İlk yayın vaxtı18:20
Cənubi Qafqazda hərbi-siyasi sabitlik növbəti dəfə pozuldu. Ancaq hazırda baş verənlər son nəticə təsiri bağışlamır. Əksinə, indi yeni genişmiqyaslı regional savaşın İlkin əlamətləri daha aydın şəkildə müşahidə olunur. Və belə anlaşılır ki, Cənubi Qafqazda hərbi-siyasi sabitliyin pozulmasında maraqlı olanlar artıq hərəkətə keçiblər.
Məsələ ondadır ki, Ermənistanın son hərbi təxribatları qətiyyən gözlənilməz xarakter daşımır. Əksinə, uzun müddətdən bəri rəsmi İrəvanın və Ermənistanın beynəlxalq himayədarlarının bu avantürist təxribata hazırlaşdıqları açıq-aşkar nəzərə çarpırdı. Və bu erməni təxribatları eyni vaxtda həm bir neçə məqsədə, həm də regionda özəl maraqları olan fərqli kənar güclərə xidmət edir.
Birincisi, Paşinyan hakimiyyəti üçün nə şərti sərhəd bölgəsində silahlı toqquşmalar xüsusi siyasi məqsədlər üçün lazımdır. Hər halda, baş nazir Nikol Paşinyanın və onun hakimiyyət komandasının siyasi reytinqinin son vaxtlar sürətlə aşağı düşdüyü heç kimə sirr deyil. Rəsmi İrəvan daxili ictimai dəstəyin itirilməsinə qarşı hər hansı real bloklayıcı plan və proqrama malik deyil. Çünki Ermənistan üçün real inkişaf proqramları ilə daxili dəstəyi sabitləyəcək resurslar yoxdur.
Ona görə də, Paşinyan hakimiyyəti Ermənistan əhalisini "xarici düşmən" faktoru ilə şantaj etməyə məcburdur. Sərhəd bölgəsində silahlı təxribatlarda da əsas məqsəd "xarici düşmən" təhlükəsinə adekvat olaraq, Ermənistan əhalisini Paşinyan hakimiyyəti ətrafında birləşdirməkdən ibarətdir. Və bu baxımdan, son erməni təxribatlarının arxasında baş nazir Nikol Paşinyanın şəxsi siyasi maraqları da olmamış deyil.
Ancaq rəsmi İrəvan yalnız özəl siyasi maraqları düşünərək, bu silahlı təxribatlara cəsarət göstərmək şansından çox-çox uzaqdır. Qətiyyən şübhə doğurmur ki, Paşinyan hakimiyyəti öz özəl siyasi maraqlarını Ermənistanın xarici himayədarlarının regional mənafeləri ilə uzlaşdırmağa da çalışıb. Hər halda, sülh prosesini poza biləcək silahlı toqquşmaların indi əsasən Fransa və Rusiyanın maraqlarına tamamilə cavab verdiyi inkaredilməz reallıqdır.
Ona görə də, hərbi təxribatlardan öncə rəsmi İrəvanın Fransa və Rusiyanın razılığını, hətta böyük ehtimalla qarantiyalı təlimatını aldığı qətiyyən istisna deyil. Belə ki, rəsmi Parisin Cənubi Qafqazda yerləşmək cəhdləri Azərbaycanın siyasi elitası tərəfindən bloklanıb. Yəni, sabitlik şəraitində sülh sazişinin imzalanmasına yönəlik proses Fransanın regional hədəflərinin iflası deməkdir. Və bu səbəbdən də, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşma prosesindən uzaqlaşıb, hərbi-siyasi gərginlik mərhələsinə keçməsi Fransanın ümid bəslədiyi əsas faktordur.
Böyük ehtimalla Azərbaycan-Ermənistan şərti sərhədlərində erməni təxribatlarından Fransa rəsmi Bakıya qarşı yeni beynəlxalq təzyiqlər üçün istifadə etməyə çalışa bilər. Prezident Emmanuel Makron bir müddət öncə Azərbaycana qarşı təzyiq kampaniyasına başlamaq planının anonsunu vermişdi. Yəqin ki, Paşinyan hakimiyyətini də məhz bu mövzuda şirnikləndirməyi bacaran Fransa Ermənistandan sadəcə, regional obyekt, geopolitik alət kimi istifadə etməyə çalışır.
Digər tərəfdən, Rusiyanın da son erməni təxribatlarından məmnun olmaq üçün öz səbəbləri olmamış deyil. Belə ki, sərhəddə silahlı toqquşmalar Fransa kimi, Rusiyanın Cənubi Qafqazdan çıxarılmasında maraqlı olan Avropa Birliyinə qarşı ciddi ittihamlar üçün Kremlə önəmli arqumentlər verir. Hər halda, Kreml KTMT nəzarətçiləri əvəzinə sərhəd bölgəsində yerləşdirilmiş Avropa Birliyinin mülki müşahidə missiyasını hədəfə almaq imkanı qazanıb. Çünki avropalı missiya Ermənistanı qorumaq imkanına malik deyil. Və bu, Rusiyanı qane edir.
Böyük ehtimalla bundan sonra Kreml KTMT nəzarətçilərinin Ermənistanın sərhəd bölgəsinə göndərilməsi üçün rəsmi İrəvana təzyiqləri artıracaq. Rusiyayönümlü erməni siyasi qüvvələri isə Ermənistan cəmiyyətində Kremlin arqumentlərini təbliğ etməyə çalışacaqlar. Bu baxımdan, Rusiyanın da hərbi-siyasi gərginlikdən öz maraqları çərçivəsində istifadə edəcəyi qətiyyən şübhə doğurmur. Və Paşinyan hakimiyyətinin hərbi təxribatlarının çoxistiqamətli maraqlarla yükləndiyi açıq-aşkar nəzərə çarpır.
Ancaq bu, olduqca təhlükəli bir oyundur. Çünki erməni təxribatları yalnız ümumi şəkildə maraqları uzlaşdırır. Həmin maraqların detallı hədəfləri isə kəskin şəkildə toqquşur. Ona görə də, istənilən halda, erməni təxribatlarının, bu hərbi cinayətdə birbaşa maraqlı olan bütün kənar güclərin hədəflərinin reallaşmasına imkan yaratması qətiyyən mümkün deyil. Bu isə o deməkdir ki, kənar güclər arasında da ziddiyyətlər və son nəticədə hədəfləri başa çıxanların Ermənistanın özünə qarşı ciddi təzyiqlər də istisna deyil.
Göründüyü kimi, Paşinyan hakimiyyəti Ermənistanı böyük riskə atmaqda davam edir. Üstəlik onu da nəzərə almaq lazımdır ki, rəsmi Bakı bu oyunda tamamilə müstəqil davranma imkanlarına malikdir. Azərbaycanın Ermənistandan fərqli olaraq, növbəti genişmiqyaslı savaşa başlamaq üçün yetərli resurslara sahib olması da həlledici faktorların sırasına daxildir. Və Azərbaycan ordusu hər an erməni təxribatlarına daha radikal reaksiya verə bilər.
Düzdür, son vaxtlar rəsmi İrəvan Ermənistan ordusuna Fransa və Hindistandan yeni silah-sursat aldıqdan sonra Paşinyan hakimiyyətinin siyasi ritorikası nisbətən dəyişməyə başlayıb. Halbuki rəsmi İrəvan onu da unutmamalıdır ki, II Qarabağ savaşına qədər Rusiya Ermənistan ordusuna onmilyardlarla dollar dəyərində silah-sursat və hərbi texnika vermişdi. Ancaq buna baxmayaraq, Azərbaycan ordusu Ermənistanın hərbi qüvvələrini cəmisi 44 gün ərzində biabırçı məğlubiyyətə uğrayaraq, silahlı tör-töküntüyə çevirdi. Və indi də əgər, erməni təxribatları genişmiqyaslı savaşa səbəb olarsa, Ermənistanı fərqli heç nə gözləmir.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu