“Paşinyan öz həmvətənlərinə xəyanət etdi” - Zatulin

“Ermənistanın baş naziri Bakının maraqlarını təmin etmək üçün səylərini davam etdirir”.

Musavat.com xəbər verir ki, bu fikirləri Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitə rəhbərinin birinci müavini, deputat Konstantin Zatulin “Danışır Moskva” radiosunun efirində deyib.

Onun sözlərinə görə, Rusiya və Ermənistan arasında yaranan fikir ayrılıqları Azərbaycandan Türkiyəyə birbaşa tranzit imkanları ilə bağlıdır.

“Paşinyan özünə sadiqdir. O, Azərbaycanın mənafeyini təmin etməyə yönəlmiş əvvəlki xəttini davam etdirir, eyni zamanda buna məcbur olmuş adam kimi görünür. O, mahiyyət etibarı ilə həmvətənlərini tərk etdi - xəyanət yolunu tutdu və bu yolla getməyə məcburdur. Azərbaycanın iddia etdiyi o kəndlərin strateji əhəmiyyəti böyükdür. Çünki bu kəndlər Ermənistanın İrana və Gürcüstana çıxışını təmin edir. Bunlar tranzit kəndlərdir və Ermənistan hakimiyyətinin tutduğu mövqe nəticəsində İrəvan onları itirərsə, o zaman rabitə kəsilər və növbəti güzəştlərə yol açılar. Ən əsası, Zəngəzur dəhlizinin açılması və bununla da Türkiyədən Azərbaycana birbaşa tranzit edilməsi tələbidir”, - deyə Zatulin bildirib.

Zatulinə görə, Rusiya Federasiyası Ermənistanla NATO arasında münasibətlərin qurulması məsələsində Bakıya ümid bəsləməməlidir:

“Stoltenberq Ermənistana ona görə gəlir ki, məhsulu biçmək lazımdır, yəni Ermənistan Rusiyanı tərk edib Qərb düşərgəsinə keçməlidir. Mənə elə gəlir ki, Azərbaycan bu məsələdə bizim müttəfiqimiz deyil, Türkiyənin müttəfiqidir. Türkiyə müvafiq dairələrdə Qafqazdakı bütün hərəkətlərini NATO-nun Şərqə irəliləməsi kimi təqdim etməyə çalışır”.

Musavat.com

20.03.2024 14:14
3430