Paşinyan “fenomeni” - reytinqi 15-ə düşsə də rəqibi yoxdur

Ermənistan baş naziri Nikol Paşinyana ictimai etimad səviyyəsi azalıb. Bunu “Gallup” beynəlxalq sorğu şirkətinin qonşu ölkədə təzəcə keçirdiyi rəy sorğusu üzə çıxarıb. Nəticələrə əsasən respondentlərin 38,1%-i baş nazirə etibar etmir (2023-cü ilin noyabrında rəqəm 35,5% olub), 15,1%-i isə əksinə, tam etibar edir (noyabrda 20,4%).

Bununla belə, məlum olub ki, Paşinyan aşağı faizlə də olsa digər siyasətçilərlə, xüsusən də radikal müxalifətlə müqayisədə hələ də erməni cəmiyyətində ən populyar, ən arzulanan siyasətçi olaraq qalır. İstisna deyil ki, bunun birinci səbəbi toplumun daha müharibə arzulamaması və ya ondan yorulması, eyni zamanda Köçəryan-Sərkisyan xunta rejimi dönəminə qayıtmaq istəməməsi ilə bağlıdır...

Respondentlər Ermənistanın yeni konstitusiyası ilə bağlı sualları da cavablandırıblar. Nəticələr belədir: sorğu iştirakçılarının 38,1%-i bildirib ki, konstitusiya dəyişdirilə bilməz, 34,2%-i onun bəzi müddəalarının dəyişdirilməsini mümkün sayıb, 13,4%-i isə yeni konstitusiyaya ehtiyac olduğunu söyləyib.

Göründüyü kimi, rəyi soruşulanların təxminən yarısı (47.6) dəyişikliyə faktiki etiraz etmir. Bu, heç də balaca rəqəm sayılmaz. Nəzərə alsaq ki, hökumət hələ bütün inzibati resurslarını səfərbər edərək, bu yöndə güclü təbliğata başlamayıb, o zaman ehtimal etmək olar ki, dəyişik tərəfdarları olanlar rahatca 50+1-i keçəcək və yeni konstitusiya qəbul olunacaq.

Paşinyana da elə bu lazım deyilmi? Yəqin ki, son rəy sorğuları onu konstitusiya islahatlarına bir az da ruhlandıracaq və daha inamlı edəcək. Həm də o səbəbə ki, bu, hökumətə bir etimad referendumu olacaq, paralel surətdə isə kilsəyə (katolikosa) hakimiyyətə müdaxilə imkanı verən konstitusion bəndin ləğvi fürsəti yaradacaq (Ermənistan dünyəvi dövlətdirsə, din dövlətdən ayrıdırsa, onda kilsəyə niyə hakimiyyət, dövlət işlərinə legitim şəkildə burun soxmaq hüququ tanınmalıdır?)...

Yada salaq ki, az öncə “Pastinfo”nun YouTube kanalında keçirdiyi sorğuya görə, əhalinin guya 80%-inin Ermənistan konstitusiyasının dəyişdirilməsi əleyhinə olduğu, yalnız 15%-inin “hə” cavabı verdiyi, daha 5%-in isə tərəddüd içində olduğu haqda məlumat yayılmışdı.

O vaxt yazmışdıq ki, belə sorğu obyektiv sayıla bilməz, çünki sosioloji rəy sorğusunun öz qaydaları, şərtləri var və bütün bölgələri, sosial-siyasi qrupları əhatə etməlidir (YouTube sorğusuna isə sırf radikal-revanşistlərin qoşulduğu şəksizdir).

Necə ki, “Gellup” buna əsasən əməl edir. Ona görə nəticələr də xeyli fərqlidir. Ən önəmlisi, daha mötəbərdir. Çünki sorğuya kim istədi qatıldı söhbəti yoxdur, proses əhali arasında təsadüfi seçmə üsulu ilə və bütün ölkə boyu aparılır. Bu da “dəniz suyunun dadını” müəyyən etmək imkanı yaradır.

Odur ki, Paşinyan və komandası üçün elə də faciəli durum hesab edilməz. O mənada ki, əgər Nikol Vovayeviç gerçəkdən də öz xalqına sülh, firavanlıq gətirməyi, ölkəsini inkişafa aparmağı hədəfləyibsə, bundan ötrü qonşu Azərbaycan və Türkiyə ilə barışıq niyyətində ciddidirsə, rahatca referenduma gedə və istədiyi nəticəni, hətta Nobel sülh mükafatı da ala bilər.

Yox, bu, Qərbdəki məkrli çevrələrin qurduğu növbəti anti-Azərbaycan oyunudursa, o zaman Nikol tarixdə öz xalqının xilaskarı qismində deyil, növbəti siyasi dələduzu kimi qalacaq – özünün bütün yeni faciəvi nəticələri ilə birgə...

Z.SƏFƏROĞLU
Musavat.com

07.02.2024 13:24
840