Musavat.com Ermənistan mediasına istinadən bildirir ki, keşiş Baqrat Qalstanyanın 9 iyuna təyin etdiyi mitinq qatılanların saylarının azlığı ilə fərqlənib. Paşinyana yaxın media quruluşları 3 aksiyanın foto-kollajından ibarət müqayisəli material yayaraq, keşiş Baqratın timsalında baş qaldıran kilsə hərəkatının söndüyünü və son dərəcə zəiflədiyini iddia edirlər.
Onlardan biri belə yazır: "Bir ay ərzində tərəfdarlarınızın sayının yarıdan çox azalması üçün siz nə qədər yaramaz və siyasi axmaq olmalısınız?"
Görünən budur ki, baş nazir Paşinyan maraqlı "siyasi texnologiya" nümayiş etdirərək Baqratın "ocağını" söndürə bildi. Bu "siyasi texnologiya" dediyimiz isə "Tavuş naminə Ermənistan" adlandırılan kilsə hərəkatına tam etinasız reaksiya və əhəmiyyət verməmək oldu. Keşiş Qalstanyanın aksiyalarının davam etdiyi zaman periodunda Paşinyan xarici səfərlərindən qalmadı, arvadı Anna ilə ölkə daxilində səyahətlər etdi, fəlakət bölgələrini, o cümlədən də keşişin arxiyepiskop olduğu Tavuşu gəzdi-dolaşdı.
Demirik ki, nəticə buna görə təyin olundu. Görünən budur ki, erməni xalqı revanşistlərin və avantüristlərin arxasınca getmir, sülh və normallaşma prosesindən ciddi gözləntiləri vardır.
Küçə hərakatından və mediadan siyasətə gələn Paşinyan öz xalqının nəbzini yaxşı tutub və indiki anda özünün yürütdüyü xəttin alternativsizliyinə inanır.
Keşiş Baqrat isə bu dəfə Ermənistanda 4 günlük tətil elan edib.
Ermənistan mediası bu xəbəri belə ifadə edib: "Baqrat müxalifət və hökumət deputatlarına növbədənkənar sessiya çağırmaq və Nikol Paşinyana etimad göstərməmək üçün 4 gün vaxt verib.
Yada salaq ki, düz bir ay əvvəl həmin tribunadan Nikol Paşinyana istefa vermək üçün bir saat vaxt vermiş, sonra isə 7-10 gün ərzində hakimiyyət dəyişikliyinə nail olacağını bəyan etmişdi. Bir ay sonra, əslində, bu açıqlamalardan sonra məlum olur ki, Baqratın planlarını həyata keçirmək üçün 4 gün ona yetməyəcək".
Yekunda Musavat.com onu da bildirir ki, Paşinyanın media quruluşları İrəvanda keçirilən mitinqləri havadan da görüntüləyiblər. Həmin görüntülərə görə iddia edilir ki, keşişin mitinqlər dəfələrlə zəifləyib.
Həmin videonu təqdim edirik.
Musavat.com