Paşinyan Ermənistanı Qərbə çox ucuz satdı: Əvəzindəsə, Rusiya boyda düşməndən başqa, heç nə almadı

Paşinyan hakimiyyətinin İrəvandakı hesablamaları Brüsseldəki "bazara" uyğun gəlmədi... ABŞ və Avropa Birliyi elə də böyük xərc çəkmədən Cənubi Qafqazda "ikinci Ukrayna ssenarisi"ni reallaşdırır...

Cənubi Qafqazda "yeni Ukrayna ssenarisi"nə rəsmən start verildi. ABŞ və Avropa Birliyi bu regionda Rusiyaya qarşı ikinci cəbhənin açılması istiqamətində konkret planı artıq tətbiq etməyə başlayıb. Ona görə də, hesab etmək olar ki, hazırda ABŞ və Qərbə Cənubi Qafqazda sülh, sabitlik deyil, məhz regional hərbi-siyasi gərginlik lazımdır. Və bu, bütövlükdə Cənubi Qafqaz üçün real təhlükə mənbəyinə çevrilə bilər.

Məsələ ondadır ki, ABŞ, Avropa Birliyi və Ermənistan arasında ortaq konfransın nəticələri artıq təxminən məlumdur. Ona görə də, indi Cənubi Qafqaz üzərində hansı yeni məkrli oyunlara start verildiyi daha aydın təsəvvür etmək tamamilə mümkündür. İlkin nəticələr barədə qənaətlər qətiyyən birmənalı olmasa da, bəzi məqamlar artıq aydınlaşmış kimi görünür. Və bu baxımdan, "Brüsseldə əslində, nə baş verdi" sualına cavab axtarmaq imkanları da mövcuddur.

Birincisi, onu qeyd etmək lazımdır ki, Paşinyan hakimiyyəti uzun müddətdən bəri Rusiyadan qoparmağa çalışdığı Ermənistana yeni "sahibkar" axtarırdı. Ancaq rəsmi İrəvan Ermənistanı "müftə" vermək istəmirdi. Ermənistanı mümkün qədər baha qiymətə satmağa çalışırdı. Yəni, baş nazir Nikol Paşinyan Brüsseldə "geopolitik bazarlığa" qatılaraq, Ermənistanı "auksionda satışa" çıxartmışdı.

 3af8a97d-88b9-4e60-84c3-b47653fa9f68.jpg (250 KB)

İkincisi, Paşinyan hakimiyyəti üçün ən önəmli hədəf Ermənistanın yeni "alıcı"sının absurd "erməni xəyalları"nın reallaşdırılması üçün fədakarlıq göstərməsi ilə birbaşa bağlıydı. Yəni, erməni baş nazir ABŞ-ın, Avropa Birliyinin və hətta NATO-nun hərbi-siyasi dəstək gücünü Ermənistanın arxasına alaraq, Azərbaycana qarşı istifadə etmək planı qururdu. Əvəzində isə Rusiya ilə münasibətlərin korlanması istiqamətində bəyanatlarla kifayətlənmək niyyətində idi. Yəni, rəsmi İrəvan demək olar ki, ABŞ və Qərbin dəstəyinə ödəniş etməkdən yayına biləcəyinə ümid edirdi.

Ancaq İrəvandakı hesablamalar Brüsseldəki "bazarlığa" o qədər də uyğun gəlmədi. Çünki ABŞ və Qərb faydasız xərclərə qətiyyən vərdişli deyil. Əksinə, xərclədiyindən bir neçə qat çox fayda götürməyin yollarını da daha yaxşı bilir. Qərbdə Ermənistanın "dəyər"ini ermənilərdən daha yaxşı hesablamağı bacarırlar. Və bu, Paşinyan hakimiyyətinin hesablamaları ilə ala bildikləri arasındakı kəskin fərqlərdə də özünü göstərir.

Məsələ ondadır ki, Paşinyan hakimiyyətinin hesablamalarına görə, iqtisadiyyatı Rusiyadan tamamilə asılı olan Ermənistana ən azı illik 3 milyard dollar lazımdır. Rəsmi İrəvan məhz 8-10 il ərzində Qərbdən hər il bu məbləği alacağı təqdirdə, Ermənistanı tədricən Rusiyanın asılılığından çıxara biləcəyini düşünürdü. Ancaq baş nazir Nikol Paşinyan öz yaxın ətrafına onu da bildirmişdi ki, Qərb rəsmi İrəvana belə nəhəng məbləğ vəd etməyib, ən yaxşı halda, Avropa Birliyi Ermənistana cəmisi bir milyard dollar verə bilər.

Brüsseldə ortaq konfransın nəticələrindən belə anlaşılır ki, daha realist olmağa çalışan baş nazir Nikol Paşinyanın ümidləri belə, boşa çıxıb. Belə ki, Avropa Birliyi Ermənistana 4 il ərzində ümumi 270 milyon avro vəd edir. ABŞ isə Ermənistana cəmisi 65 milyon dollar verəcək. Buna əlavə olaraq, Avropa Birliyi könüllü şəkildə Ermənistana köç etmiş ermənilərin cəmiyyətə inteqrasiyasına daha 7 milyon avro xərcləmək niyyətindədir. Yəni, Ermənistanın Brüsseldə rəsmən elan edilən "nominal dəyəri" illik 150 milyon dollara, 4 illik qiyməti isə cəmisi 350 milyon dollardır.

00ed51df2fd622449714ad0302d4d60b.jpg (76 KB) 

Əlbəttə, səhnə arxasında Ermənistana daha nələrin vəd edilmiş ola biləcəyi hələlik məlum deyil. Hər halda, ortaq konfransdan öncə Brüsseldə Ermənistana təhlükəsizlik təminatı veriləcəyi, müasir hərbi texnika ötürüləcəyi də iddia olunurdu. Ola bilər ki, bu məsələnin daha fərqli variant üzrə reallaşdırılmasına üstünlük verilib. Məsələn, Fransa Ermənistanın təhlükəsizlik problemlərini və silah-sursatla təmin olunmasını öz üzərinə götürüb. Yəni, bu məsələ də Brüssel konfransının məxfi anlaşmasına daxil edilmiş ola bilər. Və belə dolayısı variantları tamamilə istisna etmək çətindir.

İstənilən halda, belə məsələləri uzun müddət gizli saxlamaq da mümkün deyil. Böyük ehtimalla ən yaxın vaxtlarda bu barədə məlumatlar sızdırılmış olacaq və əsl reallığın nədən ibarət olduğu dəqiqləşəcək. Xüsusilə də, müasir texnologiyalar Ermənistana silah-sursat təchizatın haradan gəldiyini, kim tərəfindən maliyyələşdirildiyini müəyyən etməyə imkan verir. Və bu baxımdan, əgər, səhnə arxasında hansısa məkrli sövdələşmələr mövcuddursa, deməli, onların ifşa olunması da çox çəkməyəcək.

Hələliksə, Brüssel ortaq konfransının rəsmən elan edilmiş nəticələrinə görə, Ermənistan ABŞ və Avropa Birliyindən cəmisi 150 milyon dollara yaxın maliyyə dəstəyinə ümid bəsləyə bilər. Halbuki, ABŞ və Avropa Birliyi bu məbləğin əvəzini Ermənistandan istədiyini də qətiyyən gizlətmir. Belə ki, hələ ortaq konfransda qısa müddət öncə NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen "Ermənistanın dostları şəbəkəsi" adından bir hesabat yaymışdı.

Avropanın "siyasi tullantılar"ının yer aldığı bu şəbəkə Azərbaycanı hədəfə alsa da, Ermənistana da müəyyən mesajlar vermişdi. Belə ki, həmin hesabatda Ermənistana Rusiyanın patronajlığı altında olan KTMT və Avropa İqtisadi İttifaqını tərk edib, sürətlə avroatlantik məkana inteqrasiya etmək məsləhət görülürdü. Yəni, ABŞ və Qərbin Ermənistandan tələbləri elə bu hesabatdakı çağırışdan da açıq şəkildə görünür. Və bu barədə ortaq konfrans çərçivəsində baş nazir Nikol Paşinyana bağlı qapılar arxasında müəyyən təlimatların verildiyi də qətiyyən şübhə doğurmur.

685772a6f686fcd5fd6be7a9165c38a8.jpg (98 KB) 

Göründüyü kimi, ABŞ və Avropa Birliyi elə də böyük xərc çəkmədən Cənubi Qafqazda Rusiya əleyhinə "ikinci Ukrayna ssenarisi" reallaşdırmağa çalışır. Ermənistana isə Rusiyaya qarşı yeni hərbi-siyasi poliqona çevrilmək rolu ayrılmış kimi görünür. Halbuki, rəsmi İrəvan ABŞ və Avropa Birliyinin verdiyi məbləğ qarşılığında Rusiyaya qarşı konkret addımlar atarsa, bu, Ermənistan üçün böyük fəlakətə çevrilə bilər.

Rusiya Xarici İşlər Nazirliyinin Brüssel konfransına verdiyi reaksiya hələlik mümkün qədər yumşaq mövqedə qalmağı üstün tutan Kremlin hansısa mərhələdə aqressivləşə biləcəyini sezdirir. Xüsusilə də, Ermənistan Rusiyanın patronajlığı altında olan qurumlardan çıxmaq barədə konkret rəsmi qərarını elan edərsə, Kreml daha radikal mövqe məcburiyyətində qala bilər.

Məsələn, Kreml ermənilərin Rusiyadan hər il Ermənistana transfer etdiyi 3 milyard dollarlıq maliyyə axınını blonlayarsa, bu, rəsmi İrəvan üçün dağıdıcı sosial-iqtisadi böhran vəd edir. Üstəlik, Rusiyanın Ermənistana ixrac etdiyi təbii qazın qiymətini dünya bazarı səviyyəsinə qaldırması və ya onu ümumiyyətlə, dayandırması Paşinyan hakimiyyətini yalnız sosial-iqtisadi deyil, həm də enerji böhranıyla qarşı-qarşıya buraxar. Halbuki, Rusiyanın ixtiyarında Ermənistanı daxildən qarışdırıb, daha dəhşətli fəlakətlərə sürükləyə biləcək təhlükəli mexanizmlər də mövcuddur.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

06.04.2024 18:45
2783