Paşinyan Ermənistana nəzarəti itirir: Ölkə xarici borclara girovdur, “sosial partlayış” isə yaxınlaşır

Ermənistan baş naziri Nikol Paşinyan siyasi rəqiblərini sıradan çıxartmaq üçün tələsir, çünki sosial-iqtisadi böhranın dərinləşməsi istər-istəməz erməni müxalifətini də gücləndirəcək... Yaxın aylarda kütləvi iğtişaşlar baş verəcəyi təqdirdəsə, indiki radikal-revanşist müxalifət Ermənistan parlamentini tamamilə nəzarətə götürə və dövlət çevrilişini reallaşdıra bilər...

Ermənistan Cənubi Qafqazda ABŞ və Qərbin “regiona eniş zolağı” rolunu öz üzərinə götürüb. Hazırda rəsmi İrəvan ənənəvi Rusiyanın forpostu atatusundan israrla imtina etməyə üstünlük verir. Bunun əvəzindəsə, Rusiyanın beynəlxalq düşmənlərinin “təhlükəsizlik çətiri” altına sığına biləcəyinə böyük ümidlər bəsləyir.

Halbuki, bu ümidlərin indiki situasiyada daha çox “utopik xəyal”lardan uzağa gedə bilmədiyi inkaredilməz reallıqdır. Hər halda, ABŞ və Qərbin Rusiya ilə müttəfiqlik münasibətlərindən imtina etmiş Ermənistanı öz “təhlükəsizlik çətiri” altına aldığını tsədiqləyə biləcək heç bir real əlamət mövcud deyil. Və bu, Paşinyan hakimiyyətinin xarici siyasət kursunun qarşıya qoyulmuş hədəflərdən uzaq qaldığını göstərir.

Ancaq rəsmi İrəvanın siyasi-diplomatik uğursuzluğu yalnız bununla məhdudlaşmır. Belə ki, Paşinyan hakimiyyəti hazırda Ermənistanı yalnız xarici kreditlər hesabına ayaqda tutmağa çalışır. Son məlumatlara görə, hazırda Ermənistanın xarici borcları 10 milyard dollar həddini artıq çoxdan keçib. Və Ermənistan kimi kiçik və zəif dövlət üçün bu, olduqca təhlükəli reallıqdır.

c9d02761-ab86-4e6a-bb92-2e12a4504836.jpg (196 KB)

Məsələ ondadır ki, Paşinyan hakimiyyəti xarici kreditlər hesabına Ermənistanın həm daxili, həm də xarici borclarını qapatmağa cəhd göstərir. Paşinyan hakimiyyəti üçün bu, yaxın perspektiv baxımından, yeganə çıxış yolu kimi görünür. Ancaq orta və uzaq perspektiv nəzərə alındıqda, Ermənistanın böyük sürətlə, “siyasi-iqtisadi uçuruma” doğru sürükləndiyi şübhə doğurmur.

Hər halda, Ermənistan xarici maliyyə qaynaqlarından aldığı borcları əvvəl-axır qaytarmalı olacaq. Çünki müasir dünyada heç bir dövlətə boşuna para vermirlər. Ermənistan iqtisadiyyatı isə nəhəng xarici borcları ödəyəcək qədər güclü deyil. Əksinə, Ermənistan iqtisadiyyatı dövlətin ehtiyaclarından belə çox-çox geri qalır. Bu baxımdan, Ermənistan iqtisadiyyatı xarici investisiyalara möhtacdır.

Ən önəmli məqamsa, bunun da indiki situasiyada mümkün variant olmaması ilə birbaşa bağlıdır. Çünki bir tərəfdən Ermənistan iqtisadiyyatı Qərb investisiyaları üçün cəlbedici deyil. Digər tərəfdənsə, Rusiya Ermənistan iqtisadiyyatını demək olar ki, tamamilə öz nəzarəti altına ala bilib.

Yəni, rəsmi İrəvan onilliklər boyu Rusiyadan aldığı silah-sursatı və enerji resurslarına görə borclarını Ermənistan iqtisadiyyatını Kremlin ixtiyarına verməklə ödəmək məcburiyyətində qalıb. Ona görə də, hətta Qərb investisiyaları üçün cəlbedici olsaydı belə, Rusiyanın nəzarətində olan Ermənistan müəssisələrinə sərmaye yatırılmazdı.

Təbii ki, belə situasiya rəsmi İrəvanı yalnız Ermənistanı borclandırmaqla, mövcud problemləri ən yaxın dövr üçün həll etmək məcburiyyətində buraxır. Nəticədə Ermənistan Rusiya ilə paralel olaraq, Qərbin də girovuna çevrilməkdə davam edir. Bu baxımdan, Paşinyan hakimiyyəti Ermənistan iqtisadiyyatını inkişaf etdirmək, ölkə əhalisinin sosial rifah vəziyyətini müsbətə doğru dəyişmək şansından da uzaqdır. Və Ermənistanın blokada şəraitində olduğunu da nəzərə aldıqda, Paşinyan hakimiyyətinin düşdüyü situasiyanı təxmin etmək çətinlik törətməz.

1406055.jpg (102 KB)

Məsələ ondadır ki, baş nazir Nikol Paşinyan vaxtilə sosial-iqtisadi narazılıqların doğurduğu siyasi böhranın sayəsində Ermənistanda inqilab törədərək, hakimiyyətə gəlmişdi. Ancaq erməni baş nazir inqilabi vədlərinin heç birisini yerinə yetirə bilməyib. Əksinə, Ermənistanı sosial-iqtisadi cəhətdən daha da ağır vəziyyətə salıb və əhalinin rifah halını özünün inqilab etdiyi dövrdə olduğundan da aşağı çəkib. Və bu, o deməkdir ki, Paşinyan hakimiyyəti Ermənistanda yeni inqilabi situasiya üçün münbit şərait yetişdirib.

Ermənistanda mövcud olan sosial-iqtisadi vəziyyəti təsəvvür etmək üçün baş nazir Nikol Paşinyanın hökumət üzvləri ilə iclas keçirtdiyi salonda elektrik enerjisinin tez-tez kəsilməsinə diqqət etmək belə, yetərlidir. Əslində, erməni baş nazir ölkədə situasiyanın “sosial partlayış” həddinə çatdığını anlamamış deyil. Ancaq bu vəziyyəti müsbətə doğru dəyişmək üçün maliyyə-iqtisadi resurslara malik deyil. Və bu səbəbdən də, tezliklə Ermənistanda dərin böhranın yaranacağını, kütləvi iğtişaşların baş qaldıra biləcəyinə də şübhə etmir.

Hər halda, baş nazir Nikol Paşinyanın gələn ilin ilk yarısında növbədənkənar parlament seçkiləri keçirtmək niyyətinə düşməsi də belə düşünməyə tamamilə əsas verir. Ermənistan mətbuatının hökumət dairələrindəki mənbələrə istinadən yaydığı məlumata görə, siyasi elitada bu məsələ artıq intensiv şəkilədə müzakirə edilməyə başlayıb. Üstəlik, hökumətin iclasında erməni baş nazirin bu barədə açıq mətnlə niyyətini bəyan etdiyi bildirilir.

727a7900-750d-46f4-83c3-e44561c2f561.jpg (227 KB)

Ancaq baş nazir Nikol Paşinyanın öz niyyətini məhz Ermənistan müxalifəti ilə əlaqələndirdiyi də iddia olunur. Erməni baş nazir vurğulayıb ki, növbədənkənar parlament seçkilərində yenidən qalib gələcəyinə, indiki müxalifəti isə tamamilə sıradan çıxara biləcəyinə şübhə etmir. O, parlamentə yeni müxalif qüvvələrin gətirilməsi ilə siyasi səhnənin dəyişəcəyini və qanunverici orqanın isə daha təhlükəsiz olacağını düşünür.

Maraqlıdır ki, baş nazir Nikol Paşinyanın belə bir siyasi manevr etmək şansının olduğu da qətiyyən istisna edilmir. Çünki erməni baş nazir əlində cəmləşdirdiyi administrativ resursları işə salmaqla, öz hakimiyyətini nisbətən möhkəmləndirmək imkanlarını qoruyur. Və əgər, erməni baş nazir bu niyyətini reallaşdıracaqsa, deməli, yaxın vaxtlarda konkret addımların atılmasına da başlanılacaq.

Hər halda, baş nazir Nikol Paşinyanın bir qədər tələsməsinin qaçılmaz olduğu qətiyyən şübhə doğurmur. Çünki sosial-iqtisadi böhranın dərinləşməsi istər-istəməz erməni müxalifətini də gücləndirir. Kütləvi iğtişaşlar baş verəcəyi təqdirdəsə, indiki radikal-revanşist müxalifət Ermənistan parlamentini tamamilə nəzarətə götürə və dövlət çevrilişini reallaşdıra bilər. Və bu səbəbdən də, erməni baş nazir Ermənistanda siyasi proseslər nəzarətdən çıxmamış öz rəqiblərini sıradan çıxararaq, “sözəbaxan parlament” modeli ilə hakimiyyətini möhkəmləndirmək barədə düşünür.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

23.11.2023 19:15
2940