Beləliklə, 27 yaşına çatan şəxslər ya tələb olunan iki illik xidməti keçməli, ya da 1 il xidmət edərək dövlət büdcəsinə 2,5 milyon dram (6 min 200 dollar) ödəməlidir. Alternativlər də var. Altı aylıq xidmət müqabilində 5 milyon dram (təxminən 12 min 470 dollar), bir aylıq xidmət müqabilində isə 8 milyon dram (19 min 950 dollar) ödəmək tələbi qoyulur. Yaxud da 15 milyon dram (37,4 min dollar) ödə, ümumiyyətlə, hərbi xidmətə getmə, sağ qal!
Sonuncunu ona görə yazdım ki, Ermənistanda hərbi xidmətdə olmaq ölümün bir addımlığında olmaq deməkdir. 30 il ərzində Azərbaycan ərazilərini işğalda saxlayan bu ölkə sonda minlərlə meyit daşımalı oldu İrəvandakı Üçtəpəyə - Yerablura. Baxın, artıq müharibə yoxdur, amma təkcə son həftədə erməni ordusu 4 itki verib, zabit və əsgərlər. Odur ki, Ermənistan ordusunda xidmət etməmək (oxu: ölməmək) üçün gənclər Rusiyaya, digər ölkələrə qaçırlar. Hələ bir neçə il öncə fərarilərin sayının 5 min olduğu rəsmən etiraf olunmuşdu. Amma 44 günlük müharibədə daha 12 min, həmçinin bir günlük antiterror əməliyyatın ardınca ağ bayraq qaldırıb Ermənistana keçən azı 15 min fərarini də əlavə etsək, Ermənistanın “bir ordunun sayı qədər” fərari “ordusu” var. Təsadüfi deyil ki, ötən həftə baş nazir Nikol Paşinyon ordu rəhbərliyi ilə müzakirələr keçirməkdən ötrü Müdafiə Nazirliyinə getmişdi. Faktiki olaraq Ermənistan ordusunun şəxsi heyət çatışmazlığı var, axçiləri orduya cəlb etmək niyyəti də uğursuzluğa düçar oldu. Hansı ölkədə kişilər aradan çıxdığı halda, qadınlar orduya axışar?
Belə görünür ki, Ermənistan parlamentinin qəbul etdiyi qərar həm də bu ölkənin ayıbını ört-basdır etmək niyyətindən irəli gəlib. Azərbaycana “xox” gəlməyə çalışan bu məğlub ölkənin rəhbərliyi Fransa, Hindistan silahlarını borc-xərclə alır, amma baxır ki, həmin silah-sursatları, hərbi texnikanı işlətmək üçün kadrlar bazasına malik deyil, gənclər bu, dalan ünvandan qaçırlar. Fərariləri ölkəyə qaytarmaq isə mümkünsüzdür, hətta stimullaşdırıcı yalan təkliflər, xidmət yaşına çatanların valideynlərinə təzyiqlərin edilməsi belə, işə yaramadı. Odur ki, Paşinyan hökuməti belə hesab edib ki, heç olmasa fərarilərin hesabına büdcəyə pul toplasın. Aydın məsələdir ki, fərarilərin mütləq əksəriyyəti ümumiyyətlə, Ermənistan ordusunda xidmət etmək istəməyəcək və maksimum ödəniş məbləğini ödəməyə üstünlük verəcəklər.
15 milyon dram, yəni 37,4 min dollar az pul deyil. Bu məbləği Rusiyada gizlənən 5 min erməninin ödəməsi halında Ermənistanın büdcəsi üçün nəhəng rəqəm alınır. Bu gün Qərb və Rusiya arasında vurnuxub, ölkəsinə dilənçi payı qazandırmağa çalışan Ermənistan rəhbərliyinə əslində sınıq-salxaq orduda xidmət edəcək hərbçilərdən çox, pul lazımdır. Paşinyan yaxşı bilir ki, onun ordusu heç vaxt Azərbaycanın qarşısında duruş gətirə bilməyəcək, elə isə bu orduya niyə böyük xərclər çəksin ki?
Deməli, ən yaxşısı ordunu hərraca çıxartmaq daha yaxşı variantdır. Təbii ki, burada dünyada tətbiq olunna peşəkar ordu sistemindən söhbət gedə bilməz. Bu, heç amnistiya da deyil. Sadəcə fərarilərdən pul qopartmaqdır. Xüsusilə də son il ərzində Rusiyadan Ermənistana göndərilən pul vəsaitlərinin miqdarının aşağı düşməsi dalan ölkəsində sosial vəziyyəti ağırlaşdırıb. Vaxtaşırı ölkənin ayrı-ayrı bölgələrində etiraz aksiyalarının keçirilməsi də Paşinyan üçün ciddi siqnaldır. Üstəlik, Avropa İttifaqı da Ermənistana milyardları vəd etdi, irəvandakılar umsuq oldu, nə avro gəldi, nə dollar.
Neçə müddətdir Ermənistanı bütövlükdə auksiona çıxaran, Avropa İttifaqının, ABŞ-ın maraq dairəsinə təqdim edən, “ay alan, məmləkəti Hay satıram”, deyən Paşinyan baxdı ki, başı özlərinin dərd-sərinə qarışan Qərb dünyası Ermənistan üçün böyük xərclər çəkməyə maraqlı deyil, odur ki, yeni “bazar” açdı: “pulunu ver, get, şellən!”, qanununu qəbul elədi. Əslində doğrusu budur, ümumiyyətlə, Ermənistanın bu işğaldan sonra ordu saxlamaq hüququ belə olmamalıdır!