Cənubi Qafqazda yekun situasuya tədricən öz yerini almağa başlayıb. Bu regionda “erməni faktoru” öz əhəmiyyətini itirməkdədir. “Qarabağ problemi” də artıq demək olar ki, mövcud deyil. Yəni, Cənubi Qafqaz üzərində müxtəlif məkrli planlar, çoxgedişli ssenarilər qurmağa çalışan beynəlxalq güclər “işlək təsir mexaizmləri”ndən məhrum edilib. Və yeni geopolitik situasiya indi onların regional maraqlarına qarşı çevrilib.
Onu da qeyd etmək lazımdır ki, Cənubi Qafqazı yenidən qarışdırmağa can atan beynəlxalq siyasi dairələrin son manevrləri artıq boşa çıxmış kimi görünür. Belə ki, bu regionda onların geopolitrik manevrlərinin qarşısında Azərbaycanın hərbi-siyasi gücü dayanır. Yəqin ki, bundan sonra Azərbaycanın geopolitik iradəsi ilə hesablaşmağın vacibliyini qəbul etməli olacaqlar. Və bu, Cənubi Qafqaz üçün yeni inkişaf perspektivlərinin önünü aça biləcək önəmli faktordur.
Məsələ ondadır ki, Fransa başda olmaqla, Avropa Birliyi son vaxtlara qədər Ermənistanı sülh prosesindən çıxartmağa yönəlik addımlar atmağa çalışırdı. Hətta demək olar ki, buna müəyyən mənada, nail ola bilmişdilər. Hər halda, Ermənistanda Avropa Birliyinin fransız və alman casuslarından ibarət mülki müşahidə missiyasının fəaliyyətə başlamasından sonra rəsmi İrəvan daha aqressiv və radikal davranmağa başlamışdı. Və Paşinyan hakimiyyəti tədricən sülh prosesindən uzaqlaşma kursuna meyllənmişdi.
Rəsmi İrəvan əvvəlcə Azərbaycanı Qarabağda yaşayan erməni azlığına qarşı blokada siyasəti yürütməkdə ittiham edirdi. Buna paralel olaraq da Qarabağdakı ermənilərin hüquq və təhlükəsizliyinə beynəlxalq təminatlar verilməyəcəyi təqdirdə, Azərbaycan-Ermənistan sülh sazişinin imzalanmasının mümkün olmayacağını bəyanlayırdı. Yəni, beynəlxalq himayədarlarının sifarişini icra edən Ermənistan onların təhlükəsizlik vədlərinə ümid bəsləyərək, regionda yeni savaşa çağırışlar edirdi.
Ardınca rəsmi İrəvan Azərbaycanla sərhəd bölgəsinə hərbi qüvvə toplayaraq, silahlı təxribatlar törətməyə başladı. Əvəzində isə, Azərbaycanın “dəmir yumruğu”na tuş gəldi. Paşinyan hakimiyyəti dərhal anladı ki, Azərbaycanla hərbi toqquşmalar Ermənsitanı fəlakətə apara bilər. Ona görə də, bu dəfə rəsmi Bakının əleyhinə beynəlxalq propoqanda terroruna üstünlük verməyə başladı.
Məsələ ondadır ki, Paşinyan hakimiyyətinin Fransa ilə ortaq şəkildə planlaşdırdığı “humanitar yük” təxribatı Azərbaycana qarşı beynəlxalq təzyiqlərə səbəb yaradılmasına hesablanmışdı. Ancaq rəsmi Bakının çevik davranaraq, “Laçın” postuna alternativ olaraq, Ağdam-Xankəndi yolunun açılmasını gündəmə gətirməsi Erməni-fransız cütlüyünün “blokada” iddialarını da puça çıxartdı. Və Azərbaycan beynəlxalq məkanda da siyasi-diplomatik üstünlüyü ələ keçirtmək şansı qazandı.
Nəhayət, Fransa və Ermənistan BMT-nin Təhlükəsizlik Şurasında Qarabağın erməni azlığının hüquqları ilə bağlı manipilyasiyalara cəhd göstərdilər. Ancaq rəsmi Bakı yenı çevik davrandı və BMT-nin Təhlükəsizlik Şurasında “Qarabağ müzakirələri”ndən öncə bu problemi likal antiterror tədbirləri ilə birdəfəlik həll etdi. Nəticədə, BMT-nin Təhlükəsizlik Şurasında mövcud olmayan “Qarabağ problemi” müzakirə edildi və Azərbaycanın siyasi-diplomatik qələbəsi ilə yekunlaşdı.
Göründüyü kimi, rəsmi Bakı son bir neçə ay ərzində Azərbaycanın düşmənlərini ardıcıl məğlubiyyətlərə uğratmağı bacarıb. Xüsusilə də rəsmi Bakının Xankəndi və ətraf bölgə üzərində Azərbaycanın beynəlxalq hüquqla təsbit olunmuş suverenliyini bərpa etməsindən sonra bir çox önəmli məsələlər öz həll edilmiş sayılır. Yəni, artıq “Qarabağ problemi” mövcud deyil.
Bu isə o deməkdir ki, indiyə qədər Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanması qarşısında olan əsas əngəl aradan qaldırılıb. Bundan sonra “Qarabağ mövzusu”nun sülh danışıqlarında gündəmə gətirilməsi mümkün deyil. Hətta Rusiya belə, Qarabağın gələcək taleyinin həll olunduğunu və yaxın vaxtlarda sülh sazişinin imzalanma ehtimalını qəbul edir. Ermənistanın beynəlxalq himayədarları, xüsusilə də, Fransa və Avropa Birliyi isə oyundankənar vəziyyətə düşüblər. Və heç bir prosesə müdaxilə edə, rəsmi İrəvana dəstək verə bilmirlər.
Ona görə də indi Paşinyan hakimiyyəti qorxu içərindədir və yenidən sülh danışıqlarına geri dönmək məcburiyyətində qalıb. Rəsmi Bakı Qarabağda keçirilən lokal antiterror tədbirləri ilə Ermənistanı buna məcbur edə bildi. İndi rəsmi İrəvan davamlı olaraq, sülh sazişindən danışmağa başlayıb. Hətta Ermənistan parlamentinin spikeri Alen Simonyan rəsmi İrəvanın sülh sazişinin imzalanma perspektivini böyük şans hesab etdiyini vurğulayıb. Və rəsmi İrəvanın buna tam hazır olduğunu bildirib.
Təbii ki, “Qarabağ mövzusu”nun gündəmdən birdəfəlik çıxarılmasından sonra Paşinyan hakimiyyəti üçün də sülh sazişi qarşısında dayanan əsas əngəl aradan qaldırılmış kimi görünür. Ona görə də, indi Azərbaycan və Ermənistan liderlərinin növbəti görüşündə sülh sazişinin böyük ölçüdə razılaşdırıla biləcəyi ehtimal olunur. Hətta bəzi mənbələr həmin sənədin 70 faiz hazır olduğunu da bildirirlər.
Bütün bunlar onu göstərir ki, rəsmi İrəvan Ermənistanı qorumaq üçün yekun sülh sazişini imzalamalı olacaq. Bəzi ehtimallara görə, bu sənəd ən uzağı 2023-cü ilin sonuna qədər reallığa çevrilə bilər. Çünki vaxtın uzadılmasının yalnız Ermənistana zərbə vurduğu birmənalı şəkildə təsdiqlənib. Və rəsmi İrəvan bundan sonra üzləşə biləcəyi itkilərdən yayınmaq üçün mümkün qədər tələsməli olacaq.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu