Ermənistanın İraqdakı səfiri Misak Balasanyanın 57 gün sonra geri çağırılması Paşinyanın ölkəni hansı prinsiplərlə idarə etməsinə aydınlıq gətirmək baxımından diqqət çəkir.
Musavat.com xəbər verir ki, sentyabr ayında Balasanyanın səfir təyinatı sərəncamını prezident Vaaqan Xaçaturyan imzalamışdı, onun geri şağırılması haqda sənədi də o imzalayıb, amma bu sadəcə prosedurdu, bu “diplomatik müəmmanın” arxasında Paşinyanın partiyasının iradəsi dayanır. Paşinyana demokrat deyirlər, amma bəlkə də sıradan görünən bir qərar bunun əslində belə olmadığını göstərir.
Paşinyan Misak Balasanyanı ona görə səfir göndərmişdi ki, o, Ermənistanın ikinci ən böyük şəhərinin-Gümrüdə ciddi nüfuz sahibləri olan, sabiq mer Samvel Balasanyanın oğludur. Samvel Balasanyan əvvəllər bəzi partiyalarda fəaliyyət göstərib, deputat və spikerin müavini də olub. Sonra isə özünün “Balasanyanlar blok”unu yaradıb və 2021-ci ilin martında keçirilən meriya seçkilərində hakim “Vətəndaş müqaviləsi” partiyasına qalib gələrik birinci yeri tutub. Bu səbəbdən Paşinyanın partiyası “Balasanyanlar blok”u ilə koalisiya yaratmağa məcbur olmuşdu. Mer “Balasanyanlar blok”undan, Paşinyanın partiyasından isə iki nəfər müavin olmuşdu. Amma dekabrın əvvəlində hələ ki, tam bilinməyən səbəbdən bu əməkdaşlığa son qoyuldu. “Balasanyanlar bloku” koalisiyadan çıxdığını elan etdi, amma hakim partiya təmsilçiləri iddia edirlər ki , əməkdaşlığı dayandırmaqla bağlı qərarı ilk olaraq onlar verib. Hakim partiya iddia edir ki, meriyanın idarə edilməsində “xeyli qaranlıq məqamlar” olduğu üçün birgə fəaliyyəti dayandırmaq məcburiyyətində qalıblar. Bu səbəbdən də İraqa 57 gün əvvəl səfir təyin edilən bala Balasanyanı geri çağırılıb. Qeyd edək ki, Misak Balasanyan Gümrü pivə zavodunun icraçı direktoru olub.
Qeyd edək ki, koalisiya dağılandan sonra Gümrüdə situasiya daha da gərginləşib. Gümrü şəhərinin 2024-cü il büdcə layihəsi təsdiqlənməyib. Meriyanın kollegiyal idarəetmə orqanı olan Ağsaqqallar Şurasının növbədənkənar iclasında 32 üzvdən 17-si şəhərin gələn il üçün əsas sənədinin qəbulunun əleyhinə səs verib. Bununla belə, “Balasanyan bloku” Paşinyanın partiyasının namizədlərinin yerinə merə yeni iki müavin seçib.
Ekspertlərin fikrincə, Paşinyan Gümrü şəhərinin meri postunu hər hansı vasitə ilə tutmaq qərarına gəlib. Hakim partiya sözügedən vəzifəni tutmaq üçün planlar hazırlayarkən, “Balasanyan bloku”Gümrü meri Vardeqis Samsonyanın istefa verməyəcəyini deyib.
Orxan ƏLİYEV,
Musavat.com