermənistan parlamentinə göndərməsi də qətiyyən təsadüfi deyil.
Məsələ ondadır ki, BCM Rusiya prezidenti Vladimir Putin barəsində həbs qərarı verib. İndi Rusiyanın hərbi müttəfiqi, Kremlin patronajlığı altında olan KTMT-nın üzvü Ermənistan Roma statutunu parlamentdə ratifikasiya etmək niyyətinə düşüb. Yəni, bu, o deməkdir ki, əgər, həmin sənəd parlamentdə təsdiqlənərsə, prezident Vladimir Putin Ermənistana səfər etmək hüququ itirəcək. Çünki Paşinyan hakimiyyəti Rusiya prezidentini həbs edərək, BCM-yə təhvil vermək öhdəliyini yerinə yetirməli olacaq.
Təbii ki, rəsmi İrəvan Kreml sahibini həbs edəcək qədər cəsarətə və gücə malik deyil. Ancaq Kremlin sərt xəbərdarlıq mesajlarına baxmayaraq, Roma statutunun Ermənistan parlamentinə göndərilməsi Paşinyan hakimiyyətinin Rusiyaya “meydan oxuması” anlamına gəlir. Yəni, belə anlaşılır ki, baş nazir Nikol Paşinyan Kreml sahibi Vladimir Putiunə qarşı açıq savaş elan edib. Və onun həbsi ilə bağlı beynəlxalq öhdəlik götürüb.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu