Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Ermənistanın baş naziri Nikol Paşinyana müəllifi olduğu kitabı hədiyyə etməsi maraqla qarşılanıb.
Musavat.com Türkiyə qaynaqlarında kitabla bağlı araşdırma aparıb.
“Daha ədalətli bir dünya mümkündür” kitabının müəllifi Rəcəb Tayyib Ərdoğandır.
Nəşriyyatın yayımladığı məlumatda yazılıb ki, kitabda Ərdoğanın müasir dünya siyasətinə baxışı, ədalət axtarışları, Türkiyənin bütün insanlıq üçün ortaya qoyduğu dəyərlər təfsilatlı izah olunur. Prezident Ərdoğan “Daha ədalətli bir dünya mümkündür” kitabında Türkiyənin bütün bəşəriyyət üçün ədalət axtarışını ətraflı izah edir.
Nəşrdə müəllif qlobal siyasət başda olmaqla ədalətsizlik, qaçqın böhranı, beynəlxalq terrorizm və anti-İslamizmin dilemmalarına işarə edərək, Birləşmiş Millətlər Təşkilatının nümunəsi ilə dünyada ayrı-seçkilik və ikili standartları ortaya qoyur.
Birləşmiş Millətlər Təşkilatının legitimliyi, funksionallığı, effektivliyi, əhatəliliyi, təmsili və idarəçilik problemlərinə də diqqət çəkdiyi kitabda prezident Ərdoğan xüsusilə BMT-nin Təhlükəsizlik Şurasında hərtərəfli islahatlara ehtiyac olduğunu vurğulayır.
Ədalətin təmin edildiyi və veto imtiyazının ləğv edildiyi Birləşmiş Millətlər Təşkilatı üçün prinsipial, hərtərəfli, strateji və tətbiq oluna bilən model təklifi ilə “daha ədalətli bir dünyanın mümkün olduğunu” vurğulayan Prezident Ərdoğan kitabında bu mesajları verir:
“Uşaqların öldüyü və öldürüldüyü dünyada heç kim günahsız deyil”.
“Bu gün ədalət bütün dünyada ən çox ehtiyac duyulan məsələlərdən biridir. Təəssüf ki, qlobal ədalətin bərqərar olmasına cavabdeh olan qurumlar böyük ətalətdədirlər”.
“Şəfqətini itirmiş bir dövrdə ədalətin təmsilçisi və vicdanın səsi olmaq məsuliyyətimiz var”.
“Haqlı olan güclülərin deyil, haqqın güclü olduğu bir sistem qurulana qədər “Dünya beşdən böyükdür” deməyə davam edəcəyik”.
“Keçmişin ehtiyaclarına uyğun formalaşan qurumlarla bugünkü problemləri həll etmək olmaz. Əslində bu qurumların yeni problemlər yaratdığı göz qabağındadır”.
“Bizim anlayışımıza görə, dünyanın nizamını, qurtuluşunu və xoşbəxtliyini təmin edəcək ədalətdir. Daha ədalətli bir dünya üçün ümid və güvən verən qlobal nizama ehtiyac var”.
Turkuvaz Kitap tərəfindən nəşr olunan, ingilis, ərəb, alman, fransız, rus və ispan kimi dünya dillərinə tərcümə edilən kitabın bütün gəliri AFAD-a bağışlanır.
Siyasi şərhçi Asif Nərimanlı isə Ərdoğanın Paşinyana kitab hədiyyə etməsini belə şərh edib:
“Nyu-Yorkda yerləşən Türk Evində Ərdoğanla görüşə gedən Paşinyana Türkiyə prezidentinin “Daha ədalətli bir dünya mümkündür” kitabı verilib. Ərdoğanın kitabını görüşdüyü liderlərə bağışlaması ənənəsi var, hərçənd, burada digər məqsəd erməni baş nazirin əliboş qayıtmaması da ola bilərdi. Çünki Paşinyan Ərdoğandan “ilkin şərt” olmadan (Azərbaycan olmadan) münasibətlərə təkan verməyi istəsə də, Ankara Bakı şərtini təkrarlayıb.
Ərdoğan BMT tribunasında çıxışında da bəyan edib ki, “Bakı və İrəvan arasında münasibətlərin normallaşması Türkiyə ilə Ermənistan arasındakı əlaqələrə də təsir edəcək”. Bunun BMT tribunasından elan edilməsi Ankaranı Bakının maraqlarını nəzərə almadan İrəvanla danışıqlara getməyə məcbur etmək istəyən qüvvələrə də açıq mesajdır”.
Nigar Həsənli,
Musavat.com