Paşinyan “haça-paça” durumda – Ermənistan ətrafında çənbər daralır

“Ermənistan onun suverenliyinə təhdid yaratdığı üçün (? - red.) Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakını dondurub. Ermənistan bu təşkilatla münasibətlərdə dönüş olmayan nöqtəyə yaxındır”.

Bu sözləri bu gün Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.

Paşinyan ardınca deyib ki, Ermənistanın Rusiya və Avrasiya İqtisadi İttifaqı (Aİİ, Kremlin iqtisadi bloku) ilə ticarət dövriyyəsini azaltmaq, iqtisadi əlaqələri kəsmək kimi vəzifəsi yoxdur. Həmçinin ərz edib ki, “ölkə iqtisadi əlaqələrini şaxələndirməyə, o cümlədən Avropa İttifaqı və ABŞ-la istiqamətləri intensivləşdirməyə çalışır, lakin söhbət əvəzetmədən yox, diversifikasiyadan gedir”.

Diqqət edildi yəqin ki, İrəvan bir yandan, “Rus NATO-su” sayılan KTMT-dən uzaqlaşmaq kursuna sadiqliyini söyləyir, digər yandan isə Rusiyanın dominant olduğu iqtisadi birlikdə qaldığını bəyan edir. Belə çıxır, N.Paşinyan Rusiyanı həm sevir, həm də ona nifrət edir. Əcəb işdir.

Gerçəkdə isə Ermənistan bir-birinə uzun müddət düşmən kəsilmiş iki blokla – Qərb (NATO) və Rusiya (KTMT) eyni vaxtda sıx əlaqələr qurmağı və bu yolla güclənmək, o sırada hərbi sahədə dirçəlib Azərbaycanla ayaqlaşmaq və hər iki güc mərkəzinin siyasi himayəsini qazanmağı xəyal edir. Adını isə absurdcasına “diversifikasiya” (şaxələnmə) qoyur. Halbuki bunun adı “diversifikasiya”, “balanslaşma” yox, “iki stul” siyasəti və ya “haça-paça” durumdur...

Erməni ki, erməni. Ağılları gedib ATƏT-in üzdəniraq Minsk Qrupunun dönəminə. Hansı qurumun həmsədrləri ki, Rusiya, ABŞ və Fransa idi və onların hər üçü işğalçının başını tumarlamaqla məşğul idilər. Yenə istəyirlər ki, Ermənistanın bir “əli”ndən rus, o birindən isə “Sem dayı” tutsun.

Keçdi o əyyamlar, cənab haylar.

Doğrudur, hələ ki, ABŞ başda olmaqla Qərb “izqoy” Ermənistanın sanksiyalardan yayınaraq, Rusiyaya qadağan olunmuş bir sıra məhsulları reeksport edib babat pul qazanmasına göz yumur. Amma şəkk-şübhəsiz, müəyyən həddə və müddətədək. Günün birində İrəvandan mütləq konkret strateji seçim tələb olunacaq.

O gün çox uzaqda deyil. Xüsusən də gələn ay qonşu Gürcüstandakı parlament seçkilərindən sonra Ermənistan sərt dilemma qarşısında qoyula bilər. Gürcüstanın Qərb orbitindən getdikcə artan uzaqlaşma ehtimalı bunu ABŞ tərəfdən labüdə çevirəcək...

Eyni şeyi Rusiya tələb edəcək. Necə ki, vaxtilə Xocalı canisi, sabiq prezident Serj Sərkisyan Avropa İttifaqı ilə assosiasiya sazişi imzalamaq ərəfəsində (2013) Putin Sərksiyanı Moskvaya çağırıb qulaqburması verdi və Serjik də dərhal mövqeyini 180 dərəcə dəyişərək, Ermənistanı Rusiyanın dominant olduğu Avrasiya İqtisadi Birliyinə və Gömrük İttifaqına qoşan sənədi imzaladı.

Hələliksə, özünü guya hamıdan ağıllı sayan Nikol Paşinyan ikili oyunu ilə Qərbi də, Rusiyanı da aldatdığını zənn edir. Qərbdən, son vaxtlar isə həm də Rusiyadan silahlar alıb şellənir. Daha xəbəri yoxdur ki, Qərb və Rusiya bunu heç də erməniləri sevdiyi üçün yox, öz maraqları maninə edir. Hədəf isə Ermənistan vasitəsilə birinin digərini bölgədən vurub çıxarmaq, yaxud bölgəyə girişinə imkan verməməkdir.

Yəni əslində Paşinyanın “diversifikasiya” dediyi “iki stul” siyasəti kapitulyant ölkəni gec-tez hərbi poliqona, qlobal güclərin toqquşma meydanına çevirə bilər. Döyüşən fillərin ayaqları altında ot olmaq isə böyük fəlakətdir. Xüsusən də Ermənistan kimi cırtdan ölkələr üçün.

“Dəmir yumruq” bunun yanında nədir ki?..

Maraqlıdır ki, Paşinyanın yuxarıdakı açıqlaması ilə eyni gündə Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) faktiki Rusiyanı ölkədə hərbi çevrilişdə ittiham edən məlumat yayıb. Bildirilir ki, hakimiyyəti ələ keçirməyə hazırlaşmaqda şübhəli bilinən və Rostov-na-Dondakı bazada təlim keçən 7 nəfər barəsində cinayət təqibi başlanıb. Onlardan üçü həbs edilib, digərləri axtarışa verilib.

Beləcə, xarici siyasətdə paşinyanvari “diversifikasiya” kursu götürmüş Ermənistan ətrafında çənbər get-gedə daralmaqdadır...

Musavat.com

18.09.2024 14:01
608