Musavat.com xəbər verir ki, keşiş Vazgen Qalstanyanın rəhbərlik etdiyi, arxasında erməni kilsəsinin və Rusiyanın dayandığı aksiya sönməyə doğru gedir. Tavuşdan yürüşlə İrəvana qədər gələn etirazçılar "Respublika meydanı"nda toplaşaraq "Paşinyana istefa" qışqırdılar və tələb etdilər. Hətta ona öncə 1 saat, daha sonra isə 15 dəqiqə zaman verdilər.
Üzərindən saatlar keçib, gün bitdi. Ancaq Paşinyan nəinki istefa vermədi, hətta qərarlı bir açıqlama ilə bütün mitinqçilərə cinayət işi açıldığını və onların hamısının həbs olunacağını bildirdi. Ermənistanın sosial və normal mediasında yazırlar ki, artıq sıravi etirazçılarla yürüş - mitinqi təşkil edənlər arasında qarşıdırma yaranıb.
Məsələn, keşişin silahdaşı, Köçəryanın müavini deputat Qarnik Danielyan onlardan boş çıxışlar deyil, aydın hərəkətlər tələb edən etirazçılara qəzəblənib və onlara qışqırıb. Etirazçılar bu anın videosunu çəkib, paylaşıblar.
Vazgen (Baqrat) Qalstanyanın çıxışı zamanı da etirazçılar çağırışlar səsləndiriblər, onun hətərən - pətərən danışmasına etiraz ediblər.
Belə məlum olur ki, keşiş Baqratın xüsusi bir proqramı yoxmuş və gülməli istefa tələbi gerçəkləşməyəndən sonra nə edəcəyini də bilmir. Bəzi müşahidəçilərə görə, keşiş heç İrəvana qədər gələ biləcəyini düşünmürmüş: yolda, ya da İrəvanın girişində Paşinyanın zorakılığa əl ataraq, etirazçıları dağıdacağını, onu isə həbsə atacağını gözləyirmiş. Bu faktın isə böyük ictimai dalğa yaradacağına əminlikləri varmış. Lakin hiyləgər Nikol onlara İrəvanın mərkəzinə qədər gəlməyə, bütün güclərini nümayiş etdirməyə ideal şərait yaratdı. İrəvanın qapıları etirazçılara tapbatay açıldı, onlar mərkəzi meydana buraxıldı. Rusiyanın və ona bağlı müxalifətin bütün potensialı "Respublika meydanı"na toplandı. Və bütün dünya gördü: erməni kilsəsinin və Rusiyaya bağlı müxalifətin Paşinyanı yıxa biləcək qədər kritik gücü yoxdur.
Çaş - baş qalan və heç bir siyasi təcrübəsi olmayan dəli keşiş Baqrat bundan sorakı addımlar üçün təlimat almağa sabiq prezident Köçəryanın ofisinə gedib. Həm də qısa zaman fasiləsi ilə iki dəfə! Bu da onu göstərir ki, etiraz aksiyası proqramsızdı, gücsüzdü və artıq iflasa başlayıb.
Ermənistandakı 9 may etirazları həm də bir gerçəkliyi üzə çıxardı. Putin Paşinyanla görüşdən razı qalmayıb! Bu baxımdan da Rusiya - Ermənistan gərginliyi davam edir və ...edəcək.
Əks halda, ortada hansısa anlaşma olsaydı, keşiş Baqratın Tavuşdan arxasına salıb gətirdiyi 150-200 adama daha 10-12 min erməni qoşulmazdı. Keşişə qoşulan o kütlə Rusiyaya bağlı siyasi müxalifətin və Eçmiədzin kilsəsinin bütün potensialıdır.
Putin - Paşinyan görüşünün qalibi bütün aspektlərə görə Paşinyandır və bu da Kreml sahibini qane edə bilməz. Bu qələbə Paşinyana hakimiyyəti bahasına gəlməsə də, həyatı bahasına başa gələ bilər...
Rusiya - Ermənistan anlaşmasının olmamasının, münasibətlərin düzəlməməsinin Azərbaycana faydalı olduğunu xüsusi olaraq söyləməyə gərək yoxdur, bunu hər kəs anlayır. Lakin Paşinyanın terror nəticəsində hakimiyyətdən getməsi bölgə dövlətlərinin hər biri, xüsusi ilə də Azərbaycan üçün yaxşı olmazdı.
Paşinyan öldürülərsə, yerinə hansı zehniyyətin gələcəyi artıq göz önündədir. Reaksioner keşiş Baqratın və onun ağlına yaxın zəka daşıyıcılarının nələrə səbəb ola biləcəyi aydındır. Bunların ən ağıllısı Xocalı canisi Köçəryandırsa, Azərbaycanın onunla və onun kimilərlə muhattab olması mümkünsüzdür...
10 may və sonrası Ermənistan üçün çox kritik günlər olacaq. Etirazçıların tezliklə iflas etməsi, aksiyaların Ermənistanın qalxması üçün bir şansın qalması anlamına gəlir. Sülh müqaviləsi, ardınca da Türkiyə və Azərbaycanla normallaşma bölgədə yeni bir durumun yaranmasına səbəb olardı. Əks halda bu təhrif millətin təhrif dövləti məhv olma təhlükəsinə girəcək.
Amma burada məsələnin ən önəmli tərəfi budur ki, bu "məhvolma" dediyimiz prosesdə "məhvedən" rolu Azərbaycana düşəcık. Bizsə yeni və daha qlobal müharibələr deyil, əməkdaşlıq, sülh və qalxınma istəyirik.
Musavat.com