Cənubi Qafqaz tarixin təkrar olunduğu örnəkləri qabarıq şəkildə nümayiş etdirən bir regiondur. Bütün dünya bu regionda baş verənlərdən mütləq lazımi nəticələr çıxartmalıdır. Ermənistanın hazırda üzləşdiyi situasiya ən önəmli tarixi örnəkdir.
Məsələ ondadır ki, 30 il əvvəl - keçmiş SSRI-nin dağıldığı və sovet respublikalarının yenicə müstəqillik qazandığı dövrdə Ermənistan Rusiyanın dəstəyi ilə Azərbaycan ərazilərini işğal edirdi. Həmin dövrdə Azərbaycanda hökm sürən hakimiyyət uğrunda mübarizə və ölkədaxili xaos Rusiyanın himayə etdiyi Ermənistanın işğalçılıq planlarının reallaşdırılmasını asanlaşdırırdı. Və nəticədə Ermənistan Azərbaycanın 20 faiz ərazilərini 30 ilə yaxın bir müddətdə işğal altında saxlamağa nail olmuşdu.
İndisə tarix eynilə təkrar olunur. Sadəcə, rollar, situasiya və proses tamamilə fərqlidir. Yəni, bu dəfə ötən müddət ərzində Azərbaycan güclənib, işğal altında olan ərazilərini azad edir. Bunun nəticəsində isə Ermənistanda hakimiyyət uğrunda mübarizə ölkədaxili xaosa yol açıb. Rəsmi İrəvanın Kremllə münasibətləri korlanıb, Rusiya daha Ermənistana əvvəlki dəstəyi həm verə bilmir, həm də vermək istəmir.
Ona görə də, indi Ermənistan Azərbaycanın "dəmir yumruğu" qarşısında təklənib və aciz duruma düşüb. Ermənistanın beynəlxalq himayədarları da artıq Ermənistanı əvvəlki kimi müdafiə edə bilmirlər. Azərbaycanın beynəlxalq məkanda güclənən nüfuzu və Qərb ölkələri üçün artan əhəmiyyəti Ermənistanı ənənəvi dəstəkdən məhrum buraxır.
Nəticədə heç bir dövlətçilik ənənəsi və siyasi-diplomatik şüuru olmayan Ermənistan rəsmi idarəçilik mexanizmlərini də itirməyə başlayıb. Daha doğrusu, Ermənistanda ümumiyyətlə, belə mexanizmlərin, siyasi idarəçilik sisteminin olmadığı Azərbaycanın "dəmir yumruq" zərbəsi sayəsində qabarıq şəkildə ortaya çıxmaqdadır. Və bu reallıq BMT Təhlükəsizlik Şurasında keçirilən son müzakirələrdə də Ermənistanı beynəlxalq məkanda rəzil duruma saldı.
Birincisi, Ermənistan və onun əsas beynəlxalq himayədarı Fransa BMT Təhlükəsizlik Şurasında keçirilən "Qarabağ müzakirələri"ni böyük fərqlə uduzdular. Bu qurum Azərbaycana qarşı heç sənəd qəbul etmədi, irad bildirmədi. Yəni, rəsmi Bakı Ermənistan və Fransa üzərində növbəti parlaq siyasi-diplomatik qələbəsini qazandı.
Digər tərəfdən, Azərbaycan diplomatiyası Ermənistanı BMT Təhlükəsizlik Şurasında yalançı və iftiraçı tərəf durumuna da salıb, biabır etdi. Belə ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycan ordusunun Qarabağda lokal antiterror tədbirləri nəticəsində mülki əhalinin çoxlu sayda itkilər verdiyini iddia etdi.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov isə erməni nazirin yalan danışdığını, Azərbaycana iftira atdığını elə Ermənistan baş naziri Nikol Paşinyanın açıqlamasına istinad etməklə, sübuta yetirdi. Çünki erməni baş nazir Azərbaycan ordusunun mülki əhalini hədəf alması barədə iddiaların dezinformasiya olduğunu rəsmən bəyan etmişdi.
Belə anlaşılır ki, Ermənistanın xarici işlər nazirinin bu ölkənin hökumət başçısının açıqlamalarından ya xəbəri yoxdur. Ya da Ermənistan dövlətində siyasi sistem çöküb və koordinasiya itib. Yəni, indi rəsmi İrəvan Qarabağ və bölgədə yaşayan erməni azlığı barədə düşünmək əvəzinə məhz Ermənistan dövlətçiliyin gələcək taleyi haqda düşünməlidir.
Məsələ ondadır ki, Ermənistan dövlətinin gələcək taleyinə qarşı ciddi təhlükələr mövcuddur. Üstəlik, bu təhlükə Azərbaycan və Türkiyə tərəfindən törədilmir. Əksinə, hazırda rəsmi İrəvanın Qərbə yaxınlaşmaq cəhdləri Ermənistanı məhz onun hərbi müttəfiqi olan Rusiyanın açıq hədəfinə çevirib. Və bunu baş nazir Nikol Paşinyan da birmənalı şəkildə bəyan etməkdədir.
Maraqlıdır ki, son açıqlamasında erməni baş nazir Ermənistanın müttəfiqlərinin bu ölkənin müstəqil dövlət kimi mövcudluğunun mümkün olmadığını sübuta yetirməyə çalışdıqlarını bildirib: "Ermənistan öz müttəfiqlərinə heç vaxt xəyanət etməyib. Ancaq indiki situasiya Ermənistanın uzun illər ümid bəslədiyi müttəfiqlərin erməni xalqının müstəqil mövcudluğunun mümkünsüzlüyünü qabartmaqla məşğul olduğunu göstərir".
Erməni baş nazirin bu açıqlaması Rusiya siyasi dairələrində və mətbuatında kəskin reaksiya doğurub. Rusiya mətbuatı bu açıqlamanı rəsmi İrəvanın Ermənistana müharibə elan etməsi kimi xarakterizə edib. Rusiya siyasi dairələrində isə baş nazir Nikol Paşinyanın Rusiya əleyhinə bu açıqlaması rəsmi İrəvanın Kremllə bütün "körpələri yandırmaq" və münasibətləri kəsmək cəhdi kimi dəyərləndirilir. Və Ermənistanın KTMT-nı tərk etməsinin ən yaxın vaxtlarda atılacaq yolverilməz addım hesab olunur.
Maraqlıdır ki, Kremlə yaxın siyasi dairələr Ermənistanın KTMT-dan çıxmaq cəhdlərinə paralel olaraq, bu ölkədə olan Rusiya hərbi bazalarının NATO dövlətlərinə bağlı silahlı qüvvələrlə əvəzlənməsi variantının da artıq işə salındığına əmindirlər. Onların fikrincə, Kremlin belə uğursuz situasiya ilə üzləşməsində onilliklər boyu Azərbaycanı ittiham edib, Ermənistana lobbiçilik xidməti göstərənlərin də xüsusi günahı var. Çünki onların Azərbaycana qarşı fəaliyyəti dövründə Ermənistanda sadəcə, Rusiya əleyhinə əhval-ruhiyyə güclənib, Paşinyan hakimiyyətinin dayaqları möhkəmlənib. Yəni, Kremlin erməni propoqandası əslində, iflasa uğrayıb və Rusiyaya qarşı bumerang effekti verir.
Ona görə də, indi Kremldə Ermənistanla bağlı təxirəsalınmaz addımların atılması vacib hesab olunur. Hər halda, Ermənistanın böyük sürətlə Rusiyadan uzaqlaşıb, ABŞ və Qərbin təsir zonasına çevrilməkdə olduğu açıq şəkildə etiraf edilir. Hələlik Kremlin Ermənistanda dövlət çevrilişi metodu ilə vəziyyəti xilas etmək şansına ümidləri tam itirməyiblər. Və bu istiqamətdə müəyyən planların işə salındığı, Rusiyanın Ermənistandakı "5-ci kalon"unun hərəkətə gətirildiyi də inkaredilməz reallıqdır.
Ancaq hələlik Kremlin dövlət çevrilişi variantı üzrə böyük uğurlar qazana biləcəyini düşünmək üçün də elə bir ciddi səbəb müşahidə olunmur. Çünki Paşinyan hakimiyyəti hələlik Rusiyaya bağlı revanşist siyasi qüvvələrə qarşı müqavimət göstərib, duruş gətirməyi bacarır. Belə vəziyyət isə Kremlin Ermənistanda Rusiyaya bağlı siyasi qüvvələri yenidən hakimiyyətə gətirmək planlarının iflasa uğrama ehtimallına inandırıcı görüntülər verir.
Rusiyanın son davranışları Kremlin Ermənistan problemini daha fərqli plan üzrə həll etmək barədə düşündüyünü də göstərir. Kremldə hesab edirlər ki, Ermənistan Rusiya siyasi sisteminin icad etdiyi dövlət olduğundan onun gələcək taleyini müəyyən etmək hüququna sahibdirlər. Bəzi məlumatlara görə, Paşinyan hakimiyyətinin devrilməsi mümkün olmazsa, onda Ermənistan dövlətinin ümumiyyətlə, demontaj edilməsi ssenarisi işə salına bilər. Baş nazir Nikol Paşinyanın son açıqlaması rəsmi İrəvanın da bu ssenarinin mövcudluğundan xəbərdar olduğunu göstərir.
Digər tərəfdən, Kreml də demontaj ssenarisinin işə salına biləcəyini qətiyyən göstərmir. Rusiya Dövlət Dumasının deputatı Yevgeni Fedorovun “Ermənistan mövcudluğunu itirəcək" deməsi də erməni toplumuna son dolayısı xəbərdarlıq mesajı kimi görünür. Çünki rus deputat "Rusiya Ermənistan ərazisinə nəzarəti bərpa edəcək. Orada qubernatorluq olacaq” deməklə, Kremlin yekun hədəfini bəyan edib. Yəni, belə anlaşılır ki, Paşinyan hakimiyyəti devrilməzsə, Rusiya demontaj planını işə salaraq, Ermənistan dövlətini ümumiyyətlə, ləğv etmək niyyətindədir.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu