Paşinyan erməni terrorizminin hədəfindədir: Qərar artıq verilib, “düymə”yə basılıb

Ermənistan cəmiyyətində deqradasiya prosesi iki düşmən düşərgəni fərqli “səngər”lərə yerləşdirib, erməni toplumunda Qərb tərəfdarları və Rusiyanı dəstəkləyənlərin qarşıdurması açıq müstəviyə keçir... Paşinyan hakimiyyətinin Qarabağ ermənilərinə yönəlik Ermənistana keçirtdikləri silah-sursatın təhvil verilməsi barədə tələbləri isə ciddiyə alınmır, onların radikal-terrorçu qruplaşmaların alətinə çevrilə biləcəyi istisna deyil...

Ermənistanda ölkədaxili siyasi-ictimai proseslər yeni istiqamətlər almağa başlayıb. Belə ki, Ermənistanda ciddi gərginliyin və qarşıdurma mühitinin mövcud olduğu müşahidə edilir. Halbuki, siyasi gərginlik və ya qarşıdurma meyilləri hazırda Ermənistan üçün olduqca təhlükəli proses sayıla bilər. Və bu baxımdan, Paşinyan hakimiyyətini yaxın aylarda daha ciddi daxili sınaqların gözlədiyi qətiyyən şübhə doğurmur.

Maraqlıdır ki, Ermənistan hazırda ölkədaxili siyasi böhran ərəfəsindədir. Üstəlik, bu siyasi böhranı stimullaşdıran daxili siyasi faktorların sırası da kifayət qədər genişdir. Onlardan bəziləri Paşinyan hakimiyyəti tərəfindən yaradılıb. Bəziləri isə Paşinyan hakimiyyətinə Ermənistanda maraqları olan kənar güclər tərəfindən Paşinyan hakimiyyətinə “hədiyyə” olunub. Və bu iki istiqamətin yaratdığı problemlər Ermənistan üçün yeni təhlükəli çağırışlar vəd edir.

Təbii ki, rəsmi İrəvan siyasi böhranın törədici faktorlarını ön plana çıxararkən, Ermənistan cəmiyyətinin parçalanacağını anlamamış deyildi. Sadəcə, parçalanmanın bu qədər dərinləşəcəyi həmin hesablamalarda təxmin olunmamışdı. Hər halda, Ermənistan cəmiyyətinin Rusiya düşmənlərinə və Rusiya tərəfdarlarına bölünməsi Paşinyan hakimiyyətinin məqsədyönlü siyasətinin nəticəsiydi. Və indi bu nəticə bütöblükdə Ermənistan dövlətçiliyini təhdid etməyə başlayıb.

727a7900-750d-46f4-83c3-e44561c2f561.jpg (227 KB)

Məsələ ondadır ki, indi Rusiyaya münasibətdə fərqli “səngərlər”də yer alan düşərgələrə arasında barışmaz düşmənçilik mövcuddur. Hər iki düşərgənin təmsilçiləri bir-birini Ermənistan dövlətçiliyinə xəyanət etməkdə suçlayırlar. Hətta Ermənistanın mövcudluğunu qorumaq üçün qarşı tərəflə savaşmağa hazır olduğunu da qətiyyən gizlətmir. Bu isə Ermənistan cəmiyyəti üçün həm yeni, həm də dağıdıcı problemdir.

Bəzi erməni politoloqlar hesab edirlər ki, hazırda düşərgələşmiş Ermənistan cəmiyyəti nə vaxtsa, açıq toqquşmalara yönələ, hətta bu prosesdə silahlardan belə, istifadə oluna bilər. Onların fikrincə, əgər, bu, baş verərsə, onda Ermənistanda ilk dəfə vətəndaş müharibəsi təhlükəsi reallaşmış olacaq. Və nəticədə Ermənistan cəmiyyətinin sonrakı onilliklərdə yenidən birləşməsi qəliz məsələyə çevriləcək.

Göründüyü kimi, savaşda məğlubiyyət erməni toplumunu daxili hesablaşmalara doğru yönəldib. İndi erməni toplumu öz “xəyanət enerjisi”ni daxili düşmənçiliyə sərf etməyə doğru yönəlməkdədir. Bu, ilk baxışdan, Paşinyan hakimiyyətinə sərfəlidir. Çünki Rusiya əleyhinə propoqanda Paşinyan hakimiyyətinə erməni toplumunun bir hissəsini öz arxasına almaq şansı qazandırıb. Və bu şans baş nazir Nikol Paşinyana öz hakimiyyətini nisbətən möhkəmləndirmək imkanları aça, eləcə də müəyyən mənada, yeni daxili siyasi manevrlər üçün zaman qazandıra bilər.

Ancaq bunun təhlükəli tərəfi ondan ibarətdir ki, Ermənistan cəmiyyətini Rusiya əleyhinə propoqanda və çağırışlarla parçalayarkən, Paşinyan hakimiyyəti özünə qarşı əks düşərgənin birləşməsinə, hətta bəzi ehtimallara görə, əvvəlki dövrlə müqayisədə daha da güclənməsinə səbəb olub. İndi erməni baş nazir və onun tərəfdarları əsasən radikallaşmış qüvvələri bir araya gətirmiş bu düşərgənin aqressiv siyasi-ictimai zərbələrinə də müqavimət göstərməli olacaq.

1651663701_ermenistanda-aksiya.jpg (80 KB)

Böyük ehtimalla Ermənistanda ölkədaxili müqavimət hərəkatı indiki intensivliklə güclənməkdə davam edərsə, Paşinyan hakimiyyətinin ona qarşı duruş gətirməsi o qədər də asan olmayacaq. Çünki Paşinyan hakimiyyətinə qarşı “səngərə” girən radikal düşərgəni gücləndirən olduqca ciddi iki faktor da mövcuddur. Və bu iki faktor ölkədaxili qüvvələr nisbətini Paşinyan hakimiyyətinin əleyhinə dəyişə bilər.

Birinci önəmli faktor ondan ibarətdir ki, Azərbaycanın Qarabağ regionundan Ermənistana könüllü köçən ermənilər Paşinyan hakimiyyətini dəstəkləyən sosial baza deyil. Bu kontingent Paşinyan hakimiyyətini dəstəkləyən Ermənistan əhalisi ilə kəskin ziddiyyətlər içərisindədir. Qarabağ erməniləri bütün baş verənlərə görə birmənalı şəkildə rəsmi İrəvanı günahlandırır. Eyni zamanda, onlar Ermənistanda “ikinci sort erməni” kimi münasibətlə üzləşmələrindən də ciddi şəkildə narazıdırlar və buna artıq etiraz etməyə başlayıblar.

Qarabağ erməniləri rəsmi İrəvandan onların sosial-hüquqi problemlərini dərhal ödəməyi tələb edirlər. Paşinyan hakimiyyəti Ermənistan büdcəsindən buna maliyyə vəsaiti ayırmaq niyyətində olsa da, yetərli olmayacağı qətiyyən şübhə doğurmur. Yəni, Ermənistanın daxili sosial problemlərinə bu yeni kontingentin ehtiyaclarının da əlavə olunması rəsmi İrəvan üçün daşınması ağır yükdür. Və yəqin ki, Qarabağ ermənilərinin kütləvi etirazları yaxın vaxtlarda reallığa çevriləcək.

pa.kaaa.jpg (279 KB)

Onu da qeyd etmək lazımdır ki, Rusiya meylli Qarabağ klanı da məhz bu prosesin mümkün qədər tez başlanması üçün stimulverici mərkəz rolunu oynamağa çalışır. Ən təhlükəli məqamlardan biri isə ondan ibarətdir ki, Ermənistana könüllü köçən ermənilərin əhəmiyyətli bir hissəsi Qarabağ klanına yaxın olmaqla yanaşı, həm də Rusiyanın maraqlarına dəstək verir. Və bu kontingent Ermənistana köçərkən özləri ilə gizli şəkildə silah-sursat aparmağa da nail olub.

Təbii ki, həmin silahların bir gün Ermənistanda Paşinyan hakimiyyətinə qarşı istifadə edilə biləcəyi qətiyyən istisna deyil. Rəsmi İrəvan bu reallıqdan və təhlükədən artıq duyuq düşüb. Ona görə də, Ermənistana könüllü köçən erməniləri silah-sursatı təhvil verməyə çağırmağa başlayıb. Halbuki, hələlik bu çağırışların müsbət nəticələr verdiyindən danışmaq olduqca çətindir. Və bu, Ermənistanı yaxın vaxtlarda silahlı toqquşmalar, hətta terror dövrinin gözlədiyini düşünməyə əsas verir.

Ermənistan dövlətçiliyi üçün ən real təhlükə də məhz bu faktordan qaynaqlanır. Çünki Qarabağ erməniləri Ermənistanı terror yuvasına çevirməyə hazırlaşan müxtəlif qruplaşmaların əlində alətə də çevrilə bilərlər. Belə ki, ASALA Ermənistan ərazisində davamlı terror aksiyalarına hazırlaşdığını artıq bəyan edib. ASALA baş nazir Nikol Paşinyanın və onun yaxın ətrafına qarşı tezliklə terror aktları reallaşdırcağını vurğulayıb. Bu isə o deməkdər ki, erməni baş nazir ASALA terror təşkilatının birbaşa hədəfindədir və yaxın vaxtlarda fiziki cəhətdən aradan götürülə bilər.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

07.11.2023 18:38
3181