Ermənistan rəhbərliyi “sülh göyərçini” qismində; Bakıdan sərt və tutarlı cavablar: “Ermənistanın praktiki addımları vacibdir, saxta bəyanatları yox...”
Ermənistan Azərbaycana sərhədlərin delimitasiyası prosesinin davam etdirilməsi ilə bağlı yazılı təkliflər təqdim edib. Ermənistanın baş naziri Nikol Paşinyan belə deyib. “Biz prosesin davam etdirilməsinin məntiqi və konkret istiqaməti ilə bağlı Azərbaycana yazılı təkliflər vermişik. Hazırda onların cavabını gözləyirik”, - o qeyd edib.
Paşinyanın sözlərinə görə, təkliflər həm delimitasiyaya yanaşmalara, həm də işin davam etdirilməsi ilə bağlı konkret sahələrə aiddir. İlkin razılığa əsasən, tərəflər şimaldan cənuba - Ermənistan, Azərbaycan və Gürcüstan sərhədlərinin təmas nöqtəsindən İran sərhədinə doğru hərəkət etməyi planlaşdırırlar. Erməni tərəfi delimitasiyanın növbəti mərhələnin hansı sahədə başlaya biləcəyini göstərib. Baş nazir prosesi dalana dirənmiş hesab etmədiyini vurğulayıb və Ermənistan xalqı adından sazişi imzalamağa hazırdır. Paşinyan özünün Facebook səhifəsində belə yazıb. Paşinyan Azərbaycanın sülh sazişinin rəsmi səviyyədə imzalanması üçün irəli sürdüyü iki şərtə də münasibət bildirib. O, ATƏT-in Minsk Qrupunun buraxılması ilə bağlı birinci şərti artıq qəbul etdiklərini deyib. Baş nazirin sözlərinə görə, rəsmi İrəvan təklif edir ki, Ermənistan və Azərbaycan eyni vaxtda həm sülh sazişini, həm də ATƏT-in Minsk Qrupunun ləğvi ilə bağlı birgə bəyanatı imzalasınlar. “Sülh sazişini və ATƏT-in Minsk Qrupunun strukturlarının ləğvi ilə bağlı birgə bəyanatı masaya qoymaq və həm birincini, həm də ikincini eyni yerdə, eyni vaxtda imzalamaq. Bu, rəsmi təklifdir”, - baş nazir vurğulayıb. Paşinyanın sözlərinə görə, sülh müqaviləsi həm Ermənistanda, həm də Azərbaycanda ratifikasiya edildikdən sonra ən yüksək hüquqi qüvvəyə malik olacaq. Məncə, Ermənistanın yeni konstitusiyasının mətnində müstəqillik bəyannaməsinə istinad olmamalıdır.
Xatırladaq ki, Ermənistan Konstitusiyasında istinad edilən müstəqillik bəyannaməsində Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları var. Rəsmi Bakı sülh müqaviləsinin imzalanması üçün bu istinadın konstitusiyadan çıxarılmasını tələb edir. Bu, sülh sazişinin imzalanması üçün rəsmi Bakının əsas tələbidir.Ermənistanda konstitusiya dəyişikliyinə dair referendumun gələn il keçirilməsi gözlənilir.
Bu arada Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan sensasion açıqlama ilə çıxış edərək deyib ki, bəzi ölkələr sülh müqaviləsinin öz paytaxtlarında imzalanmasını təklif etsələr də, Ermənistan tərəfi bu sənədin bilavasitə sərhəddə imzalanmasını istəyir.
Ekspertlərimiz də hesab edirlər ki, bütün bu manevrlər, sülh bəyanatları “sülh göyərçini” obrazına bələnmiş rəsmi İrəvanın işə saldığı növbəti hiyləgər taktikadan xəbər verir.
Elçin Mirzəbəyli
Deputat Elçin Mirzəbəyli Ermənistan rəhbərliyinin səsləndirdiyi iddialarla bağlı “Yeni Müsavat”a maraqlı açıqlamalar verib: “Azərbaycanın irəli sürdüyü şərtlər Ermənistanla razılaşdırılmış sülh müqaviləsinin ayrı-ayrı müddəalarının tərkib hissəsidir və indiki halda bu şərtlərin yerinə yetirilmədiyi təqdirdə müqavilənin imzalanması mümkün deyil. Klassik erməni "məntiqi", uzun illər boyu müşahidə etdiyimiz kimi hüquqa deyil, özlərinə təlqin etdikləri mif və tarixi nağıllara söykənir. Ermənistanın siyasi rəhbərliyinin və bütövlükdə toplumun fəal hissəsinin də yanaşmalarından göründüyü kimi, onlar hüquqi məntiqlə düşünə bilmir və yaxud düşünmək istəmirlər. Məlum olduğu kimi, 17 paraqrafdan ibarət razılaşdırılmış mətndə ərazi bütövlüyü, suverenlik və digər bu kimi mühüm amillərə təhdid yaradan faktorlardan imtina edilməsi yer alıb. Azərbaycanın da irəli sürdüyü şərtlər sülh müqaviləsi ilə ziddiyyət təşkil edən məqamların aradan qaldırılmasıdır. Məsələn, əgər Ermənistanın müstəqillik bəyannaməsində Azərbaycan ərazisinin bir hissəsinin Ermənistana birləşdirilməsinin zəruriliyi vurğulanırsa, həmçinin bu ölkənin konstitusiyasında müstəqillik bəyannaməsində yer alan istiqamətlər dövlətin və xalqın qarşısında vəzifə qoyulursa, o zaman hansı əsaslarla Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığı barədə öhdəliyinə etimad göstərmək olar? Yaxud əgər razılaşdırılmış mətndə qeyd olunduğu kimi, tərəflər beynəlxalq səviyyədə qarşılıqlı iddialardan əl çəkirlərsə, o zaman Ermənistan hansı səbəblərdən ömrünü de-fakto və həm də rüsvayçılıqla başa vurmuş ATƏT-in Minsk Qrupunun geri çağırılması üçün müraciət imzalamaq istəmir? Daha doğrusu, bu müraciəti sülh müqaviləsi ilə eyni vaxtda imzalamaq istəyir?" E.Mirzəbəylinin sözlərinə görə, sadə hüquqi məntiq isə diqtə edir ki, dövlətlərarası münasibətlərin bərpasına mane olan bütün amillər aradan qaldırılmasa, sülh müqaviləsinin imzalanması mümkün deyil və bu, hüquqi baxımdan da məntiqsizdir: “Bu baxımdan da, Prezidentin qeyd etdiyi kimi, top Ermənistanın meydanındadır. Rəsmi İrəvan ya Azərbaycanın sülh müqaviləsinin mətninə uyğun irəli sürdüyü şərtləri təxirə salmadan yerinə yetirməlidir, ya da "top" sözünün Azərbaycan dilində başqa bir anlam verdiyini də nəzərə almalıdır".
Tural İsmayılov
Sosial Tədqiqatlar Mərkəzinin baş mütəxəssisi, siyasi şərhçi Tural İsmayılov qeyd edib ki, Ermənistan müxtəlif platformalarda, əlinə düşən bütün imkanlardan istifadə edərək Azərbaycanı ittiham etməyə və sülh prosesindən yayınmağa çalışır: “Ermənistanın həyata keçirdiyi siyasət faktiki olaraq regionda xaosa, qarışıqlığa və dağıdıcılığa xidmət edir. Bu tendensiya Antalya Diplomatiya Forumunda da özünü bir daha göstərdi. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın çıxışı bir daha təsdiqlədi ki, Ermənistan hələ də diplomatik manevrlərlə real sülh prosesindən yayınmaq niyyətindədir. Ermənistan həm konstitusiyada dəyişikliklər etmək, həm də ATƏT-in Minsk Qrupunun ləğvi ilə bağlı üzərinə götürdüyü öhdəliklərdən yayına bilmək üçün müxtəlif diplomatik manipulyasiyalara əl atır”. T.İsmayılov bildirdi ki, ən yüksək diplomatik platformalarda belə destruktiv davranış nümayiş etdirməsi bu ölkənin hələ də real sülhə hazır olmadığını göstərir: “Hətta Ermənistanın hazırda təklif etdiyi şərtlərlə sülh müqaviləsi imzalansa belə, bu, gələcəkdə yeni problemlərin yaranmasına zəmin yarada bilər. Çünki bu halda Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları qüvvədə qalacaq və ATƏT-in Minsk Qrupunun ləğvi ilə bağlı konkret addımlar atılmayacaq”. Ekspert əmindir ki, Ermənistanın indiki yanaşması əsasında sülh müqaviləsinin imzalanması mümkün deyil: “Cənubi Qafqazda davamlı sabitlik və rifahın təmin olunması üçün Ermənistan ilk növbədə konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddialarını ləğv etməli, eyni zamanda real sülhə sadiqliyini əməli addımlarla sübut etməlidir. Yalnız bu halda bölgədə sağlam münasibətlər sistemi qurmaq və uzunmüddətli əməkdaşlıq mühiti yaratmaq mümkün olacaq”.
A.Mirzoyanın “sərhəddə sülh imzalamağa hazırıq” məzmunlu bəyanatına gəldikdə, T.İsmayılov bunları söyləyib: “Faktiki olaraq bu gün Ermənistan ATƏT-in lazımsız Minsk Qrupunun ləğvi ilə bağlı səmimi mövqe ortaya qoymur və məsələni manipulyasiya etməyə çalışır. Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması, sülh müqaviləsinin imzalanması üçün Minsk Qrupu birmənalı şəkildə ləğv edilməlidir. Ermənistan bunu da yaxşı başa düşür. Şərt irəli sürmə lüksü olmamasına rəğmən, rəsmi İrəvan Azərbaycana qarşı müəyyən şərtlər diktə etməyə çalışır. Ararat Mirzoyanın sülh müqaviləsinin imzalanması ilə ATƏT-in Minsk Qrupunun eyni gündə ləğv edilməsi barədə açıqlamaları səmimi, ədalətli və obyektiv deyil. Hesab edirəm ki, Azərbaycan heç bir zaman bu tip sayıqlamalarla razılaşmayacaq. Ermənistanın praktiki addımları vacibdir, saxta bəyanatları yox”.
E.PAŞASOY,
“Yeni Müsavat”