Paşinyan Kremldə aciz duruma düşüb: İrəvanın Rusiyaya xəyanətə görə cavab vermək vaxtı gəldi

Ermənistan baş naziri Nikol Paşinyan özünün ən zəif durumunda Rusiya prezidenti Vladimir Putinlə eyni müzakirə masası arxasına keçərək, “hesabat vermək” məcburiyyətində qalıb... Kreml sahibi, Qərbdən də dəstək ala bilməyən erməni baş nazirin bu zəif vəziyyətindən istifadə etməyəcək, yaxud Ermənistanın Rusiyaya bütün istiqamətlər üzrə xəyanətini unudacaq qədər sadəlövh siyasətçi deyil...

ABŞ və Qərb Cənubi Qafqaza yerləşmək imkanlarını boşa vermiş kimi görünür. Hər halda, regional siyuasiya böyük sürətlə dəyişir. Üstəlik, bu dəyişiklik Qərb siyasi dairələrinin maraqlarına və hədəflərinə problem yarada biləcək məzmun daşıyır. Bu baxımdan, ABŞ və Qərbin Cənubi Qafqaza yönəlik geopolitik hesablamalarının yalnış olduğu artıq aydınlaşmağa başlayıb. Və böyük ehtimalla həmin geopolitik hesablamaların iflasa uğraması qaçılmaz olacaq.

Onu da qeyd etmək lazımdır ki, Ermənistan “geopolitik alət” funksiyalarını artıq icra etməkdə çətinlik çəkir. Rəsmi İrəvan ABŞ və Avropa Birliyindən verilən təlimatların yerinə yetirilməsində aciz duruma düşüb. Xüsusilə də, Paşinyan hakimiyyətinin uzun müddətdən bəri Rusiya ilə qarşıdurma siyasəti yürütməsi artıq öz real nəticələrini verməyə başlayıb. Və bu siyasətin ucbatından Ermənistan daxildən xaosa doğru sürüklənməkdədir.

2d3bbafb868e834f7976d7b27d18a453.jpg (296 KB)

Məsələ ondadır ki, Paşinyan hakimiyyətinin Rusiyadan uzaqlaşıb, Qərbə yaxınlaşma siyasəti Ermənistan üçün əsl geopolitik iflas situasiyası yaradıb. Belə ki, rəsmi İrəvan Kremlin strateji müttəfiqlik dəstəyini artıq itirib. Bunun əvəzindəsə, böyük ümidlər bəsləməsinə baxmayaraq, ABŞ və Qərbin təhlükəsizlik təminatını Ermənistanın arxasına almağa nail olmayıb. Və bu səbəbdən də, indi Ermənistan yalnız vədlər verilən, hədəfə alınmış, sahibsiz geopolitik alətə çevrilib.

Xüsusilə də, Paşinyan hakimiyyəti indi ən ağır siyasi dövrlə qarşı-qarşıya qalıb. Çünki rəsmi İrəvan Rusiyaya açıq xəyanətin “mükafatı” olaraq, ABŞ və Qərbdən istədiyi dəstəyi ala bilməsə də, Paşinyan hakimiyyətinin bütün siyasi düşmənləri indi vahid mərkəzdə birləşmiş kimi görünürlər. Və bu “vahid mərkəz” Paşinyan hakimiyyətinin devrilməsinə yardım edəcək istənilən xarici gücə xidmət göstərməyə hazırdır.

Maraqlıdır ki, Paşinyan hakimiyyətinə qarşı daxili etiraz dalğasının avanqard qüvvəsi rolunda məhz erməni kilsəsi çıxış edir. Baş nazir Nikol Paşinyan son açıqlamalarında erməni kilsəsini siyasi hərəkata rəhbərlik etməkdə suçlayıb. Erməni baş nazir üstüörtülü şəkildə eyham vurub ki, kilsə öz fəaliyyət funksiyaları ilə ziddiyyət təşkil edən işlərlə məşğul olur. Və bu fəaliyyətin nəticəsi Ermənistan dövlətçiliyinə xəyanət xarakteri daşıyır.

brussel-gorusu.jpg (163 KB)

Digər maraqlı məqam ondan ibarətdir ki, Ermənistanda daxili etiraz dalğasına rəhbərlik edən erməni kilsəsinin siyasi fəaliyyətini birbaşa erməni diasporu maliyyələşdirir. Ona görə də, erməni kilsəsinin paytaxt İrəvana yürüş təşkil etməsi üçün bir çox problemlərin aradan qaldırılması çətinlik törətmir. Və bu prosesə Qarabağ klanının da dəstək verməsi Paşinyan hakimiyyətinə qarşı etiraz dalğasına daha təhlükəli görüntülər qatır.

Yəni, belə anlaşılır ki, Paşinyan hakimiyyəti bütün istiqamətlər üzrə çarpaz hədəf durumuna düşüb. Baş nazir Nikol Paşinyan hesab edir ki, erməni kilsəsi və Qarabağ klanının əsas məqsədi Ermənistanda çevriliş etməklə, keçmiş hakimiyyətin bərpa olunmasından ibarətdir. Üstəlik, buna nail olmaq istəyənlər regionda növbəti müharibənin baş verməsi üçün də əllərindən gələn hər şeyi edirlər.

Təbii ki, bu, Ermənistanda xaos ərəfəsi kimi görünən dərin siyasi böhranın yaranma təhlükəsini də ön plana çıxarır. Hər halda, hazırda Ermənistanda siyasi böhranın artıq ilk mərhələsi start götürmüş kimi görünür. Belə davam edərsə, tezliklə, Ermənistanda kütləvi iğtişaşlar dönəmi də qaçılmaz ola bilər. Və bu halda, Ermənistan üçün vətəndaş müharibəsi vəziyyətinin yaranmaqsı da qətiyyən istisna deyil.

Ancaq nə qədər qəribə də olsa, Paşinyan hakimiyyətinin beynəlxalq himayədarları – ABŞ, Fransa və Avropa Birliyi rəsmi İrəvana dəstək verməyə qətiyyən tələsmir. Əksinə, Qərb siyasi dairələri bu məsələdə müəyyən mənada, həvəssiz görünürlər. Belə vəziyyətdə kütləvi etiraz dalğası daha da genişlənərsə, Paşinyan hakimiyyətinin buna duruş gətirmək şansı minimum səviyyəyə qədər azala bilər. Və bu halda, Ermənistanda hakimiyyət dəyişikliyi, eləcə də, Rusiyanın təsir mexanizmlərinin bərpası qaçılmaz ola bilər.

08d7627d-c37a-4027-b621-d957c3ed31d5.jpg (105 KB)

Nəhayət, ən önəmli məqamlardan biri də ondan ibarətdir ki, ABŞ və Qərb kənardan müşahidə etdiyi halda, Rusiyanın Ermənistan müxalifətinə - erməni kilsəsinə və Qarabağ klanına dəstək verdiyi artıq qətiyyən şübhə doğurmur. Hər halda, Kremlə yaxın siyasi dairələrin Paşinyan hakimiyyətini davamlı olaraq, tənqid və ittiham hədəfinə çevirməsi Rusiyanın əks düşərgəni dəstəkləməsinin fərqli modelidir. Üstəlik, Rusiya mətbuatı da hazırda Ermənistandakı “kilsə qiyamı”nı xüsusi məmnuniyətlə təbliğ edir.

Göründüyü kimi, Paşinyan hakimiyyətinin vəziyyəti hər ötən gün ağırlaşır. Belə situasiyada baş nazir Nikol Paşinyanın Rusiyaya səfəri böyük maraq doğurur. Çünki bu səfər ərəfəsində situasiya tamamilə tərsinə çevrilib. Paşinyan hakimiyyəti Rusiyaya xəyanət etsə də, Qərbdən umduğu dəstəkdən çox-çox uzaq qalıb. Ermənistandakı daxili siyasi hərəkətlənmə isə Paşinyan hakimiyyətinin manevr imkanlarını məhdudlaşdırıb. Və bu, o deməkdir ki, erməni baş nazir Kreml sahibinin qarşısına özünün ən zəif durumunda çıxır.

Belə anlaşılır ki, baş nazir Nikol Paşinyanın prezident Vladimir Putinlə eyni müzakirə masası arxasında oturması o qədər də asan olmayacaq. Hər halda, onu Kreml sahibinin sərt təzyiqləri gözləyir. Prezident Vladimir Putinin baş nazir Nikol Paşinyanın belə aciz duruma düşməsindən yararlanacağı qətiyyən şübhə doğurmur. Hər halda, Kreml sahibi erməni baş nazirin Rusiyaya bütün istiqamətlər üzrə xəyanətini unudacaq qədər sadəlövh siyasətçi deyil.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

08.05.2024 18:58
2407