“Paşinyan Azərbaycanın tələbləri qarşısında geri çəkiləcək, çünki...” - Xaçatryan

“Azərbaycanın bütün tələbləri, o cümlədən 4 kənd tələbi qarşısında Paşinyan geri çəkiləcək”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu müxalif “Ermənistan” blokundan olan deputat, daşnak Artur Xaçatryan jurnalistlərlə söhbətində deyib.

“Paşinyanın dünənki bəyanatından 2-3 gün əvvəl Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayevin ofisi bəyan etdi ki, Ermənistan çox uzatmadan bu əraziləri dərhal azad etməlidir. Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan da açıq şəkildə bildirdi ki, bizim 4 kəndlə problemimiz yoxdur, qalan kəndlərin məsələsi demarkasiya prosesində həll olunacaq. Əgər bütün ərazinin demarkasiyası olmalıdırsa, qoy bütün məsələ kompleks şəkildə - demarkasiya və delimitasiya prosesində həll olunsun”, - deyə Xaçatryan bildirib.

Erməni deputat “Azərbaycan bu 4 kəndi niyə israrla istəyir?” sualına belə cavab verib:

“Bu, ən strateji əhəmiyyət kəsb edən ərazilərdən biridir. Azərbaycan heç bir səy göstərmədən bu ərazini ələ keçirsə, o zaman Ermənistanın bütün şimal-şərqi müdafiəsiz qalacaq və Azərbaycanın danışıqlar gücü xeyli yaxşılaşacaq. Onlar hər şeyi tələb edə bilərlər, əgər Ermənistan rəhbərliyi buna müqavimət göstərməyə çalışsa, oradan növbəti işğal ola bilər. Əvvəlcə bu 4 kəndi istəyəcəklər, sonra başqa kəndləri istəyəcəklər, sonra deyəcəklər ki, sərhəd çəkilməyib, kim deyib ki, filan təpə Ermənistana məxsusdur. Eyni arqumentləri Cermuk ətrafındakı ərazilərlə bağlı irəli sürürlər”, - deyə Xaçatryan söyləyib.

Erməni deputata görə, əgər bu 4 kənd geri qaytarılsa, o zaman Gürcüstana gedən yol Azərbaycanın nəzarətində olacaq.

“Bütün hücumlar strateji nöqtələrdə baş verib. Bu, yollara nəzarət edən təpələrdir və oradan Ermənistanı yarıya bölmək asandır. Paşinyan xalqla sadə şantaj dili ilə danışır: “Bunu verməsək, yeni müharibə olacaq, camaat, bunu istəyirsiniz? Bəli, onlar 4 nəfəri öldürdülər, amma nəsə etsək, sabah 40 nəfəri öldürə bilərlər. Əgər biz öz hüquqlarımız uğrunda mübarizə aparsaq, İrəvanı da itirə bilərik””, - deyə Artur Xaçatryan iddia edib.

Musavat.com

13.03.2024 17:41
1013