Cənubi Qafqazda hərbi-siyasi qarşıdurma yaratmaq niyyəti güdən regiondan kənar güclərin əsas planları artıq reallaşma şansından böyük sürətlə uzaqlaşmağa başlayıb. Hər halda, son proseslərin ilkin nəticələri Ermənistan üzərindən Cənubi Qafqazda geopolitik gərginlik yaratmaq məqsədilə qurulmuş ssenarilərin baş tutmayacağını göstərir. Və bu baxımdan, regionda “yeni savaşın sponsorları”nın məyus olmaq üçün kifayət qədər ciddi səbəbləri olmamış deyil.
Onu da qeyd etmək lazımdır ki, “erməni üçlüyü” – diaspor, kilsə və Qarabağ klanı ağır siyasi-ideoloji məğlubiyyətə uğramaq üzrədir. Üstəlik, yaxınlaşan məğlubiyyət həm də “erməni üçlüyü”nün nüfuzuna vurula biləcək ən sarsıdıcı zərbəni də vəd edir. Hər halda, Paşinyan hakimiyyətinə yaxın bəzi erməni politoloqların da dediyi kimi, kilsənin mifləri artıq sürətlə dağılmağa, öz əhəmiyyətini itirməyə başlayıb. Və bu baxımdan, erməni toplumunun yeni siyasi-ideoloji “dəyərlər” axtarışına çıxması da qaçılmaz olacaq.
Ancaq Ermənistan gələcək taleyinin xilas edilməsində axtarışlardan daha çox mövcud reallıqların qəbul edilməsinə ehtiyac var. Çünki Ermənistan məğlub dövlətdir və yaxın gələcəkdə bu “status”undan xilas olmaq şansı mövcud deyil. Deməli, indi erməni toplumu mövcud regional reallığın təsirlərinə daha həssas yanaşmaq barədə düşünsə, yaxın gələcəyə yönəlik rasional siyasi düşüncə formalaşdırmaq şansına da yaxınlaşa bilər. Əks halda, Ermənistanı mövcud geopolitik şərtləri inkar etməklə, dövlətçiliyini itirərək, “xəyali keçmişə” dönmək təhlükəsi də gözləyir. Və indi erməni toplumunun aşmalı olduğu ən ciddi sədd də elə bundan ibarətdir.
Maraqlıdır ki, belə situasiya Ermənistan cəmiyyətini xaos və ya dövlət şüuru arasında prinsipial seçim məcburiyyətində buraxır. Hər halda, radikal-revanşist “erməni üçlüyü” növbəti dəfə Paşinyan hakimiyyətini məğlub etməyi bacarmadı. Yəni, indi erməni radikal-revanşist düşərgə regional gərginlik faktorlarının qorunmasında çətinlik çəkir. Hətta hesab etmək olar ki, “kilsə qiyamı” bu qaragüruh düşərgənin Paşinyan hakimiyyətini devirmək üçün sonuncu cəhdi idi. Və bundan sonra rəsmi İrəvanın Ermənistan cəmiyyəti üzərində təsir mexanizmlərinin daha da güclənmə ehtimalı kifayət qədər inandırıcıdır.
Məsələ ondadır ki, “kilsə qiyamı” məhz Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiya prosesini əngəlləmək məqsədilə başladılmışdı. Daha sonra “erməni üçlüyü” qiyamı bütün Ermənistan ərazisinə yaymaq ümidilə etiraz dalğasının mərkəzini paytaxt İrəvana yerləşdirməyə cəhd göstərdi. Ancaq indi “kilsə qiyamı”nın təşkilatçısı olan Baqrat öz tərəfdarlarını yenidən sərhəd bölgəsinə qaytarmağa çalışırsa, deməli, həmin cəhdlər artıq boşa çıxıb. Və böyük ehtimalla erməni diasporunun “kilsə qiyamı”na ayırdığı külli miqdarda maliyyə vəsaiti artıq mənimsənilib.
Bütün bunlar onu göstərir ki, Paşinyan hakimiyyətinin devrilməsi ilə bağlı planlar baş tutmadı, boşa çıxdı. Ona görə də, rəsmi İrəvan tezliklə daha sərbəst siyasi qərarlar qəbul etmək şansı qazana bilər. Hər halda, Paşinyan hakimiyyəti daxili təzyiq mexanizmlərinin təsirindən tədricən uzaqlaşmaqdadır. Yəqin ki, təzyiq mexanizmləri – “erməni üçlüyü” müqavimət potensialı getdikcə effektivliyini tamamilə itirəcək. Və bu halda, Paşinyan hakimiyyəti daha sərt daxili siyasət kursuna cəsarət etmək şansı qazana bilər.
Bəzi məlumatlara görə, baş nazir Nikol Paşinyan ən yaxın perspektivdə erməni kilsəsi üzərində tam qələbə qalanmaq planları qurur. Bu qələbə isə erməni baş nazirə indikindən daha fərqli Ermənistan modeli yaratmaq üçün olduqca vacibdir. Çünki baş nazir Nikol Paşinyan “real Ermənistanı” “xəyali Ermənistan”dan ayırmaq niyyətində olduğunu qətiyyən gizlətmir. Erməni baş nazir əmindir ki, “erməni üçlüyü”nün israrla müdafiə etdiyi “xəyali Ermənistan” “real Ermənistanı” sıradan çıxarıb, məhv edə bilər.
Maraqlıdır ki, baş nazir Nikol Paşinyan “real Ermənistanı” xilas etməyin yeganə yolunu bildiyini də qabarıq şəkildə birizə verməyə çalışır. Onun fikrincə, erməni toplumu kənardan dəstək gözləmək vərdişlərindən və ənənəsindən uzaqlaşmalıdır. “Real Ermənistanı” qorumaq üçün ilk növbədə sərhəd qonşuları ilə münasibətlərini yeni şərtlərə uyğunlaşıdıraraq, normallaşdırmalıdır. Erməni baş nazir sərhəd qonşuları ilə münasibətlərin normallaşdırılmasından danışarkən, ilk növbədə Azərbaycan və Türkiyəni nəzərdə tutur. Hər halda, Ermənistanın digər iki sərhəd qonşusu – İran və Gürcüstan ilə münasibətləri nisbətən normaldır.
Ona görə də, erməni baş nazir hesab edir ki, “real Ermənistan”ın xilası ilk növbədə Azərbaycan və Türkiyə ilə münasibətlərin keyfiyyətindən asılıdır. Rəsmi İrəvan son vaxtlar ABŞ və Qərbin dəstəyinə olan ümidlərini də demək olar ki, arxa plana keçirtdiyini sezdirir. Çünki ABŞ və Qərbin Ermənistanı növbəti savaşın fəlakətli nəticələrindən xilas etməyə həvəs göstərməyəcəyini artıq anlamağa başlayıb. Və bu səbəbdən də, regional hədəflərinə yenidən baxmaq, düzəlişlər etmək məcburiyyətində qalıb.
Bütün bunlara əsasən, baş nazir Nikol Paşinyanın Azərbaycan və Türkiyə ilə paralel normallaşma prosesinə daha çox üstünlük verdiyini sezdirir. Belə ki, bu paralel prosesdə erməni baş nazirin iki önəmli hədəfinin olduğu bildirir. Birincisi, Türkiyə ilə siyasi-diplomatik münasibətləri qaydasına qoyaraq, sərhədləri açmaq, iqtisadi-ticari əlaqələr qurmaqla, Ermənistana yeni və daha etibarlı maliyyə qaynağı yaratmaqdır. Və bu hədəfin baş tutması isə birmənalı şəkildə digər hədəfdən asılıdır.
Məsələ ondadır ki, Ermənistanın Türkiyə ilə münasibətləri məhz Azərbaycanla sülh sazişi imzalanmasından keçir. Əks halda, rəsmi Ankara Ermənistanla mövcud münasibətlərin məzmun və keyfiyyətinə yenidən baxmaq, düzəlişlər etmək niyyətində olmadığını qətiyyən gizlətmir. Ona görə də, Paşinyan hakimiyyəti ən qısa zamanda Azərbaycanla sülh sazişinin imzalanmasına can atır.
Baş nazir Nikol Paşinyan bu məsələyə yalnız Ermənistanın xilası deyil, həm də öz siyasi hakimiyyətinin uzadılmasına geniş imkanlar açmaq məqsədi üzərindən baxır. Bu, onu göstərir ki, Paşinyan hakimiyyəti indi əsas ümidini Qərbə deyil, məhz Türk İttifaqına bağlayıb. Və həmin ümidlərin doğrulma ehtimalı isə məhz yekun sülh sazişinin sürətlə imzalanma mərhələsinə keçirilməsindən birbaşa asılıdır.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu